Sabah ən yaxşı oyunlarımızdan birini göstərməyə çalışacağıq. Oyuna ciddi hazırlaşmışıq. Futbolçularımdan daha yaxşı oynamağı tələb etmişəm

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bu sözləri “Qarabağ” FK-nın baş məşqçisi Qurban Qurbanov İsveçrədə “Bazel”ə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup oyunundan öncə keçirlmiş mətbuat konfransında deyib.

Qırx doqquz yaşlı mütəxəssis zədəsini yenicə sağaltmış kolumbiyalı müdafiəçi Kevin Medinanın komandaya qoşulacağını bildirib: “Məşq etdikdən sonra ümumi gedişata baxacağıq. Hazır olsa, oynamaq ehtimalı var. Ancaq hələ məndə də bununla bağlı dəqiq məlumat yoxdur”.

Qurbanovun sözlərinə görə, “Bazel”in oyununda yaxşı mənada dəyişiklik var: “Bakıdakı görüşdə bir neçə futbolçusu idman formasından uzaq idi. Ancaq artıq istədikləri səviyyəyə gəlib çatıblar. Çox uğurlu seriya yaxalayıblar. Sadəcə, son oyunda qələbə qazana bilmədilər. Oyun üslublarında dəyişiklik olmasa da, etdiklərini daha da yaxşılaşdırıb və sürətləndiriblər. Rəqibin çox oyununu izlədim. Geniş heyəti var. Meydana eyni səviyyədə 11 oyunçu buraxmaq gücündədir”.

Bu cür qarşılaşmaların komandası üçün yaxşı təcrübə olduğunu söyləyən baş məşqçi deyib: “Biz bunu özümüzdə hiss edirik. Rəqib son vaxtlar daha da inamlı oynayır. Yaxşı mübarizə aparıb layiqli oyun göstərməyi çox istəyirik. Bu komandaya qarşı oynamaq bizim üçün xoşdur. Meydanda fərqli dinamika və düşüncə olacaq. Ona görə də futbolçularım öz oyunlarını sərgiləməklə yanaşı, rəqibin meydanda nə etmək istədiyini də izləməlidir. Bunları edə bilsək, maraqlı oyunun şahidi olacağıq”.

Q.Qurbanov deyib ki, nəticələrə baxanda “Qarabağ”ın səfərdə daha yaxşı oynadığı görünür: “Ancaq qrupun son oyunu olduğundan bu görüşün evdə, ya da səfərdə keçirilməsinin heç bir önəmi yoxdur. Çox istərdim ki, futbolçularım bu oyunu inamlı şəkildə sona çatdırsınlar”.

Təcrübəli çalışdırıcı əsas hədəflərinin qrup birinciliyi olduğunu əlavə edib: “Yaxşı oyunla yaxşı qələbə əldə etmək istəyirik. Lakin komandam avrokubok oyunlarını elə formada keçirib ki, oyunçulara iradım yoxdur. İnanıram ki, sabah nəticə istədiyim kimi alınmasa da, futbolçularımın çıxışından razı olacağam”.

Q.Qurbanov “Bazel”lə görüş üçün İsveçrəyə yollanmazdan öncə jurnalistlərə maraqlı açıqlamalar vermişdi: “Həmişə görmüsüz ki, “Qarabağ” hücum futbolu oynamağa çalışır. Yenə də futbolçularımıza demişik. Özəlliklə avrokubok oyunlarında hücum futbolu oynamağa, rəqibin kimliyindən çəkinməməyə çalışırıq. Bəzən rəqib buna nə qədər şərait yaradır, onu bilmirik. İndi mütləq qalibiyyət lazımdır. Hücum futbolu oynayacağıq, müdafiəni rəqib meydanında qurmağa çalışacağıq”.

Baş məşqçi qrup mərhələsində hakimlərin “Bazel”in leyhinə daha çox qərar verməsi və “Qarabağ”ın bu duruma hazır olması ilə bağlı suala belə cavab verib: “Bu dəqiqə hakimləri düşünmürük. Futbolçularda elə bir fikir yaratmaq istəmirik ki, düşünsünlər hakim rəqibə kömək etdi. Fikirləri rəqibə qarşı olsun. Hakim nəsə etmək istəsə, edəcək və biz də ona nəsə edə bilməyəcəyik. Çalışacağıq ki, rəqib səhv etsin və biz də bundan istifadə edək”

Qeyd edək ki, dekabrın 9-da gerçəkləşəcək “Bazel” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. H qrupunda çıxış edən hər iki kollektivin 11 xalı varr və pley-offa vəsiqəni təmin edib. Azərbaycan təmsilçisi yalnız qələbə sayəsində qrup birincisi kimi 1/8 finala yüksələ bilər.

Qurban Qurbanovun “Bazel”lə oyun öncəsi fikirləri

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın