“İlk dəfədir ki, Mahirin hansısa qalmaqallı situasiyasında onu anlayışla qarşılayıram”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu İTV-də yayımlanan “Bol idman” verilişinin qonağı olan “Zirə” Futbol Klubunun baş məşqçisi Rəşad Sadıqov deyib.

Gənc mütəxəssis azarkeş hücumuna məruz qaldığı üçün “Legiya”dan ayrılmaq qərarına gələn Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin addımını dəstəkləyib: “Hadisə baş verdikdən iki gün sonra özü ilə də danışdım. Əvvəlcə elə bildim ki, mətbuat bu məsələni şişirir. Çünki bundan öncə də “Legiya”nın futbolçuları azarkeş hücumuna məruz qalmışdı. Ancaq bu dəfə Mahirə avtobusda əl atıblar. Onunla hadisəni detallı danışdım. İlk dəfədir ki, onun bu qərarını dəstəkləyirəm”.

Sadıqov baş verən hadisələrə görə, birbaşa klub rəhbərliyini günahlandırıb. O, varşavalıların gec hərəkət etdiyi qənaətindədir: “Hələ bu hadisədən iki ay əvvəl “Legiya” uğursuz çıxış etdiyi zaman fan-klub üzvləri komandanın avtobusuna girib və futbolçularla çox sərt şəkildə danışıblar. Hətta bildiriblər ki, sizinlə bazanın qarşısındakı azarkeşlər danışsın, yoxsa biz? Bizi eşidəcəksiniz, yoxsa onları? Artıq bir dəfə belə ciddi təhdid olub. Ümumiyyətlə, “Legiya” azarkeşləri sərtliyi ilə məşhurdur. Burada azarkeşi qınamıram. Bu, onların öz yanaşması, tərbiyə metodudur.

Buna görə, klub idarəçilərini qınayıram. Artıq bir dəfə belə hadisə baş vermişdi. İkinci olayda isə komanda bazasına gələrkən onları orada azarkeş kütləsinin gözlədiyi məlumatı kluba daxil olmayıb? Görürsünüz ki, təhdidlər var, niyə təhlükəsizlik təmin olunmur? Komandanın qapısı niyə asanlıqla açılır və azarkeş ora daxil olub Mahirə və başqa futbolçuya əl qaldırır? Niyə buna heç bir futbolçu, ya da məşqçi müdaxilə eləmir? Bəlkə məşqçi və ya hansısa təcrübəli futbolçu aşağı düşüb onlarla söhbət eləsə, heç avtobusa da girməyəcəklər və bu hadisə baş verməyəcəkdi.

Üstəlik, hadisə klub tərəfindən ictimailəşmədi, futbolçulara üzrxahlıq edilmir, onlarla xüsusi görüş keçirilmir. Artıq o vurulan futbolçu, Mahir məşqlərdən imtina etdikdən sonra artıq onlarla görüş olur. Bu hadisələrin baş verməsində günahı klubun İdarə Heyətində görürəm. Fərqli münasibət olmalı, futbolçularla dərhal görüşüb, üzrxahlıq baş verməli idi. dərhal onların könlü alınmalı idi. Məşqçi dəyişdikdən sonra, digər məşqçi gəldikdən sonra…”

40 yaşlı çalışdırıcı keçmiş komanda yoldaşının “Legiya”ya qayıtmamalı olduğunu düşünür: “Məşqçilərinin açıqlamasını oxudum ki, çətin günlərdə xarakter görünür… Hansı xarakterdən danışırsan? Çətin günlərdə hamı sakit oturdu yerində, Mahirə əl qaldırıldı. Xarakter onda göründü. Bu, kollektivdir. Niyə təkcə Mahirə əl qaldırılır? Mən olum Mahirin yerində. Ora necə qayıdıb çıxış edim? Yəni Mahirin tutduğu mövqeni düzgün sayıram. Klub da ona anlayış göstərməli və Mahirin ayrılmaqla bağlı qərarını dəstəkləməlidir. Çünki günah klubun özündə oldu”.

Rəşad Sadıqov onu da əlavə edib ki, Mahir Emreli mövsümün geridə qalan hissəsində “Legiya”nın ən yaxşı futbolçusudur: “Mahirə gələn təklifləri nəzərə alsaq, görərik ki, baş verən hadisə onun CV-sinə mənfi təsir etməyəcək. Hamı hadisənin necə baş verdiyini bilir. “Legiya”nın azarkeş qrupu böyük qüvvədir. İnanmıram ki, 10 azarkeş Mahirin qarşısına çıxsa, 1-2 mühafizəçi onu qoruyacaq. 35 nəfərin içində girib onu vurublar. Niyə qorumurdular?

Maraqlıdır ki, uğursuz komandada futbolçuların içində ən uğurlusu Mahir idi. Əgər Mahirə bir yumruq vurulubsa, başqa oyunçulara 10-u vurulmalı idi. Futbolçuların uğursuz çıxışına görə belə bir cəza tətbiq olunursa, başqalarının cəzası daha ağır olmalıdır. Komanda çempionatda çöküşdədir. Bunun cəzası yalnız Mahirə kəsilirsə, ədalətsizlikdir”.

Baş məşqçi futbolçu olduğu dönəmdə belə halla qarşılaşmadığını deyib: “Azarkeşlər komandanın nəticələrindən narazı olub. Bir kapitan kimi çıxmışam və azarkeşlərlə söhbət etmişəm. Tofiq Bəhramov adına Respublika Stadionunda hansısa görüşdə uduzmuşduq. Oyundan sonra 1-2 futbolçu çıxdıq və azarkeşlərlə söhbət etdik. “Qarabağ” klubunda da belə məqamlar olub. Tribunada hansısa fanatlar narazıçılıq edib və ona yaxınlaşıb danışmışıq”.

Sadıqov Azərbaycan tərəfdarlarını başqa ölkələrin fanatları ilə müqayisə edib: “Çox azarkeş görmüşəm. Türkiyə və İran çempionatında oynamışam. Bizim fanatlar nümunəvidir. Bəzən sərt tənqidlər də olur. Hansısa futbolçu fitə də basılır, narazılıqlar olub. Ancaq ümumi götürsək, bizim fanatlar müqayisə olunmazdır. Hansısa çempionat qarşılaşmasında azarkeş sayı az olur. Ancaq fan klubları və azarkeşləri götürək, hansısa azarkeşdən rəqib baş məşqçiyə hörmətsizlik olmur. Bütün komandaların tərəfdarları və fan klubları tərifə layiqdirlər, onları təqdir edirəm”.

Yada salaq ki, Mahir Emrelinin Polşanın “Legiya” klubu ilə 3+1 illik müqaviləsi olsa da, 25 yaşlı futbolçu düşərgəyə qayıtmamaq qərarına gəlib. Forvard müqaviləsinin qarşılıqlı razılıq əsasında pozulmasında kömək istəyib. O, belə bir addımı atmasında “Legiya”nı günahlandırıb. Emreli azarkeşlərin məlum hücumu nəticəsində psixoloji zərbə aldığını deyərək, avtobus insidentindən sonra Varşava komandasında çıxışını davam etdirməsini qeyri-mümkün sayıb.

Rəşad Sadıqov Mahir Emreliyə hücumla bağlı: “Vurulursa, o zaman hamı vurulsun”

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın