YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı Qırğızıstanın Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Kayrat Osmanəliyevin Axar.az-a müsahibəsini təqdim edir:

– Xoş gördük, cənab səfir. Təyinatınızla bağllı sizi təbrik edirik! Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşünüzdən təəssüratınız nələrdir?

– Prezident İlham Əliyevlə söhbətimdən böyük zövq aldım. Xarizma, yalnız məlumatlı olmaq deyil, onda bu, ya da başqa məsələlərin mahiyyətinin və dərinliyinin anlayışı var. Cənab Əliyevin baza təhsilinin yaxşı olduğu da açıq görünür. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rolu təbii ki, özünü büruzə verir. Azərbaycanın bəxti gətirib ki, dövlət başçısı xarici siyasəti yaxşı bilir və biliklərini peşəkarcasına həyatda tətbiq edir. Politologiyanın banisi Fridrix Ratselin dediyi kimi, “geosiyasətdən baş çıxarmayan hökmdarlar bunun haqqını öz əraziləri ilə ödəyirlər”.

Mən Ermənistan-Azərbaycan münaqişəsi mövzusunu çoxdan təhlil edirəm və əminliklə deyə bilərəm ki, Azərbaycanın qələbəsində liderinizin böyük rolu var. Bu müddət ərzində döyüş əməliyyatları dövründə və ondan əvvəl Prezident İlham Əliyevin bəyanat və çıxışlarını diqqətlə dinləmişəm, amma canlı ünsiyət bir qədər fərqlidir. Ona görə də mən indiyə qədər görüşümüzün təsiri altındayam.

Etimadnamənin təqdim edilməsi səfir üçün əsas mərhələlərdən biridir. Bu, ölkə lideri ilə danışmaq imkanıdır. Bizim hökumət KİV-lərinin iştirakı ilə rəsmi söhbətimiz, eyni zamanda, təkbətək danışmaq imkanımız oldu. Görüşdə Azərbaycanın xarici işlər naziri, eləcə də xanımım iştirak edirdi. Təkbətək çox ətraflı danışdıq. Xüsusilə ikitərəfli münasibətlərin dərinləşməsi ilə bağlı məsələlər haqqında. Qırğızıstanın Bakıdakı səfirliyinin binasının tikilməsi üçün kiçik bir yer ayrılmasını xahiş etmək imkanım oldu.

Biz buraya ciddi şəkildə və həmişəlik gəlmişik.

– Bəs Azərbaycanla Qırğızıstan arasında diplomatik münasibətlər nə vaxtdan yaranıb?

– Azərbaycanla Qırğızıstan arasında diplomatik münasibətlər 1993-cü ilin yanvarında yaranıb və birinci mərhələdə o qədər də intensiv inkişaf etmirdi. 2002-ci ildə Qırğızıstan Azərbaycan Respublikasında fəxri konsulluğunu açdı. 7 il bundan öncə isə Qırğızıstan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi açıldı. Onda Azərbaycan tərəfi bizə pulsuz ofis ayırmışdı.

Ancaq bir neçə ildən sonra diplomatik münasibətlərimizdə soyuqluq yarandı və faktiki olaraq səfirimiz Azərbaycandan geri çağırıldı. 4 il ölkənizdə səfirimiz olmadı. Bu, ikitərəfli münasibətlərə çox ciddi təsir göstərdi. Səfirin olmamağı diplomatiyada bir işarədir. Bu, onu göstərir ki, ölkələr arasında tam normal əməkdaşlıq yoxdur.

Bütün bu müddət ərzində səfirlik məhdud formatda fəaliyyət göstərirdi. Yeri gəlmişkən, Prezident şəxsi söhbət zamanı səfirliyin binası üçün ərazinin ayrılması barədə təklifimə cavab verdi. O, qısa müddət ərzində bu məsələni həll etməyi tapşırdı. Mənə çox xoş idi ki, dediyim xahiş dərhal müsbət reaksiya gördü.

– Bildiyimiz kimi, ikitərəfli münasibətlərə məhz dövlət başçılarının görüşləri, qarşılıqlı rəsmi səfərlər yetərincə müsbət təkan verir. İlham Əliyevlə bu məsələləri müzakirə edə bildinizmi?

– Protokol hissəsi həll olundu. Azərbaycan Prezidentinin Qırğızıstana səfəri “dövlət səfəri” kimi müəyyən edildi. Bu yüksək status, qonağa ən yüksək səviyyədə diqqət göstərilməsini nəzərdə tutur. Qeyd edim ki, “dövlət”dən başqa “rəsmi” və “işgüzar” səfərləri də var.

Heydər Əliyevin 1995-ci ildə Qırğızıstana səfəri yada düşür. O vaxt o, “Manas”ın min illiyinə həsr olunmuş zirvə tolantısına gəlmişdi və “Dilimiz bir, dinimiz bir” kəlməsini dilə gətirdi. Yəni bizim bir dilimiz və bir dinimiz var. Bu onu göstərir ki, ölkələrimiz arasında hər hansı iqtisadi və diplomatik münasibətlər olmasa da, biz dost və qardaş xalqlar olmağımızdan əl çəkməyəcəyik.

İndi yeni geosiyasi reallıq yaranıb – siyasi proseslərin episentri məhz bizim tərəfə keçib. Bunu geosiyasətdə tektonik dəyişikliklər adlandırmaq olar. Ona görə də türk dünyası amilinin güclənməsi məntiqlidir. Prezident Əliyev görüşümüzdə Türkiyədə zirvə görüşünün gözlənildiyini bildirdi. Türk Şurasının adı Türk Birliyinə dəyişdiriləcək. Bu isə daha yüksək dərəcəli inteqrasiya və həmrəylik deməkdir. Əsas odur ki, İlham Əliyevin bu inteqrasiya əsaslarında real marağını hiss etdim.

Sualınıza qayıdaraq yada salmaq istərdik ki, məhz 2012-ci ildə Qırğızıstan rəhbərinin Azərbaycana sonuncu səfəri baş tutub. Yeri gəlmişkən, Qırğızıstanın ovaxtkı prezidenti cənab Atambayev Bakıda bəyan etmişdi ki, Azərbaycan və Qırğızıstan bir milyard dollarlıq sərmayə fondunu yaratmaq niyyətindədirlər. Bu, respublikamız üçün rekord göstəricidir. Müqayisə üçün deyim ki, Rusiya ilə yarım milyard dollarlıq investisiya fondumuz var. Bu, bizim ən böyük investisiya fondumuzdur.

Yeri gəlmişkən, yaxın aylarda Prezidentimizin Azərbaycana səfərini təşkil etmək niyyətindəyik. Ümid edirəm ki, səfər ilin sonuna qədər keçiriləcək. İlham Əliyevin Qırğızıstana səfərinə gəldikdə isə, bu səfər 2022-ci ildə gözlənilir. Həmin vaxtadək Heydər Əliyev adına ümumtəhsil məktəbinin və Bişkekin mərkəzində yerləşəcək Azərbaycan-Qırğızıstan Dostluq Parkının açılışı planlaşdırılır. Ümidvaram ki, Azərbaycanın Qırğızıstana yeni səfiri təyin olunmaqla hər iki obyekt ən yaxın vaxtlarda istifadəyə veriləcək. Bu, İlham Əliyevin ölkəmizə səfərinin əsası olacaq. Düşünürəm ki, bu dövlət səfəri 2022-ci ilin payızında baş tuta bilər.

– Əgər sirr deyilsə, Bakıda səfiriniz olmadığı dövrdə Azərbaycanla Qırğızıstan arasındakı diplomatik münasibətlərin soyuqlaşmasına məhz hansı amil təsir göstərdi?

– Siyasi oyunlar. Dəqiq dəsəm, Azərbaycana qarşı qeyri-adekvat bəyanatlar verən Qırğızıstanın o zamankı xarici işlər nazirinin siyasi oyunları. Bizim hökumətin mövqeyi bir idi, nazirin hərəkətləri isə fərqli. Məntiqsizlik var idi. Yeri gəlmişkən, mən o vaxt səs-küy qaldıranlardan biriyəm.

Qırğızıstanın keçmiş xarici işlər nazirini tənqid etmişəm, buna görə də nazirlik tərəfindən sanksiyalara məruz qalmışam. Bu nazir rəsmi Bişkekin Azərbaycana mövqeyinə şübhə ilə yanaşırdı. Hətta Bakıya da gəlmişdi. Bəyannamə imzalandı. Düz bir ildən sonra isə o, tamamilə anlaşılmaz hərəkətlər etməyə başladı. Bütün bunlar oldu keçdi… Sonra bu səhvi düzəltdik.

İlham Əliyevlə söhbət zamanı bu mövzuya da toxunduq. Mən ona dedim ki, ölkələrimiz arasında siyasi gərginlik var idi və qərara gəldik ki, buna artıq son qoyaq. Mən bu mövzu haqqında Qırğızıstan Prezidenti ilə də danışdım. O, bunları eşidəndə çox təəccübləndi. Yeri gəlmişkən, Sadır Japarov məni Azərbaycana göndərmək qərarını da məhz bundan sonra verdi.

Prezidentlərin İstanbulda keçiriləcək zirvə toplantısında görüşü gözlənilir. Düşünürəm ki, bu sammitdə onların çox yaxşı söhbəti olacaq. Məhz bu səbəbdən mən Azərbaycan Prezidenti ilə söhbət əsnasında dedim ki, gələn il ikitərəfli əsasda qarşılıqlı münasibətlərin real intensivləşdirilməsi gözlənilir.

– Ötən ilin payızında Qarabağda döyüş əməliyyatları zamanı rəsmi Qırğızıstanın və qırğız xalqının mövqeyi necə idi?

– Özüm də qırğız xalqının bir nümayəndəsi olduğum üçün əminliklə deyə bilərəm ki, bizim mövqeyimiz dəyişməz idi. Özəlliklə Gəncədə törədilmiş terror aktında Azərbaycan xalqı ilə həmdərd idik. Bunu yalnız bir sözlə adlandırmaq olar – barbarlıq.

Müharibə dövründə xalqımız Azərbaycan haqqında bütün məlumatları tam şəkildə ala bilmirdi və bu məqsədlə bizdə “Azərbaycanın dostları” Qırğız Klubu yaradıldı. Oraya çox tanınmış ictimai xadimlər daxil idi. Keçən il mən bu klubun sədri seçildim.

Xalqımızın nümayəndələri 44 günlük müharibənin ən çətin günlərində Azərbaycan səfirliyinin qarşısında gül dəstələrini qoyurdu. Bu, onu göstərir ki, biz Azərbaycan xalqı ilə həmrəyik. Ümumiyyətlə, ədalətsizliyi, zorakılığı, vəhşiliyi, işğalı öz üzərlərində hiss edənlər ilə hər zaman həmrəydirlər… Aramızda incə türk bağı var.

Qırğızıstan hakimiyyətinin rəsmi mövqeyinə gəlincə, Bişkek həmişə beynəlxalq hüquq normalarına söykənərək çıxış edib. Qırğızıstan BMT-nin dörd qətnaməsini qeyd-şərtsiz dəstəkləmişdir ki, işğal olunmuş bütün torpaqlar dərhal azad edilməlidir, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır və b.

Yeri gəlmişkən, Qırğızıstanda 21 mindən çox etnik azərbaycanlı yaşayır. Bu, kifayət qədər böyük diaspordur. Müqayisə üçün deyə bilərəm ki, erməni diasporunun sayı 800 nəfərdən bir az çoxdur.

Bu yaxınlarda Qarabağda oldum. Mən bütün bu vəhşiliyi – məscidlərin, tarixi abidələrin dağıdılmasını öz gözlərimlə görmüşəm. Bu, beynəlxalq hüquq baxımından düzgün deyil. Müharibə qaydalarını tənzimləyən uyğun humanitar konvensiyalar var. Qarabağda bu konvensiyaların pozulması izləri göz qabağındadır.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın