Son illər ölkəmizin həyatında baş verən yeniliklər arasında ən önəmlisi beynəlxalq müstəvidə tanınan ərazi bütövlüyümüzün bərpası, 44 günlük Vətən müharibəsində parlaq Qələbənin əldə olunmasıdır. İndi qarşıda duran əsas vəzifə həmin ərazilərin bərpa olunması və məcburi köçkünlərin tezliklə və təhlükəsiz şəkildə öz yurd-yuvalarına qayıtmasını təmin etməkdir. Şübhəsiz, bütün bunlar olduqca çətin və yüksək məbləğdə vəsait tələb edən proseslərdir. Bu çətinliklərə rəğmən, Vətən müharibəsinin başa çatmasından bir neçə gün sonra Azərbaycan işğaldan azad olunmuş ərazilərin bərpasında bir sıra istiqamətlər üzrə – həm şəhərsalma, həm infrastrukturun yaradılması, kənd təsərrüfatının inkişafı sahələrində önəmli addımlar atmağa başlayıb. Bu prosesə xarici ölkələr də cəlb edilib. Özü də hər ölkə yox. Belə ki, dövlətimizin başçısı çıxışlarında dəfələrlə Qarabağın bərpası məsələsinə toxunarkən, bu işə müharibə dövründə, habelə savaşdan sonrakı mərhələdə ölkəmizi fəal dəstəkləyən qardaş və dost ölkələrin cəlb edilməsinin diqqətdə saxlanılacağını bildirmişdir.

Aprelin 14-də Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə sənədlərin imzalanması mərasimindən sonra Prezident İlham Əliyev mətbuata bəyanatla çıxış edərkən bir daha bu prosesdən söz açdı. Bildirdi ki, Qarabağın bərpası layihələrində üç dost ölkədən olan şirkətlər artıq işləyirlər: “Ümidvarıq ki, dördüncü ölkə Belarus olacaq. Biz bu sahədə məsləhətləşmələri davam etdirmək üçün Azərbaycan hökumətinin üzvlərinin Belarusa səfərləri barədə artıq anlaşma əldə etmişik.”

“Sahəsi Lüksemburqdan 4 dəfə böyük və ya Livanın sahəsinə bərabər, hər halda Livandan kiçik olmayan bu ərazilərdə hələ nə qədər iş görülməlidir! Bu, daha uzunmüddətli və çox çətin epopeya olacaq. Çox istərdim ki, bu, sülh epopeyası olsun” deyən Belarus Prezidenti Aleksandr Lukaşenko bildirdi ki, bizim razılığa gəldiyimiz bütün məsələlər reallaşacaq. Azərbaycanın Zəfərindən məmnun olduğunu, bu prosesdə Prezident İlham Əliyevin rəhbərlik bacarığını yüksək dəyərləndirən və onu  postsovet məkanındakı prezidentlər arasında ən savadlı, ən mədəni insan kimi dəyərləndirən Belarus Prezidenti belə bir ifadə də işlətdi: “Mən nazirlərə kişi kimi demişəm ki, hər kəs buradan müəyyən həcmdə işlə getməlidir.” Şübhəsiz, bu hər şeydən öncə Belarusun Azərbaycanın haqq işinə dəstək verməkdə davam etməsindən, qardaşlığa, dostluğa sadiq qalmasından xəbər verir.

“Biz özəlliklə işğaldan azad olunmuş və bərpa ediləcək ərazilərdə birgə müəssisələr yaratmağa hazırıq” deyən Belarus Prezidenti mətbuata bəyanatında bunu da vurğuladı: “İlham Heydər oğlu, bir daha vurğulamaq istəyirəm, Siz bunu bilirsiniz, istəyirəm ki, ölkə rəhbərləri, Azərbaycanın digər rəhbərləri və xalq bilsin ki, biz həmişə Sizin və ölkənizin etibarlı dostları olmuşuq və dostlar kimi qalacağıq.” Aleksandr Lukaşenkonun söylədiyi fikirlərə əsaslanaraq deyə bilərik ki, Azərbaycan Belarus üçün ən etibarlı strateji tərəfdaş olaraq qalır.

Dövlətimizin başçısının dediyi kimi, Qarabağın normal və coşğun həyata qayıtmasında qardaş və dost ölkələrlə əməkdaşlığa üstünlük verilməsi öz bəhrəsini verməkdədir. Şübhəsiz, Azərbaycanın dostluq münasibətləri saxladığı başqa dövlətlər də, onların şirkətləri də işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələrdə öz yardımlarını əsirgəməyəcəklər. Yəni onlar da Qarabağın bərpası və inkişafı ilə bağlı prosesdə ölkəmizlə əməkdaşlıq etmək niyyətlərini rəsmiləşdirəcəklər. Bu da o anlama gəlir ki, işğaldan azad edilmiş ərazilərimiz Azərbaycanla yanaşı, qardaş və dost ölkələrin sayəsində tezliklə öncəki kimi, gözəlliklər məskəninə, cənnətməkan diyara, həm də qardaşlıq, dostluq, həmrəylik ünvanına çevriləcək. Həmin ərazilərdə görülən işlər, həyata keçirilən tədbirlər, qardaşlıq və dostluq addımları bu inamı daha da artırır.

Qvami Məhəbbətoğlu, “İki sahil”

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın