Qazaxıstanda yeni ilin ilk günlərində baş verən iğtişaşlar hələ də davam edir. Artıq hətta iğtişaşların qarşısının alınmasına dəstək üçün Qazaxıstana üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı kontingenti də yeridilib.

Ancaq bu qərar bir çox yerlərdə olduğu kimi missiyada hərbi kontingenti ilə təmsil olunan Rusiyanın özündə belə birmənalı qarşılanmayıb. İlk növbədə bu missiyanın qanunsuz əsaslarla ölkəyə girdiyi vurğulanıb. Sülhməramlıların əsl məramı ilə bağlı olduqca maraqlı suallar ortaya çıxıb.

Məlum olduğu kimi Rusiya Qazaxıstana özünün hava-desant qüvvələrini cəlb edib. Qazaxıstana məhz bu qüvvələrin cəlbi və sözügedən kontingentin “keçmişi” 1990-cı ilin yanvarında Bakıda baş vermiş qanlı qırğını yada salıb. Həmin vaxt məhz “desantçılar”ın Bakıya girərək törətdiyi qətllər hər birimizin yaddaşındadır.

“Qanlı yanvar” hadisələri ilə Qazaxıstana desantçıların yeridilməsi arasındakı bu uyğunluğa rusiyalı jurnalist Andrey Karaulov diqqət çəkib. Özünün “YouTube” kanalındakı müəllif proqramında çıxışı zamanı məşhur sovet jurnalisti ölkəsini tənqid etməkdən çəkinməyib. O, nə Rusiyanın, nə də KTMT-nin başqa heç bir üzvünün Qazaxıstana qoşun yeritməsinin qanuni əsası olmadığını vurğulayıb.

Belə ki, A.Karaulov KTMT nizamnaməsinə görə Qazaxıstana qoşun yeridilməsinin yalnız xarici hərbi təcavüz olduğu halda mümkünlüyünü vurğulayıb. Ortada bu cür faktın olmadığını, indiki halda isə sözügedən addımın qanunsuz olduğunu vurğulayıb. Qazaxıstana Rusiya desantçılarının girməsi ilə “Qanlı yanvar” hadisələri arasında paralel aparan jurnalist qeyd edib:

“Qazaxıstana Rusiya Qvardiya qoşunlarının yox, desantçıların yeridildiyini anlamaq lazımdır. Eynilə 90-cı ilin yanvarında desantçılar Bakıya yeridilmişdi. Biz “Qanlı Yanvarı” xatırlayırıq. Həmin vaxt Bakıda general Lebedin desantçıları şəhərin dinc sakinlərini zirehli transportyorlarla əzdilər və süngüyə keçirdilər. Onların qurbanları arasında südəmər körpə də, 92 yaşlı qoca da var idi. Bizim desantçıların bütün qurbanları Bakıda Şəhidlər Xiyabanında dəfn olunub. Yeri gəlmişkən ora Prezident Putin də baş çəkib və həlak olanların məzarlarına gül qoyub. Lebedin desantçıları Azərbaycanın ozamankı rəhbəri Vəzirovu xilas etmişdilər”.

A.Karaulov eyni zamanda Bakıda baş vermiş hadisənin Heydər Əliyevin çıxışı sayəsində bütün dünyaya çatdırıldığını söyləyib və indi Rusiyada heç kimin Qazaxıstana qoşun yeridilməsinə etiraz etməməsindən təəccübləndiyini bildirib.

İndi durum ətrafındakı ritorikanın yalnız axmaqlar üçün olduğunu qeyd edən jurnalist Vladimir Putinin bir vaxtlar “Qanlı Yanvar” qurbanlarının məzarı qarşısında baş əydiyini, indi isə onun özünün Qazaxıstana qoşun yeridilməsi qərarı verdiyini bildirib.

İstənilən halda rusiyalı jurnalistin toxunduğu mətləblər bu gün bir çox ekspert dairələri tərəfindən narahatlıqla qarşılanan məqamlardır. Rusiya qoşunlarının Qazaxıstana daxil olmasının qanuni əsaslarının olmaması isə demək olar ki, hər kəs tərəfindən qəbul olunan həqiqətdir.

Üstəlik ölkədə sülhməramlıların olması da qeyri-müəyyənliyə gətirib çıxarır. Belə olan halda istənilən təxribatın olduqca ağır fəsadlar verməsi qaçılmaz haldır. Burada sadə Qazaxıstan vətəndaşlarının qurbana çevrilməsi isə ən dəhşətli ssenarilərdən biri olacaq.

90-cı ilin yanvar hadisələri ilə müqayisədə bu gün Qazaxıstanda baş verənlər daha qanlı aktlara, toqquşmalara çevrilə bilər. Çünki sülhməramlıların konkret olaraq təyinatı belə bilinmir. Rusiya kontingentinin hansı missiyanı yerinə yetirəcəyi, ümumiyyətlə belə bir missiyaya gərək olub-olmaması belə müəyyən deyil.

Bilinən bir şey varsa, o da Rusiya desantçılarının Qazaxıstandakı varlığının indi təxribatlar üçün daha ideal zəmin yaratmasıdır. Çünki indiki durumda istənilən kiçik bir təxribat desantçıların Qazaxıstanda yerləşmə müddətini artıra, xidmətlərinin təyinatında kəskin dəyişikliklərə gətirib çıxara bilər.

İmperiya maraqlarının ön plana çıxdığı indiki durumda Rusiya üçün həmin “kiçik” təxribatlar növbəti “manevr”lər üçün güclü arqumentlərə çevrilə bilər. Həmin arqumentlər isə sülhməramlı missiyanın “ömrünü” illərlə uzada bilər…

Bir faktı da qeyd edək ki, bu gün üzərindən 32 il keçdikdən sonra rusiyalı jurnalistin vurğuladığı “Qanlı Yanvar” hadisələrinin təkrarlanması təhlükəsi olduqca realdır. Ortada tələbləri olan bir xalq, hakimiyyətini qorumaq istəyən qüvvələr və Rusiya desantçıları var.

Hər halda Qazaxıstanda baş verən hadisələrin hansı məcraya yönələcəyi böyük və qaranlıq bir sual olaraq qalmaqdadır. Bu qaranlıq isə bütün regionun gələcəyi üçün böyük təhlükəyə çevrilə bilər…

Казахстан: новая кровь
KİMOrxan Tağıyev
MƏNBƏOxu.az
Öncəki xəbərÜST Omikron ştamının koronavirusun yüngül forması olmadığını deyir
Sonrakı xəbərPəncşir əyalətində “Taliban”la yerli qüvvələr arasında döyüşlər gedir
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın