Ermənistanla Azərbaycan arasında Vətəndaş Sülh Platformasının həmsədri Artur Ağacanov və bir qrup Qarabağ ermənisi Ermənistan sakinlərinə müraciət ediblər.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, “İnterfaks-Azərbaycan”a daxil olan müraciətdə deyilir:

“20 iyun seçkilərinin yaxınlaşması ilə Ermənistanda indiki Baş nazir səlahiyyətlərini yerinə yetirən Nikol Paşinyan və müxalif namizədlər arasında daxili siyasi mübarizə alovlanır. Daha çox seçicini öz tərəfinə çəkmək və daha vətənpərvər görünmək üçün bütün siyasi güclər Azərbaycana şifahi hücum taktikasını seçiblər. Özəlliklə də, İrəvandan guya Azərbaycan Silahlı Qüvvələrinin Zəngəzurdakı Ermənistan ərazilərini ələ keçirməsi ilə bağlı əsassız ittihamlar səslənir.

Biz, ilk növbədə, erməni xalqına müraciət edirik. Hörmətli Ermənistan vətəndaşları, heç bir işğal barədə söhbət gedə bilməz. Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhədlərin delimitasiyası prosesi gedir. Onsuz da mürəkkəb olan durumu siyasiləşdirmək və çətinləşdirmək istəyən qüvvələrin yedəyində getməyə ehtiyac yoxdur. Aydın məsələdir ki, bəzi bölgələrdə ölkələr arasındakı sərhədlərin haradan keçməsinə dair tərəflər arasında fikir ayrılıqları var.

Sovet dövründə mövcud olan sərhədlər əsasında bu məsələlərin həllinə davam etmək lazımdır. İstənilən halda, sərhədləri müəyyənləşdirmək gərəkdir. Sərhədlər nə qədər tez müəyyən olunsa, hər iki tərəf üçün də bir o qədər yaxşı olar. Daha sonra Azərbaycanla Ermənistan arasındakı yollar və kommunikasiya xətləri açılmalıdır. Ermənistanın özünün siyasi, iqtisadi və sosial durumu, ilk növbədə, bundan asılıdır”.

Müraciəti Artur Ağacanov, Valeri Yeritsyan, Georgi Arakelyan, Leva Yaxşibekov, Karina Yeritsyan və başqaları imzalayıblar.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın