“ABŞ-da keçiriləcək prezident seçkilərində Donald Trampın qalib gəlməsi Azərbaycanın maraqlarına uyğundur”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Teleqraf.com-a politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert hakimiyyətinin dörd ilində Ermənistan əleyhinə bir sıra addımlar atan ABŞ prezidentinin ermənilər tərəfindən o qədər də sevilmədiyini bildirib:

“ABŞ-da keçirilən seçkilər beynəlxalq münasibətlər sistemində mühüm rol oynayan siyasi hadisədir. Respublikaçıların namizədi Donald Tramp və Demokratların namizədi Co Bayden – hər iki şəxs yetərincə ciddi çəkisi olan siyasətçilərdir. Qənaətimə görə, Baydenin reytinqi yüksək olsa da, Trampın seçilməsi daha real görünür.

Hesab edirəm ki, Cənubi Qafqaz və Azərbaycan üçün məqbul olan əsas namizəd Trampdır. Çünki Trampın Baydendən fərqli olaraq, Türkiyə və Azərbaycana qarşı münasibəti müsbətdir və biz bunu dörd il ərzində müşahidə etmişik. Onun Qarabağ məsələsindəki neytrallığı və bu illər ərzində Azərbaycana hərbi yardım göstərməsi özəl önəmi var.

İndiki ABŞ prezidentinin Azərbaycana 100 milyon dollar yardım etməsini unutmamışıq. Qarabağ separatçılarına ayrılan yardımı dayandırmaqla yanaşı, Ermənistana maliyyə yardımını da azaltdı. Onu da yada salım ki, Trampın keçmiş müşaviri Con Bolton iki il öncə regiona səfəri çərçivəsində Ermənistandan işğal etdiyi Azərbaycan ərazilərini boşaltmağı tələb etmişdi. Bütün bunlar onu göstərir ki, Tramp növbəti dəfə dörd il üçün prezident seçilsə, ABŞ-Azərbaycan əlaqələrinin inkişafına hərbi-texniki müstəvidə də töhfə verə bilər”.

Məhəmməd Əsədullazadə qeyd edib ki, ABŞ-dakı erməni lobbisinin namizədi Co Baydendir:

“Bunun əsas səbəbi Baydenin anti-Türkiyə siyasətidir. Hesab edirəm ki, Tramp prezident kürsüsündə qalarsa, Bakı Vaşinqtonla əlaqələri gücləndirməli, Amerikada Türkiyə və Azərbaycan lobbisinin inkişafi üçün addımlar atmalıdır. Trampın hakimiyətdə qalması Azərbaycan üçün yeni şanslar yaradacaq. Azərbaycan bundan maksimum istifadə etməlidir”.

Xatırladaq ki, bu gün ABŞ-da prezident seçkiləri günüdür. Dövlət administrasiyasının indiki başçısı respublikaçı Donald Tramp və demokrat Cozef Bayden dövlət başçısı postu uğrunda mübarizə aparır.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın