“Qarabağ” FK Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyununda Kiprdə AEL-in qonağı olub və qarşılaşma 1-1 hesablı heç-heçə ilə sona çatıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Stefan Şçepoviç penaltidən fərqlənməklə meydan sahiblərini önə keçirib. 90+3-cü dəqiqədə isə Abdullah Zubir bərabərlik qoluna imza atıb.

“AEK Arena”dakı azarkeşlər qoldan sonra Azərbaycan təmsilçisinə qarşı qeyri-etik hərəkətlər ediblər. Baş məşqçi Qurban Qurbanov başda olmaqla texniki zonadakılar baş hakimə bununla bağlı etirazını çatıdırıb. Oyunda məcburi fasilə yaranıb. Daha sonra hakim 112 dəqiqənin sonunda qarşılaşmanın final fitini çalıb.

https://www.youtube.com/watch?v=3-dS1qHZM-M
AEL 1-1 Qarabağ QOLLAR VƏ GENİŞ İCMAL 05.08.2021 (AEL Limassol vs Qarabagh 1-1 GOALS & HIGHLIGHTS)

Qurban Qurbanov: “Bu, heç bir komanda üçün xoş hal deyil”

“Oyunun sonunda belə halın yaşanmasını istəməzdik. Məsələyə UEFA baxacaq. Nə qərar verəcək, bu, qurumun üzərinə düşür”.

Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Kiprdə AEL-lə 1:1 hesablı heç-heçə etdikləri Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda yaşananlar haqqında danışarkən deyib.

49 yaşlı mütəxəssis bildirib ki, belə hal heç bir komanda üçün xoş deyil: “Ancaq ümumən biz idmançılarıq. Daha çox çalışmalı, öz işimizlə məşğul olmalıyıq. Bəzən elə hallar olur ki, hamımız reaksiya veririk. Çünki kənardan tanımadığımız kimlərsə bu cür hərəkətlərə yol verirlər. Dəfələrlə bizə qarşı belə təxribatlar olub. Hər zaman öz mədəniyyətimizi göstərmişik. Çünki Azərbaycanı təmsil edirik. Maksimum səbrli olmalıyıq. Heç kimdən qorxmuruq, çəkinmirik. Sadəcə, özümüzü idman prinsiplərinə uyğun aparmağa çalışırıq”.

Qurbanovun sözlərinə görə, dünya futbolunda da belə hallar çox olub: “Bəlkə də futbolun gözəlliyi və özəlliyidir. Ancaq hər bir halda heç kim istəməz ki, bunlar baş versin. Çünki nəticə heç də yaxşı olmur. Öz əxlaqımızı qoruyub saxlamağa çalışırıq. UEFA nümayəndəsi ilə danışdıq, o da davranışımıza görə bizə təşəkkür etdi. Azarkeşlər həddindən artıq aqressiv idilər, futbolçularımıza yad əşya atırdılar. Vurdular, birinin başına, birinin qoluna dəydi”.

Baş məşqçi bildirib ki, bütün bunlar UEFA nümayəndəsinin gözləri qarşısında baş verib: “Mən maksimum dərəcədə futbolçularımızı sakitləşdirməyə çalışırdım. Düzdür, sonda özümü bir qədər aqressiv apardım. Ancaq Bakıdakı oyunda idman prinsiplərini qorumağa çalışacağıq. Çünki işimiz meydanda özümüzü doğru-düzgün idarə etmək və yaxşı nəticə qazanmaqdır”.

49 yaşlı mütəxəssis bərabərliyin pis nəticə olmadığını bildirib: “Hər iki komanda üçün durum eynidir. Biz Bakıdakı oyunda mərhələni keçməyi düşünəcəyik. Qol vurmaq və qol buraxmamaq üçün çalışacağıq”.

Baş məşqçimiz Qurban Qurbanovun AEL ilə oyundan (1:1) sonra keçirilən mətbuat konfransında fikirləri

Qeyd edək ki, komandalar arasındakı cavab görüşü bir həftə sonra Bakıda olacaq.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın