“Qarabağ” Futbol Klubu UEFA Konfrans Liqasının pley-off mərhələsində cavab oyununda Şotlandiyanın “Aberdin” klubunun qonağı olub.
YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Bakıdakı ilk görüşdə 1:0 hesablı qələbə qazanan Ağdam təmsilçisi səfərdə rəqibini 3:1 hesabı ilə üstələyib və qrup mərhələsinə vəsiqə qazanıb.
Qarşılaşma “köhlən atlar”ın üstünlüyü şəraitində keçib. 8-ci dəqiqədə Toral Bayramov cərimə meydançasında güclü zərbə ilə hesabı açıb. Bundan 10 dəqiqə sonra komandanın yeni transferi Kadi Borges şotlandiyalıları növbəti dəfə mərkəzə dəvət edib.
İlk yarı bu hesabla sona çatıb. İkinci yarıda da Azərbaycan təmsiçisi qarşılaşmada nəzarəti əlində saxlayıb. Meydan sahiblərinin hücumları isə nəticəsiz qalıb. Əvəzində 72-ci dəqiqədə Abdullah Zubir fərqi 3 topa çatdırıb. 90+2-ci dəqiqədə Luis Ferqyusson penaltidən fərqlənərək təsəlli qoluna imza atıb.
Beləliklə, “Qarabağ” ardıcıl 8-ci mövsüm avrokubokların qrup mərhələsində iştirak hüququna yiyələnib. Ağdam komandası Avropa Liqasının qrup mərhələsində 6, Çempionlar Liqasının qrupunda isə bir dəfə mübarizə aparıb.
Qeyd edək ki, Konfrans Liqasının püşkatma mərasimi bu gün Bakı vaxtı ilə 15:30-da baş tutacaq.
Qurban Qurbanov: Qarabağın oyunçuları bu qələbəni haqq edirdilər
“Futbolçularımı təbrik etmək istəyirəm. Dünən də bildirmişdim ki, ağır yol gəlmişik və çətin oyunlardan çıxmışıq. Oyunçular belə qələbəni haqq edirdilər”.
Bu fikirləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Şotlandiyada “Aberdin”i 3:1 hesabı ilə məğlub etdikləri Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.
49 yaşlı mütəxəssis stadiondakı atmosferin möhtəşəm olduğunu söyləyib: “Azarkeşlər də çox mədəni idi. Həm komanda, həm də baş məşqçiləri özlərini mədəni aparırdı. “Aberdin”ə və onların azarkeşlərinə uğurlar və daha yaxşı nəticələr arzulayıram. Sonda öz “Qarabağ”lılarımı, azərbaycanlılarımı təbrik edirəm. Doğurdan da çox möhtəşəm qalibiyyət oldu”.
“Qarabağ” FK möhtəşəm qələbədən sonra Bakıya qayıtdı
Klubun rəsmi “Facebook” səhifəsinin məlumatına görə, Ağdamın “Qarabağ” klubu Bakıya qayıdıb. Heydər Əliyev adına Beynəlxalq Aeroportda futbolçuları fanatlar böyük coşqu ilə qarşılayıb.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıdakı qarşılanma zamanı jurnalistlərə açıqlamasında deyib: “İlk olaraq, futbolçularımı təbrik etmək istəyirəm. Ağır yol gəlmişik. Konfrans Liqasında hər üç rəqibə qarşı oyunlar asan keçməyib, ancaq uğurlu alınıb”.
49 yaşlı mütəxəssis səfərdəki qarşılaşmanın final oyununa bərabər olduğunu söyləyib: “Bu görüşdə az səhv etməli idik. Oyunçular bunu bacardılar və 90 dəqiqə diqqətli oldular. Düşünürəm ki, onlar bu qələbəyə layiq idilər. Azarkeşləri və bütün azərbaycanlıları təbrik edirəm. Ən azından bir neçə komanda yenə bizim ölkəmizə gələcək və avrokubok həyəcanı Bakıda olacaq. Buna görə sevinirəm”.
Qurbanov 7 ildən sonra avrokuboklara çempion kimi yollanmamalarına da münasibət bildirib: “Həmişə Allahdan xeyirlisini istəmişəm. Çempion olmadığımıza görə çox üzülürdük. Bu dəfə qrupa düşmək bizim üçün heç də asan deyildi. Çempion olmamışdıq və qrupa düşməsəydik, bəlkə bizə fərqli gözlə baxardılar və güvən azalardı. Ancaq xeyli peşəkarlaşmışıq. Bu, həm kluba, məşqçilər heyətinə, həm də futbolçulara aiddir. İdmanda daimi qalibiyyət yoxdur. Hardasa məğlub olmalıyıq. Bunu dünyanın güclü klublarında və milli komandalarda görmüşük. Sadəcə, həmişə işimizi doğru, düzgün yerinə yetirməyə və uğur olmayanda isə ondan nəticə çıxarmağa çalışmışıq. Hər məğlubiyyət bir müddət təsir edir. Ancaq sonra bütün komanda, kollektiv və klub olaraq özümüzü ələ aldıq və belə turnirə hazırlaşdıq. Hansı turnirdə iştirak etməyimizdən asılı olmayaraq, həmin yarışda ən yaxşısını etməyə çalışmışıq. Qrupa düşməyi bacardıq. Bir neçə gün istirahətdən sonra gələcək planlarımızı quracağıq”.