Polşanın paytaxtı Varşavada Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin qoşulduğu NATO-nun Sammiti öz işinə başlayıb.

NATO-nun Varşava Sammitində Alyansa üzv olan və İSAF proqramına qoşulan tərəfdaş ölkələrdən, BMT, Avropa Birliyi və başqa beynəlxalq qurumların nümayəndələri iştirak edirlər.

NATO-nun baş katibi Yens Stoltenberq və Polşa Prezidenti Andjey Duda Azərbaycan Prezidenti İlham Əliyevi, həmçinin digər dövlət və hökumət başçılarını salamladılar.

Dövlət və hökumət başçıları birgə foto çəkdirdilər
Dövlət və hökumət başçıları birgə foto çəkdirdilər

Sonra NATO-nun Sammiti işə başladı.

Alyansın baş katibi Yens Stoltenberq iştirakçı ölkələrin dövlət və hökumət nümayəndələrini, həmçinin beynəlxalq təşkilatların rəsmilərini salamlayaraq, Zirvə görüşünün uğurla keçəcəyinə əminliyini ifadə etdi.

Daha sonra NATO-ya üzv ölkələrin dövlət bayraqları Sammitin keçirildiyi salona gətirildi.

Dövlət və hökumət başçıları NATO əməliyyatlarında həlak olan hərbçilərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

NATO-nun baş katibi Yens Stoltenberq ötən Zirvə görüşündən sonra görülən işlər barədə məlumat verdi. Bildirdi ki, Estoniya, Latviya və Litvada NATO-nun fəaliyyətinin gücləndirilməsi istiqamətində müəyyən işlər görülüb. “Bütün bunlar bizdən xüsusi səy tələb edəcək. Biz düzgün istiqamətdə irəliləyirik və irəliləyəcəyik”, – deyən Y.Stoltenberq Sammitə yüksək səviyyədə ev sahibliyi etdiyinə görə Polşa Respublikasına minnətdarlığını çatdırdı.

Polşa Prezidenti Andjey Duda NATO Sammitinin ölkəsində keçirilməsindən məmnunluğunu bildirdi. Qeyd etdi ki, hazırda demokratik dəyərlər təhlükə altındadır və münaqişələr dünyada qeyri-sabitliyin yaranmasına, terrorizm kimi çağırışların üzə çıxmasına xidmət edir. Andjey Duda vurğuladı ki, bu gün xalqlarımız bizdən üzərimizə götürdüyümüz öhdəliklərin yerinə yetirilməsini gözləyir.

Qeyd edək ki, Varşava Sammiti ilə NATO adaptasiya prosesinin yeni mərhələsinə qədəm qoyur. NATO Estoniya, Latviya, Litva və Polşada dörd batalyonunu yerləşdirməklə Alyansın şərq hissəsində NATO qüvvələrinin mövcudluğunu daha da gücləndirəcək. Sammitdə Cənubdan qaynaqlanan çağırışlara NATO-nun daha da uyğunlaşdırılması üçün çərçivə sənədi qəbul ediləcək.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev: Ermənistan regional təhlükəsizliyə ciddi təhdid yaradır

NATO-nun Varşava Sammitində “Dövlət və hökumət başçıları səviyyəsində “Qətiyyətli dəstək” missiyası çərçivəsində aparılan əməliyyatlarda iştirak edən tərəfdaş dövlətlərlə Əfqanıstan üzrə görüş” mövzusunda sessiyada bu məsələlərə toxunan Prezident İlham ƏLİYEV dedi:

– Cənab baş katib, həmkarlar.

Əfqanıstanın təhlükəsizliyi və davamlı inkişafı regional və qlobal sabitlik üçün olduqca əhəmiyyətlidir.

NATO-nun etibarlı tərəfdaşı və Əfqanıstanın dostu kimi Azərbaycan “Qətiyyətli dəstək” missiyasına əsgərləri vasitəsilə verdiyi nəzərəçarpan töhfəsini davam etdirəcək və müxtəlif növ tranzit daşımalarını təmin edəcək.

Azərbaycan Əfqanıstanın milli ordusunun Qəyyumluq Fonduna artıq bir neçə dəfə əhəmiyyətli yardımlar göstərib. Biz götürdüyümüz öhdəliklərə uyğun olaraq, həmin Fondu maliyyə baxımından dəstəkləməkdə davam edəcəyik.

Biz Əfqanıstan ilə uzunmüddətli siyasi tərəfdaşlığa və praktiki əməkdaşlığa sadiq qalırıq və “Qətiyyətli dəstək” missiyası başa çatdıqdan sonra geniş Davamlı Tərəfdaşlıq Proqramı çərçivəsində töhfəmizi verməyi nəzərdə tuturuq.

Azərbaycanın Əfqanıstanda sabitliyə və inkişafa verdiyi töhfə NATO əməliyyatlarındakı iştirakımızdan əlavə olaraq həyata keçirilir.

Biz hərbi tədris, təhsil, infrastruktur, daşıma, sərmayələr və qadınların cəmiyyətdə rolunun artırılması kimi sahələrdə praktiki yardım göstərməklə, Əfqanıstanı etibarlı gələcəyə doğru islahatlar yolunda ikitərəfli qaydada dəstəkləyirik.

Azərbaycan yaxın gələcəkdə başa çatdırılacaq Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçirilməsinə əhəmiyyətli dərəcədə maliyyə və texniki dəstəyini göstərib. Bu layihə Avropa və Asiyanın dəmir yolu xətlərini Azərbaycan vasitəsilə birləşdirəcək. Əfqanıstan, həmçinin bu mühüm daşımalar şəbəkəsinə qoşula bilər.

Xəzər regionunda ölkəmizin ən iri Beynəlxalq Ticarət Limanının tikintisi Avrasiyada əməkdaşlıq üçün yeni imkanlar yaradır. Əminəm ki, Əfqanıstan, həmçinin bu layihədən faydalanacaq.

Azərbaycan–NATO tərəfdaşlığı beynəlxalq hüququn və təhlükəsizliyin bölünməzliyi prinsiplərinə əsaslanır. Əfsuslar olsun ki, həmin prinsiplər hələ də pozulur. Azərbaycanın ərazisinin təxminən 20 faizini silahlı qüvvələri ilə işğal etmiş və bir milyona yaxın azərbaycanlıya qarşı etnik təmizləmə aparmış, hərbi cinayətlər törətmiş Ermənistanın Azərbaycana qarşı davamlı şəkildə gücdən istifadəsi nəinki ölkəmizin ərazi bütövlüyünü pozur, o cümlədən regional təhlükəsizliyə ciddi təhdid yaradır.

İyirmi ildən artıqdır ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan ərazisindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən müvafiq qətnamələrini yerinə yetirməkdən imtina edir. Biz status-kvonun qəbuledilməzliyini bəyan edən ATƏT-in Minsk qrupunun həmsədrlərinin, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin bəyanatlarını dəstəkləyirik. Status-kvonun dəyişdirilməsi Azərbaycan ərazilərinin işğaldan azad edilməsi deməkdir. Biz Varşava Sammitinin Bəyannaməsində bir daha qeyd edildiyi kimi, Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və suverenliyinə NATO-nun yenidən verdiyi dəstəyi yüksək dəyərləndiririk.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın