“Bizim kiçik uğurumuz xalqımızı nə qədər sevindirir. Təəssüf ki, bunu daha çox edə bilmirik, mən də daxil olmaqla, futbolumuzu düzgün inkişaf etdirə bilmirik”.

YALAN.info bildirir ki, bunu Komanda.az saytının jurnalistlər arasında keçirdiyi sorğuda ilin məşqçisi seçilən “Qarabağ” FK-nın baş məşqçisi Qurban Qurbanov mükafatlandırma mərasimində deyib.

Dekabrın 19-da Komanda.az saytının sorğusunda ilin məşqçisi seçilən Qurban Qurbanovun mükafatlandırma mərasimi keçirilib. Qurban Qurbanova mükafatı Komanda.az saytının baş redaktoru Rəşad Ergün təqdim edib. Bununla da Qurban Qurbanov 13-cü dəfə ilin ən yaxşı məşqçisi seçilib.

51 yaşlı mütəxəssis “Qarabağ”ın uğurlarının o qədər də böyük olmadığını düşünür: “Qazandığımız uğurları kiçik saymışam. Azərbaycan futbolundan danışırıqsa, Avropa futbolu ilə müqayisə etməliyik. Avropada futbol həddən artıq inkişaf edir. Bəzən klubun nəticəsinə əsasən deyirlər ki, ölkədə futbol inkişaf edir. Ancaq belə deyil. Avropada klubların iş prinsipləri ilə maraqlanıram, böyük işlər görürlər. Desək ki, uğurumuz var, tamamdır, bizi heç də yaxşı şeylər gözləmir. Futbolumuza daha çox diqqətin ayrılmasını, daha çox futbolçuların, məşqçilərin, funksionerlərin yetişməsini istərdim”.

Sayt tərəfindən ilin ən yaxşı məşqçisi seçilən çalışdırıcı bunların onun məsuliyyətini artırdığını bildirib: “Dəyər verildikdə daha məsuliyyətli oluram, həvəslənirəm və daha güclü oluram. Eyni zamanda, işim çətinləşir. Çünki o adı qoruyub saxlamaq vacibdir. Heç vaxt istəmərəm ki, hansısa idmançı və ya özüm barədə “zəifdir” ifadəsi işlənilsin. Uğurlarımızın daha böyük olmasını istəyirəm”.

O, komandasının indiki durumundan razı olduğunu söyləyib: “Son günlər oyunlarımız, yaxşı anlarımız çox oldu. Bu il qarşıya qoyduğumuz məqsəd üç turnirdə keyfiyyətli çıxış etmək idi. Avropa Liqasında qrupu ikinci yerdə bitirərək pley-offa çıxdıq. Qarşıda çempionat və kubok qarşılaşmaları var. Çempionatda da hər şey qaydasındadır, komandamız birinci yerdədir”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın