“Komandamıza, futbolçularımıza belə dəyər verdiyiniz üçün ilk növbədə, sizə təşəkkür edirəm. Gecənin bu saatında yuxunuzu almadan bura gəlmisiniz”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Qazaxıstanda “Kayrat”ı 2:1 hesabı ilə yendikləri UEFA Konfrans Liqasının IV tur matçından sonra “Qarabağ” FK-nun baş məşqçisi Qurban Qurbanov Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimi zamanı jurnalistlərə açıqlamasında deyib.

49 yaşlı mütəxəssis Almatıdakı görüşün çox gərgin alındığını bildirib: “Bunu ilk dəqiqələrdən hiss etdik. “Kayrat”ın son şansı idi. Bizə qalib gəlməsəydilər, bütün şanslarını itirəcəkdilər. Ona görə də həddindən artıq istəkli idilər. Lakin biz yaxşı nəticə əldə etməkdən ötrü daha istəkli olmalı, qələbə üçün alışıb-yanmalı idik. Bunlar futbolçularımızda oldu. Hər birinə təşəkkür edirəm. Minimum vəzifəni yerinə yetirdik və hər şey sonda bizim tərəfimizdə oldu”.

Hər bir zəfərin öz dadının olduğunu söyləyən Qurbanov Azərbaycanın müstəqillik tarixində ilə imza atmalarından məmnunluq ifadə edib: “Əlbəttə, bütün azarkeşlərimizi, xalqımızı təbrik edirəm. Bunlar bizim möhtəşəm dövlətimizin möhtəşəm zəfərinin yanında kiçik nailiyyətdir. Əsas odur ki, torpaqlarımızı geri qaytardıq, bir xalq kimi başı dik, daha da güclü olduq.

Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm. Onların etdiklərinin yanında bizim etdiyimiz cüzi bir şeydir. Avrokuboklardakı nailiyyətimizə gəldikdə, indiyədək belə uğur olmamışdı. Bu gün Allah bunu bizə nəsib edibsə, çox şadıq. Oyundan sonra futbolçularımın hər birini bağrıma basıb, təşəkkür etdim. Azərbaycanlı futbolçularda özünəinamın formalaşması üçün bu cür qələbə və oyunlar çox vacibdir”.

O, əldə edilən nailiyyət qarşılığında futbolçuların mükafatlandırılacağını da açıqlayıb: “Mükafatımız həmişə var, istər daxili çempionatda olsun, istərsə də avrokuboklarda. Bundan narazılığımız yoxdur. Futbolçular layiqincə mükafat alırlar. Təbii ki, bu qələbənin də mükafatı olacaq”.

“Yaxşı komandaya qalib gəldik. Hər iki oyunda meydanda sonadək mübarizə getdi. Bu, bizim üçün həddindən artıq önəmli idi. Dünən də demişdim ki, bu dəfə daha yaxşı oynamalıyıq. Hava şəraitinə, meydançanın durumuna, bütün çətinliklərə baxmayaraq, futbolçularım dözdü və qalib gəlmək üçün ən yaxşısını etdilər”.

49 yaşlı mütəxəssis müdafiədə oturmadıqlarını bildirib: “Daim rəqibin üzərinə getməyə çalışdıq. Çünki onlara oynamaq imkanı verdikdə topla çox yaxşı davranırlar. Maraqlı oyun üslubları var. Bəzi epizodları çıxmaq şərtilə, futbolçularım intizamlı oynadılar və böyük zəfər qazandılar. Rəqibə və çox hörmətli Kurban Berdıyevə uğurlar arzulayıram”.

Təcrübəli baş məşqçi Emil Balayevin ehtiyatda qalmasının səbəbini də açıqlayıb: “Biz hər iki qapıçıya güvənirik. Sadəcə, Şahruddin Məhəmmədəliyev meydana çıxdığı oyunlarda özünü yaxşı tərəfdən göstərməyə başladı. Bu səbəbdən avrokuboklarda ona şans veririk. Balayev isə çempionat oyunlarında oynayır. Qazaxıstan və Azərbaycan çempionatlarında böyük fərq olduğunu deməzdim. Qapıçı mövqeyi elədir ki, orada yalnız bir nəfər dayanmalıdır. Hər ikisinə şans veririk ki, oyun praktikasını qorusunlar”.

Qurbanov qarşılaşmadan öncə Abdullah Zubirin zədəli olması ilə bağlı xəbərlərə də aydınlıq gətirib: “Biz heç vaxt yalan danışmamışıq. Belə hiyləgərliklər də etməmişik. “Neftçi” ilə oyuna baxsaq, sona 2 dəqiqə qalmış Zubiri meydandan çıxardıq. Hətta əvəzetmələrimiz də bitmişdi. Yalan danışmağı xoşlamırıq. Sadəcə, bizdən açıqlama oyundan sonrakı gün olmuşdu. Ona görə də hansı müddətə oynaya bilməyəcəyi ilə bağlı fikir bildirə bilmədik. Meydana buraxmağa ehtiyatlanırdıq. Kiçik problemi olsa da, 2 gündən sonra özünə gəldi. Bu, yoğrunluqdan da irəli gələ bilərdi. Yəni, biz heç bir hiyləgərlik etməmişdik”.

Baş məşqçi komandasından razı qaldığını söyləyib: “Bu gün hətta uduzsaydıq belə, bu cür xarakter göstərdikləri üçün onlardan razı qalacaqdım. İlk hissədə bizim də yaxşı qol epizodlarımız oldu. Bu da futbolun gözəlliklərindən biridir. Vaqner Lavın ustalığını futbolçulara göstərmişdik. Daha diqqətli olmalıydıq. Oyunun hər iki hissəsindən razı qaldım”.

Qurbanov “Qarabağ”ın prezidenti Tahir Gözəlin komandanın Konfrans Liqasında finaladək irəliləyə biləcəyinə dair fikirlərinə də münasibət bildirib: “Klub prezidenti demişdi ki, “Qarabağ”ın finaladək getməsini çox istəyir. Bu gün də komandasına inanır. Qrupun ilk oyununda bildirmişdim ki, hər bir komanda növbəti mərhələyə çıxa bilər. Bizim uğurlarımız davam edir. Daha yaxşı nəticələr qazanmaq üçün gücümüz və istəyimiz var. İstənilən rəqibə qarşı oynamağa hazırıq”.

O, bütün görüşlərə eyni istək və düşüncə ilə çıxdıqlarını əlavə edib: “Bu gün rəqibi daha çox təzyiq altında saxlamağa çalışdıq. Futbolçularım ancaq bu cür böyüyə bilər. Bunu onlardan tələb edirəm. Müasir futbolda bu amil çox önəmlidir”.

Qurbanov görüşün keçirildiyi “Ortalık” stadionunun ot örtüyü ilə bağlı də danışıb: “Bu gün bir az donmuşdu. Bəzən top daha sürətli gedirdi. Ancaq get-gedə futbolçular şəraitə uyğunlaşdılar. Örtük çox yaxşı idi”.

Baş məşqçi soyuq havaya baxmayaraq, stadiona toplaşan azarkeşlərə təşəkkür edib: “Oyunun sonlarında da bizi alqışladılar. Burada olmaq çox xoş oldu. Biz qardaş xalqıq. Bunu oyun zamanı da hiss etdik. Bizə qarşı isti münasibət göstərdilər. Mən komandamın topa daha çox olmasını xoşlayıram. Köhnə “Barselona”nın azarkeşiyəm”.

Qurbanov oyunun 61-ci dəqiqəsində zədə səbəbindən əvəzlənən Kadi Borgesin durumuna da toxunub: “Ümumi durumu pis deyil. Bir az başgicəllənməsi var. Düşünürəm ki, ciddi bir şeyi yoxdur. Ancaq zərbə bir az təhlükəli alınmışdı, dodağı qanamışdı”.

Qurbanov qalan iki turda qrup liderliyini qorumağa çalışacaqlarını söyləyib: “Qarşıda bizi vacib oyunlar gözləyir. “Omoniya” ilə növbəti oyunda azarkeşlərimiz üçün baxımlı oyun sərgiləmək istəyirik. Daha yaxşı uğur üçün şansımız varsa, sona qədər mübarizə aparacağıq”.

Qeyd edək ki, “Qarabağ” Konfrans Liqasında 4 turdan sonra 10 xalla H qrupuna başçılıq edir. İkinci yerdəki İsveçrə “Bazel”inin 8 xalı var. Hər iki komanda sona 2 tur qalmış 2 xalı olan Kipr “Omoniya”sı və 1 xalı olan Qazaxıstan “Kayrat”ı üçün əlçatmazdır və qrupdan çıxmağı təmin edib. “Qarabağ” “Omoniya” ilə noyabrın 25-də evdə, “Bazel” ilə dekabrın 9-da səfərdə üz-üzə gələcək.

Qurban Qurbanov: “Bu, möhtəşəm dövlətimizin zəfərinin yanında kiçik uğurdur”

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın