“Bir çox konspiroloji nəzəriyyələr olsa da, məncə, etirazlar kortəbii şəkildə başlayıb. Bu, pandemiyanın yaratdığı qlobal iqtisadi böhranın əlamətidir. Bu, bizə ağır zərbə vurdu, çünki Qazaxıstan resurslardan asılı sənayesizləşmiş iqtisadiyyatı var”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bu sözləri Oxu.az-a açıqlamasında qazaxıstanlı siyasi icmalçı Qaziz Abışev söyləyib.

Son üç gündə Qazaxıstanı bürüyən etirazlara münasibət bildirən ekspert vurğulayıb ki, ölkədə varlı elita ilə xalq arasında təbəqələşmə getdikcə artır: “Bunun fonunda yarıtmaz bürokratiya soyuq, texnokratik məntiqə söykənmədən proseslərə start verdi. Əhali kasıbdır, kredit borcları var və bütün bunların fonunda maye qazın qiyməti qalxır.

Etirazlar ölkənin qərbində başladı və başqa şəhərlərdə yaşayan insanlar da onlara qoşuldu. İqtisadi nöqteyi-nəzərdən etirazçıların tələbləri heç də həmişə əsaslı olmur, ancaq milli şirkətlərin top-menecerlərinə verilən yüksək mükafatlar və korrupsiya qalmaqalları fonunda dövlətin bunu insanlara izah etməsi çətindir.

Etirazlara təbii ki, müxalifət də, cinayətkarlar da, təxribatçılar da qoşulub, camaatı qızışdırır. Ola bilsin ki, müəyyən xarici təsir də var. Ancaq etirazçıların əksəriyyəti doğurdan da iqtisadi vəziyyətlərinin pisləşməsindən qəzəblənən insanlardır”.  

Siyasi icmalçı Qaziz Abışev etirazların nə ilə bitəcəyini və ölkənin sonrakı taleyi ilə bağlı düşüncələrini də bölüşüb:  

“Biz bunu həmkarlarımızla müzakirə etdik. Durum istənilən məcraya yönələ bilər. Ancaq mən hakimiyyətin süqut edəcəyini düşünmürəm. Dövlət aparatı güclüdür. Başqa bir sual isə sosial-iqtisadi siyasətin hansı istiqamətdə inkişaf edəcəyi, hansı vektorların seçiləcəyidir”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın