Dünya ictimaiyyəti Ermənistanın qanunsuz yollarla Azərbaycan ərazilərini yenidən minalamasına göz yumur və susqunluq nümayiş etdirir.

YALAN.info bildirir ki, bu fikir Azərbaycanda mina təhlükəsi ilə mübarizə proqramında çalışan Qeyri-Hökumət Təşkilatlarının (QHT) beynəlxalq təşkilatlara bəyanatında yer alıb. Bəyanatda deyilir:

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərini kütləvi şəkildə minalarla və təhlükəli döyüş sursatları ilə çirkləndirən, yaşayış məskənlərini, kəndləri, şəhərləri viran edərək Yer üzündən silmiş erməni hərbi birləşmələrinin qanunsuz əməlləri hələ də davam edir. Son günlər Füzuli, Tərtər və Xocavənd rayonlarında 2 nəfərin ölümü, 4 nəfərin isə ağır yaralanması ilə nəticələnən mina partlayışı hadisılərinin baş verməsi də bu əməllərin davamıdır.

Biz vətəndaş cəmiyyəti qurumları olaraq son günlər baş verən və mülki vətəndaşlarımızın dünyasını dəyişmələri ilə nəticələnən mina hadisələri ilə bağlı böyük narahatlıq hissi keçiririk. Düşünürük ki, əgər Azərbaycanın bəşəri mina probleminə dünya ictimaiyyəti ciddi yanaşmazsa, beynəlxalq səviyyədə buna hüquqi qiymət verilməsə, insanlığa qarşı yönəlmiş bu cinayət hər ötən gün daha da dərinləşəcək və daha çox insanın həyatına son qoyacaq.

Çox təəssüf ki, baş verən mina partlayışı hadisələri bu problemin təhlükəsinin ciddiyyətini və tərəfimizdən edilən çoxsaylı çağırışların, verilən mesajların və bəyanatların əhəmiyyətini bir daha təsdiq edir”.

Bəyanatda qeyd edilir ki, indi erməni təxribatçıları işğaldan azad edilmiş ərazilərimizə gizli yollarla daxil olur və həmin sahələri minalayırlar:

“Sentyabrın 12-13 tarixlərində Azərbaycan-Ermənistan sərhədində baş verən döyüşlərin səbəblərindən biri də bu təxribatla bağlıdır. Yeri gəlmişkən, həmin ərazilərə baxış keçirilərkən ermənilərin yenidən minlərlə mina basdırdıqları aşkarlanmışdır.

Təsadüfi deyil ki, 2020-ci ilin 10 noyabr müqaviləsindən sonra indiyədək əksəriyyəti mülki şəxslər olmaqla 230-dan çox vətəndaşımız mina hadisəsinin qurbanı olmuşdur. Onlar arasında həmin ərazilərdə xidmət aparan sosial-infrastruktur layihələrinin işçiləri və hərbi qulluqçular da vardır.

Hazırda dünya ictimaiyyəti Ermənistanın qanunsuz yollarla Azərbaycan ərazilərini yenidən minalamasına göz yumur və susqunluq nümayiş etdirir. Vətəndaş cəmiyyəti təşkilatları olaraq beynəlxalq təşkilatların, donorların ölkəmizin mina probleminə, təəssüf ki, etinasız yanaşmasının şahidi oluruq. Biz BMT və onun agentliklərinə, beynəlxalq təşkilatlara o cümlədən, donorlara, investorlara müraciət edir və Azərbaycanın qlobal mina probleminin həllinə dəstək olmağa çağırırıq”.

“Beynəlxalq təşkilatlar Ermənistan tərəfinin əsassız və münaqişəni yenidən qızışdırmaq, beynəlxalq birlik arasında ədavəti alovlandırmaq kimi provokativ tədbirlərinə deyil, regionda barışın, sülhün və dayanıqlı inkişafın dəstəklənməsi, etimad mühitinin yaradılması naminə fəaliyyətlərin təşviq edilməsinə çağırırıq! Bu xüsusda erməni hərbi birləşmələri tərəfindən minalanmış ərazilərin, eləcə də xüsusi partladıcı vasitələrdən istifadə edilməklə partlayış tələləri qurulmasına etiraz etməli və hüquqi qiymət verməlidirlər”, – bəyanatda vurğulanır.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın