“Qarabağ” FK-nun baş məşqçisi Qurban Qurbanov və yarımmüdafiəçi Qara Qarayev Qazaxıstanda “Kayrat”a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup mərhələsinin IV tur oyunundan qabaq mətbuat konfransınsı keçirib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, noyabrın 4-də Almatı şəhərindəki “Ortalık” stadionunda keçiriləcək “Kayrat”-“Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Qurban Qurbanov: “Daha ciddi və möhkəm olmalıyıq. İnanıram ki, meydanda yaxşı mübarizə və yaxşı futbol olacaq”.

49 yaşlı mütəxəssis avrokuboklarda məğlubiyyətsizlik seriyasını öz üçün xoş hal hesab etsə də, bunun müəyyən narahatlıq yaratdığını söyləyib: “Bu seriyanı davam etdirmək istəyirik. Ancaq hər uğurlu nəticənin bir sonu olur. Bu gün ümumiyyətlə bu barədə düşünmürük. Turnirdəki hər oyuna maksimum hazırlaşır, maksimum motivə olmağa çalışırıq.

İnanıram ki, sabah bu seriyanı yox, oyunun vacibliyini düşünərək meydana çıxacağıq. Deməzdim ki, burada hansısa gizli nə isə var. Ancaq hər halda bu xoşdur. Məğlubiyyətsizlik seriyasını davam etdirə biliriksə, deməli, daha ciddi hazırlaşmışıq. Bütün fikrimiz və diqqətimiz sabah meydanda ən yaxşısını etməkdir. Oyunçuları meydana ən yaxşı formada çıxarmaq niyyətindəyik”.

Qurbanov Almatıdakı soyuq hava şəraitinin hər iki komanda üçün eyni olacağını vurğulayıb: “Təbiətdə pis hava olmur. Futbolçulara demişəm ki, biz çətinliklərə dözməli və daha möhkəm olmalıyıq. Bəzən belə çətinliklər bizə əlavə motivasiya verir. Soyuq havanı gözləyirik. Amma hər halda səfərdə oynamağımıza baxmayaraq, hər iki komanda üçün eyni şərait olacaq”.

Təcrübəli mütəxəssis indi 7 xalı olan “Qarabağ”ın qrupdan çıxma şanslarını dəyərləndirib: “Bizim sabahkı qarşılaşma ilə birlikdə qarşıda hələ 3 oyunumuz var. Hər oyunda qalib gəlmək və yaxşı oynamaq istəyirik. Qarşımıza məqsəd qoymuşuq ki, istənilən rəqibə qarşı yaxşı mübarizə aparaq. Bu gün futbolda mübarizə həddindən artıq çox önəmlidir. Biz bunu bacarsaq, inanıram ki, oyunumuz daha da yaxşılaşacaq. Belə olacağı halda, nəticə daha çox bizim düşündüyümüz kimi olacaq. Sabahkı qarşılaşmada qrupdan çıxma şansımız varsa, çalışacağıq ki, bundan maksimum istifadə edək”.

Onun fikrincə, avrokuboklardakı 8-ci cəhddə qrupdan çıxma şanslarının yaranması komanda üzərində hansısa təzyiq yarada bilər. Ancaq Qurbanov böyük təcrübələri olduğunu yada salıb: “Qrupdan çıxmadığımız dönəmlərdə də böyük şanslarımız olsa da, bəzi çatışmazlıqlar buna mane olub. Ancaq heç vaxt ruhdan düşmürük. Bunu özümüzə problem yaratmamışıq. Başa düşürük ki, bu, idmandır və idmanda belə şeylər olur. Əvvəlki illər haqqında heç nə düşünmürük. Sabahkı qarşılaşmaya köklənmişik”.

Baş məşqçi “Kayrat”la bağlı da düşüncələrini bölüşüb: “Rəqibimizin çox yaxşı və təcrübəli baş məşqçisi var. Komanda kollektiv oyuna üstünlük verir, həddindən artıq çox intizamlı müdafiə olunur. Əks-hücumlarda isə çox təhlükəlidirlər. Futbolçular bir-birilərini yaxşı anlayırlar, topla və topsuz nə etdiklərini bilirlər. İntizamlı olan komanda həmişə təhlükəlidir. Bunlara qarşı sonadək diqqətli olmalıyıq.

Bakıdakı oyunun əvvəlində də bildirmişdim ki, “Kayrat”a qalib gəlmək istəyiriksə, daha ciddi olmalı və yaxşı oynamalıyıq. Çünki rəqib sabah qalib gəlmək üçün bəlkə də karyerasının ən yaxşı oyununu göstərəcək. Həqiqətən bu komandaya, baş məşqçiyə və oyun üslublarına hörmətlə yanaşıram”.

Baş məşqçimiz Qurban Qurbanovun “Kayrat” ilə oyundan öncə fikirləri

Qara Qarayev: “Kayrat”ı ciddiyə almamaq üçün səbəb yoxdur

Qara Qarayev (Qarabağ FK) mətbuat konfransında

“Hər kəsi salamlayıram. Sabahkı oyun bizim üçün önəmli matçlardan biridir. Komanda olaraq bu görüşə tam hazırıq”.

Bu sözləri “Qarabağ”ın futbolçusu Qara Qarayev Qazaxıstanda “Kayrat”a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup mərhələsinin IV tur oyunundan qabaq mətbuat konfransında deyib.

29 yaşlı yarımmüdafiəçi bildirib ki, komandasını çətin mübarizə gözləyir: “Kayrat”ı ciddiyə almamaq üçün səbəb yoxdur. Onları özümüzə yaxşı rəqib sayırıq. Buraya uğurlu nəticə üçün gəlmişik”.

O, avrokuboklardakı məğlubiyyətsiz oyunlar seriyasına da toxunub: “Bu seriyaya görə komanda yoldaşlarıma və baş məşqçimə təşəkkür edirəm. Bunu qoruyub saxlamaq da işimizin bəhrəsidir. Hər zaman doğru olanı etməyə çalışırıq ki, bizə məğlubiyyət gətirməsin. Ona görə də bu prinsipdən əsla vaz keçməyəcəyik. Qələbələrimizin daha çox olmasına çalışacağıq. Ancaq futbolda hər bir nəticə olur. Əsas odur ki, məğlubiyyətə köklənməmişik. Daim uğur qazanmaq istəyirik”.

Qarayev Almatıdakı hava şəraitinin meydandakı mübarizələrinə təsir etməyəcəyini söyləyib: “Qrup oyunlarımızın təqvimi bilinəndə buradakı havanı təqribən təxmin etmişdik. Bu amil bizi bir qədər rahatlaşdırır. Bu hava şəraitinə artıq hazır idik. Düşünürəm ki, oyunun tempində özünü göstərsə də, bizim istəyimizə və mübarizəmizə təsir etməyəcək”.

Ağdam klubunda 400-cü oyununu keçirən təcrübəli futbolçu buna görə sevincli olduğunu vurğulayıb: “İndiki rəqəmin az olduğunu hesab edirəm. Daha çox oyun keçirməli, “Qarabağ”da daha böyük pay sahibi olmalıyam. Bu kluba həm mənəvi, həm də karyera baxımından borclu olduğumu düşünürəm. Gücüm çatdığı qədər komandama kömək etməyə çalışacağam”.

Futbolçumuz Qara Qarayevin “Kayrat” ilə oyundan öncə fikirləri

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın