“Qarabağ” Futbol Klubu UEFA Konfrans Liqasında pley-off mərhələsinə vəsiqəni təmin edib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, IV turda “Kayrat”-“Qarabağ” (1:2) və “Omoniya”-“Bazel” (1:1) qarşılaşmalarından sonra dəqiqləşib.

Günün ilk oyununda Qazaxıstanda “Kayrat”a 2:1 hesabı ilə qalib gələn Ağdam təmsilçisinin H qrupunda ilk 2 sıradan birini tutacağı dəqiqləşib.

Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv H qrupundakı 4-cü sınağında Qazaxıstanın Almatı şəhərindəki “Ortalık” stadionunda “Kayrat”ın qonağı olub. Görüşə fəal başlayan qonaqlar ilk dəqiqədəcə Abdullah Zubirlə hesabı açmağa yaxın olublar. Ancaq İbrahima Vadjinin ötürməsindən sonra fransalı yarımmüdafiəçi topu boş qapıdan keçirə bilməyib.

8-ci dəqiqədə Zubir növbəti dəfə diqqət mərkəzinə düşüb. Rəqib qapıçı ilə üzbəüz qalan futbolçunun zərbəsində yenə dəqiqlik çatmayıb. 4 dəqiqə sonra meydan sahibləri Joze Kante ilə ilk təhlükəli vəziyyəti yaradıb. Ancaq onun zərbəsi zamanı top qapıdan çox aralı keçib. 22-ci dəqiqədə Zubirin dabanla vurduğu top az fərqlə qapı xəttindən çıxıb.

26-cı dəqiqədə Rikardu Alveşin fərqlənməsinə Şahruddin Məhəmmədəliyev imkan verməyib. İlk yarının əsas vaxtına artırılmış 1-ci dəqiqədə Vaqner Lav Məhəmmədəliyevlə təkbətək çıxsa da, qapı dirəyi onun fərqlənməsinə mane olub. İlk yarıda hesab açılmayıb.

İkinci yarı bir qədər sönük başlayıb. Bu hissədə ilk təhlükəli hücumu Almatı təmsilçisi təşkil edib. Bu dəfə də Lav Məhəmmədəliyev səddini keçə bilməyib. Əvəzində 58-ci dəqiqədə “Qarabağ” hesabı açıb. Vadji qapıçı ilə üzbəüz epizodu boşa verməyib.

Qoldan sonra meydanda maraqlı hadisə baş verib. Qurban Qurbanov Kadi Borgesi Ramil Şeydayevlə əvəzləyərkən braziliyalı yarımmüdafiəçi meydandan çıxsa da, referi Azərbaycan millisinin hücumçusunun oyuna girməsinə icazə verməyib. Nəticədə “köhlən atlar” təqribən 1 dəqiqəyə yaxın azlıqda oynayıblar. 

68-ci dəqiqədə “Kayrat” tarazlığı bərpa edib. Meydan sahiblərinin heyətində Joze Kante fərqlənib. 72-ci dəqiqədə Zubir ağdamlıları yenidən hesabda önə keçirib. 81-ci dəqiqədə “Qarabağ”ın qapıçısı növbəti dəfə Lavla dueldən qalib ayrılıb.

Kayrat 1-2 Qarabağ / Kairat vs Qarabag 1-2 / Кайрат 1-2 Карабах – 04.11.2021…

Bununla da Bakıda olduğu kimi, səfərdə də “Kayrat”a 2:1 hesabı ilə qalib gələn “Qarabağ” xallarını 10-a çatdırıraq liderliyə yüksəlib. İndi 10 xalla 1-ci yerdə qərarlaşan “köhlən atlar” “Omoniya” (2 xal) və “Kayrat” (1 xal) üçün artıq əlçatmazdır. Azərbaycan təmsilçisi ilə yanaşı, 8 xalı olan “Bazel” də növbəti mərhələyə adlayıb.

Beləliklə, “Qarabağ” Futbol Klubu avrokuboklarda qrupdan çıxan ilk Azərbaycan klubu kimi tarixə düşüb.

Qeyd edək ki, Konfrans Liqasında qrup qalibləri birbaşa 1/8 finala yüksəlirlər. 2-ci yeri tutanlar isə Avropa Liqasında öz qrupunu 3-cü sırada tamamlayan kollektivlərlə pley-off oyunları keçirəcəklər.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın