Rusiya, İran və Türkiyə prezidentləri Vladimir Putin, İbrahim Rəisi və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Suriya nizamlanması üzrə Astana üçlüyünün görüşü başa çatıb.

YALAN.info bildirir ki, görüşün sonunda birgə bəyannamə qəbul edilib.

Bəyannaməyə görə, Rusiya, İran və Türkiyə Suriyaya qarşı bütün birtərəfli sanksiyaları rədd edir. Tərəflər Suriyanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə sadiq qalır və hesab edirlər ki, Suriya münaqişəsinin hərbi yolla həlli yoxdur.

Görüşdə çıxış edən İran Prezidenti İbrahim Rəisi deyib ki, Suriyada yeganə çözüm yolu diplomatiyadır. Hərbi müdaxilə problemi artırır.

Türkiyə lideri öz növbəsində vurğulayıb k, Suriya böhranından irəli gələn problemlər danışıqları zəruri edir: “Astana platforması konkret addımlar ata biləcək yeganə təşəbbüsdür. Gözləntimiz Rusiya və İrandan Türkiyəyə bu mübarizədə dəstək verməkdir. PKK, PYD, YPG terroru hamımızın ortaq problemidir. Mən inanıram ki, biz birlikdə bu məqsədlərə nail olacağıq. Suriyanın ərazi bütövlüyünə ən böyük maneə terrordur. Qarşıdakı dövrlərdə də qanlı terror təşkilatlarına qarşı mübarizəmizi davam etdirəcəyik. Ümid edirəm ki, bu gün qəbul edəcəyimiz qərarlar Suriyadakı siyasi keçid prosesinə kömək edəcək”.

Rusiya Prezidenti Vladimir Putin isə bildirib ki, suriyalılar xarici müdaxilə olmadan öz müqəddəratlarını həll etməlidirlər. “Ölkələrimiz Suriya torpaqlarındakı olan terror yuvalarını aradan qaldırmaq üçün səy göstərəcək. Suriyalı qaçqınlar üçün əlimizdən gələni etməliyik”, – Putin vurğulayıb.

Həmçinin İran və Türkiyə liderləri Putinin dəvəti ilə növbəti üçtərəfli sammitin Rusiyada keçirilməsinə razılıq veriblər.

Yada salaq ki, Rusiya, İran və Türkiyə Prezidentlərinin görüşünün hələ 2020-ci ildə Tehranda keçirilməsi planlaşdırılsa da, koronavirus pandemiyası səbəbindən tədbir dəfələrlə təxirə salınıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın