Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev paytaxtın Səbail rayonunda yeni salınmış “Çəmbərəkənd” parkında yaradılan şəraitlə tanış oldu.

YALAN.info bildirir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlət başçısına parkda görülən işlərlə bağlı məlumat verib.

Bildirildi ki, paytaxtın Həsən Seyidbəyli küçəsində istifadəsiz ərazidə salınmış yeni parkda yaşıllaşdırma işləri aparılıb, 1200 metr uzunluğunda piyada yolları salınıb, sakinlərin mənalı istirahəti və asudə vaxtlarını səmərəli keçirmələri üçün hər cür şərait yaradılıb. Parkda estakada üzərində piyadalar üçün 147 metr uzunluğunda körpü salınıb, şəhər mənzərəli iki terras düzəldilib, müasir standartlara cavab verən fəvvarə qurulub, ərazidə iaşə obyekti, sanitar qovşaq və inzibati bina tikilib.

Ərazinin relyefinə uyğun olaraq sürüşmənin qarşısını almaq üçün istinad divarı çəkilib. Həmçinin ərazidə müasir idman və uşaq əyləncə qurğuları quraşdırılıb. Ərazisi 4 hektar olan parkın yaşıllıq sahəsinə qazon örtük döşənib, 50 mindən çox müxtəlif növ ağac, kol və güllər əkilib. Prezident İlham Əliyev yeni parkdan paytaxtın görüntüsünü izlədi.

Onu da bildirək ki, Prezident İlham Əliyevin Azərbaycanın inkişafı ilə bağlı müəyyənləşdirdiyi strategiyada Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi yönündə görülən işlərin ölçüsü ilbəil daha da artır. Son illərdə paytaxt sakinlərinin və şəhərimizə gələn qonaqların rahatlığına qulluq edən çoxlu müasir sosial infrastruktur layihələri yerinə yetirilib, yeni park və xiyabanlar, istirahət guşələri yaradılıb. Dövlət başçısının təşəbbüsü ilə paytaxtın Səbail rayonunda salınan “Çəmbərəkənd” parkı da onlardan biridir. Burada görülən işlər ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının bir parçası olmaqla paytaxtımızın daha da gözəlləşməsinə qulluq edir.

Prezident İlham Əliyev Bakıda yeni salınmış “Çəmbərəkənd” parkında yaradılan şəraitlə tanış olub

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın