Sevindirici haldır ki, Qarabağ atlarının keçmişdəki ad-sanını yenidən qaytarmaq istiqamətində işlər görülməyə başlayıb, Ağdam Atçılıq Zavodunun tikintisi başa çatdırılacaq.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, tarixən Azərbaycanın fəxrinə çevrilən, ona ad-san qazandıran milli sərvətlərdən biri də Qarabağ atları olub. Qarabağ atları ilə bağlı məlumatlarla tanış olanda görürük ki, bu növ Qafqazda və Asiyada ən qədim at cinsi sayılır.

XVII-XVIII yüzilliklərdə bu at cinsi Qarabağ xanlığında daha da təkmilləşdirilib. Bu cinsdən olan atlar, hətta Şimali Qafqaza, Dona və Rusiyanın cənubunda yerləşən bir çox at zavodlarına da aparılıb. İndi “Ərəb”, “Don”, “Budyonnı” kimi tanınmış at cinsləri arasında Qarabağ atları da özəl yer tutur.

Qarabağ atları beynəlxalq cıdır yarışlarında da bir çox uğurlara imza atmaqla Azərbaycanı dünyaya tanıdıb. Qarabağ atlarından ən dəyərli hədiyyə kimi istifadə olunduğu da bilinir. SSRİ dövlət başçısı Nikita Xruşşov İngiltərə kraliçasına məhz Qarabağ atı bağışlayıb.

Çevik, iti qaçışlı, dağ minik at cinsi olduğundan Qarabağ atlarından hələ lap qədim zamanlardan döyüş məqsədləri üçün də istifadə edilib. Sonralar rus süvari qoşunlarında, və yaxın Qarabağ döyüşlərində də igidlərimizin yardımına çatıb. Qarabağ döyüşlərində dağlıq mövqelərə silah-sursat daşımaq üçün atlardan istifadə edilib.

Qarabağ döyüşlərindən sonra qarabağlılar kimi Qarabağ atlarının da həyatı təhlükə ilə üz-üzə qalıb. Ağdam işğal olunanda atçılıq zavodu üçün də böyük təhlükə yaranıb. Lakin vaxtında görülən işlər sayəsində atları vaxtında köçürmək olub. Atlar öncə Yevlax rayonu ərazisində yerləşdirilsə də, əlverişli şərait olmadığına görə sonralar Ağcabədi rayonuna köçürülüb.

Talellərinə didərginlik yazılmış Qarabağ atları illərlə köhnə, uçuq-salxaq tövlələrdə saxlanılıb. İllərlə diqqət və qayğından qıraqda qalıblar. Ancaq sevindirici haldır ki, Qarabağ atlarının öncəki ad-sanını yenidən qaytarmaq yönündə işlər görülməyə başlayıb.

Belə ki, kənd təsərrüfatı naziri İnam Kərimov təyinat aldığı bu qısa müddət boyunca iki dəfə Ağdam Atçılıq Zavodu üçün inşa olunan tikintiyə baş çəkib. Azərbaycan Atçılıq Federasiyasının prezidenti general mayor, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev də işlərin gedişatı ilə yaxından tanış olmaq üçün ərazidə olub.

İş icraçısı Fəqan Əliyev Spuntik Azərbaycan-ın bölgə müxbirinə bildirib ki, burada işlərin yerinə yetirilməsinə hələ 2015-ci ildən başlanıb. Arada maliyyə çatışmazlığı olduğundan işlər bir müddət ləngiyib. Ancaq İnam Kərimov Kənd Təsərrüfatı Naziri təyin ediləndən sonra işlərin gedişatı sürətlənib. Nazirin tapşırığına görə, sentyabrın 1-nə qədər işlərin sonlaşacağı və təhvil verilməsi gözlənilir.

Layihənin icra olunduğu yer 30 hektar torpağı tutur ki, onun da 15 hektarı tikinti altına düşür. Qalan 15 hektar torpaqda isə yaşıllıqların salınması, ağac və gül kollarının əkilməsi, ot örtüyünün çəkilməsi planlaşdırılır.

F.Əliyev deyib ki, layihənin planına görə, ərazidə atlar üçün tövlələr, tamaşaçıların yarışları izləyə biləcəyi cıdır meydanı, atabaxanlar üçün evlər, karantin yerləri, laboratoriya, sərgi salonu tikilib istifadəyə veriləcək.

İş icraçısı onu da vurğulayıb ki, atçılıq zavodunun tikintisində istifadə olunan materialların 80 faizə qədəri xaricdən, başlıca olaraq, İran və Hollandiyadan gətirilib. Bu da işlərin yüksək keyfiyyətlə başa çatdırılmasına zəmanət vermiş olur.

Ümid edirik ki, görülən kompleks işlər sayəsində Qarabağ atları Azərbaycana bundan sonra da ad-san qazandıracaq.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın