“Qarabağ” Futbol Klubu UEFA Konfrans Liqasının pley-off mərhələsində cavab oyununda “Marsel”lə bacarmadı. 

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda Tofiq Bəhramov adına Respublika stadionunda Fransa “Marsel”ini qəbul edib. 

Qarşılaşma “köhlən atlar”ın 0:3 hesablı məğlubiyyəti ilə sona çatıb. Görüşün ilk 10 dəqiqəsi kəşfiyyat xarakteri daşıyıb. 12-ci dəqiqədə qonaqların heyətində Pap Quye fərqlənib. Qoldan sonra Azərbaycan təmsilçisi təzyiqi artırıb.

34-cü dəqiqədə “Qarabağ”ın futbolçusu İbrahima Vadji topu əllə rəqib qapısından keçirib. Baş hakim Bartoş Frankovski ilk olaraq mərkəzi göstərib. Qonaqların futbolçuları və məşqçilər heyəti buna kəskin şəkildə etiraz ediblər. Yalnız “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun müdaxiləsi və Vadjinin əllə oynadığını boynuna almasındən sonra polşalı referi qolu ləğv edib. İnsidentə görə “Marsel”in qapıçısı Stiv Mandanda və “Qarabağ”ın yarımmüdafiəçisi Filip Ozobiçəyə sarı vərəqə göstərib. “Köhlən atlar” hissənin sonlarınadək bir neçə dəfə təhlükəli qol epizodu yaratsa da, istəyinə çata bilməyib. 

İkinci yarıya da meydan sahibləri daha sürətli başlayan tərəf olub. 54-cü dəqiqədə Qurban Qurbanov Filip Ozobiçin yerinə ikinci hücumçunu – Ramil Şeydayevi meydana buraxıb. Buna baxmayaraq rəqib müdafiəçilər və qapıçı bir neçə epizodda fərqlənməyə icazə verməyib. 68-ci diqəqədə başqa forvard Rüstəm Əhmədzadə Vadjini əzəvləyib. 

Ramil Şeydayev
Ramil Şeydayev

70-ci dəqiqədə Ramil Şeydayev hesabı bərəbərlişdirməyə yaxın olub. Hücumçu Mandanda ilə təkbətək çıxsa da, qapıçı topu dəf edib. 74-cü dəqiqədə Kevin Medinanın uzaq məsafədən zərbəsi qapının üstündən keçib. İki dəqiqə sonra Şeydayevin başla zərbəsi də təhlükəli alınıb. Əvəzində 77-ci dəqiqədə Matteo Genduzi “Marsel”in ikinci qoluna imza atıb. Qoldan sonra Musa Qurbanlı Abdullah Zubiri, İsmayıl İbrahimli isə Qara Qarayevi əvəzləyib. 90+2-ci dəqiqədə Konrad de la Fuente görüşdə son nöqtəni qoyub. 

Fransadakı ilk qarşılaşmada rəqibinə 1:3 hesabı ilə uduzan “Qarabağlılar” UEFA Konfrans Liqasında mübarizəni dayandırıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın