2017-ci il çox ağır və yaddaqalan oldu. Çempionluq və ölkə kuboku öz yerində, azarkeşlər son iki ildə Çempionlar Liqasının qrupuna düşmək istəyirdilər, hətta demək olar ki, tələb edirdilər. Ağır mövsüm keçdi. Biz də ÇL-in qrupuna düşməyi bacardıq. Bu il çempion olduq, ölkə kubokunu qazandıq və ÇL-in qrupuna düşdük. Dekabrda Premyer Liqanı lider başa vurmağı istəyirdik və ili lider başa vurduq. Bu il son hədəfimiz isə ölkə kubokunda mərhələ adlamaqdır. Bu da baş versə, tam uğurlu olacaq.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytının bildirdiyinə görə, bunu Qarabağ Futbol Klubu və Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov Qafqazinfoya müsahibəsində deyib.

Baş məşqçi bildirib ki, bəzən futbolçular, məşqçilər və rəhbərlik kiçik uğur qazananda rahatlaşır və “Gələn il qrupa düşməsək də, heç kimin heç nə deməyəcəyini” düşünür.

“Ancaq biz belə düşüncələrin qarşısını aldıq. ÇL-in qrupuna düşməyi bacardıq. Qarabağın bütün rəhbərliyinə, futbolçularına və azarkeşlərinə çox sağ olun deyirəm. Uğurlar biz rahat etməli deyil. İlin məşqçisi mükafatı mənim məsuliyyətimi daha da artırır. Doğurdan da bu ili uğurlu adlandırardım. Məni üzən iki böyükhseablı yenilgi oldu. Çelsiyə ev və qonaq oyunlarında uduzduq. İstəməzdim belə olsun. Ancaq real yanaşaraq komandaların gücünə baxsaq, futbolda belə hesablar olur. Bunu normal qarşılamaq olur. Azarkeşlərimizi belə uduzmalara hazır etdik. İki komanda arasında oyunda belə hesablar olur. Uğurlu il alındı”.

Səkkiz il ölkədə ən yaxşı baş məşqçi seçilən Qurban Qurbanov vurğulayıb ki, heç vaxt ilin məşqçisi seçilmək arzusunda olmamışam.

“Mənim üçün olmasın, azarkeş və komanda üçün olsun. Məni yaxşı tanıyırsınız. Düşüncələrim belədir. Bunun tərəfdarıyam. İlin məşqçisi seçilmək arzusunda olmamışam. Çıxışımda da unutdum, xahiş etmək istəyirdim ki, mənimlə bağlı çox da yazılar, təriflər olmasını istəmirəm. İstəyirəm Qarabağa və azarkeşlərə tərif olsun. İki xal və böyük komandaların Azərbaycana gəlməsi mənim üçün daha üstündür, nəinki ən yaxşı seçilməyim”.

Millinin heyətindən danışan baş məşqçi bildirib ki, Rauf Əliyev, İlqar Qurbanov və Rüfət Dadaşov kimi futbolçuların gələcəyi ilə bağlı hələ qərar verməyib:

“Futbolçuları tanıyırıq. Təxmini olsa da, potensiallarını bilirəm. Raufun nəyi bacardığını bilirəm. Başqalarının də eynilə. Yanımda olmayan oyunçulara ola bilər ki, tam tanımayım. Mənə vaxt gərəkdir. İlk toplantıdan sonra dəyişikliklər olacaq. Ola bilər ki, ilk toplanışa çağırış almayan bir sıra oyunçular da olsun. Bu, milli komandadır. Mən nə qədər məsuliyyətli yanaşıramsa, futbolçu ikiqat yanaşmalıdır. Bakı kiçik şəhərdir, hər yerdən bilgiliyik. Futbolçuların hansı həyat yaşadıqlarını və harada olduqlarından bilgimiz olur. Kim harada olur, nə edir bilirik. Buna görə də yığmada məsuliyyətli insanlar olmalıdır. Təkcə futbolu düşünən və bununla nəfəs alan deyil, həyat tərzində doğru yol tutanlar millidə olacaq. Ola bilər ki, kimdənsə zəif və aşağı səviyyədə olsun, ancaq yetər ki, işində məsuliyyətli olsun. Problemli və bundan sonra problem yaşadacağı gözlənən futbolçuların yığmada olmasını istəməzdim. Hamı özünü yaxşı anlamda hazırlamalıdır və milliyə hazır etməlidir”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın