Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ səfəri öncəsi media əməkdaşları üçün mətbuat konfransı keçirib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, dövlət başçısı Ermənistan Baş naziri Nikol Paşinyan və Yunanıstan Baş naziri Kiryakos Miçotakisin açıqlamalarına münasibət bildirib.

Ərdoğan Paşinyanın Zəngəzur dəhlizinin açılmasına qarşı səsləndirdiyi düşüncələrini belə şərh edib:

“Bir yandan bunu deyib, digər tərəfdən mənimlə görüşmək istəməsi hər halda düşündürücü məqamdır. Əgər Tayyip Ərdoğanla görüşmək istəyirsənsə, bəlli addımlar atılmalıdır. Biz görüşlərə qapalı deyilik. Gürcüstan baş naziri Ermənistan baş nazirinin görüşməklə bağlı təklifini mənə çatdırıb. Ancaq bunun üçün Ermənistan müsbət addımlar atmalıdır. Bu görüş baş tutarsa, Türkiyə də diplomatik əlaqələrə başlayar. Zəngəzur koridorunun açılması siyasi məsələdir. Ümid edirəm ki, sözügedən dəhlizin açılması ilə Azərbaycan-Ermənistan münasibətlərindəki çətinlik aradan qalxacaq”, – deyə Ərdoğan bəyan edib.

Türkiyə prezidenti Yunanıstanın baş naziri Kiryakos Miçotakisin açıqlamalarıyla bağlı da öz fikrini bildirib:

“Miçotakisin ABŞ-da görüş istəyini qarşılayacağıq. Heyif ki, verdiyi bu açıqlamada arzuolunmaz ifadələr var. Bununla bağlı Xarici İşlər Nazirliyimiz gərəkli açıqlama verib. Bu işdə nə qədər səmimi olduqlarını və müqavimət göstərəcəklərini görəcəyik. Türkiyə heç kimin qapısının qulu deyil. Qarşımızda vicdanla atılacaq addımları görməliyik”, – deyə dövlət başçısı vurğulayıb.

Yada salaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 76-cı sessiyasına qoşulmaq üçün 19 sentyabrda Nyu-Yorka yollanıb. Üç gün davam edəcək səfərdə Türkiyə lideri BMT-nin toplantısının ilk günündə çıxış edəcək.

Baş Assambleyanın toplantısı COVID-19 pandemiyasının qarşısının alınması, dayanıqlığın inkişafı və insan hüquqlarına hörmət kimi mövzulara həsr edilib.

Ərdoğan eyni zamanda ABŞ-ın Nyu-York şəhərində 2017-ci ildə təməli qoyulan “Türk evi” binasının da açılışını edəcək. Açılış mərasimi sentyabrın 20-də baş tutacaq. Pandemiya səbəbindən açılışı təxminən bir il gecikən “Türk evi” binası Nyu-Yorkun ən nüfuzlu yerlərindən birində, BMT-nin baş qərargah binasının qarşısında yerləşir. Binada Türkiyənin BMT-dəki Daimi Nümayəndəliyi və Nyu-Yorkdakı Baş Konsulluğu yerləşəcək.

Türkiyə prezidenti həmçinin bir sıra ölkələrin lideri və BMT baş katibi Antoniu Quterrişlə görüşəcək.

Mənbə: “Haber Global”

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın