“Tezliklər məhdud resursdur və dövlətin məqsədi bu məhdud resurslara hamının eyni səviyyədə əlçatanlığını təmin etməkdir”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu “Report”a eksklüziv açıqlamasında rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Radiotezliklər üzrə Dövlət Komissiyasın fəaliyyətini şərh edərkən deyib.

R.Nəbiyev əlavə edib ki, tezliklər üzərindən göstərilən xidmətlər rəqabətə davamlı olmalıdır:

“Dünya dəyişir və tezliklərin tənzimlənməsi baxımından dövlətin siyasəti ondan ibarətdir ki, bu məhdud resursa hamının eyni səviyyədə əlçatanlığı təmin edilsin. Sonrada bu resurs üzərindən verilmiş və göstərilmiş xidmətlər Azərbaycan vətəndaşlarına effektiv şəkildə çatdırıla bilsin. Yəni təqdim edilən xidmətlərin rəqabətə davamlı olması lazımdır”.

Qeyd edək ki, 2021-ci ilin mayın 4-də Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyasının yaradılması haqqında” sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycanda radiokommunikasiya vasitələrindən və yüksəktezlikli qurğulardan istifadənin səmərəliliyini artırmaq və bu sahədə dövlət orqanlarının (qurumlarının) fəaliyyətini əlaqələndirmək məqsədilə Radiotezliklər üzrə Dövlət Komissiyası yaradılıb.

Dövlət Komissiyasının sədri nəqliyyat, rəqəmsal inkişaf və nəqliyyat naziri, üzvləri isə müdafiə və daxili işlər nazirlərinin müavinləri, Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavinidir.

Ötən ilin dekabrın 18-də isə Prezident İlham Əliyev “Radiotezliklər üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə fərman imzalayıb və bu ilin yanvarın 18-də Rəşad Nəbiyevin sədrliyi ilə Komissiyanın ilk iclası keçirilib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın