Azərbaycan karateçiləri Bakıda keçirilən Premyer Liqa yarışını 3 qızıl və 3 bürünc medalla başa vurub.

YALAN.info bildirir ki, Azərbaycan karateçiləri tarixində ilk dəfə olaraq Premyer Liqada ən yaxşı nəticəsini göstərib.

Əminağa Quliyev (60 kq), Asiman Qurbanlı (+84 kq) və İrina Zaretskaya (68 kq) qızıl, Tural Ağalarzadə (67 kq), Turqut Həsənov (84 kq) və Murad Hacızadə (+84 kq) bürünc medalla yarışı tamamlayıblar.

Əminağa Quliyev: Bakıdakı yarışda qalib gəlməklə özümü sübut etdim

“Yarış çox yüksək səviyyədə keçirildi. Bu, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarından daha gözəl təşkil olunmuşdu. Bu səbəbdən başda Yaşar Bəşirov olmaqla, hər kəsə təşəkkür edirəm”, – Bakıdakı Premyer Liqa turnirində qızıl medal qazanan Azərbaycan karateçisi Əminağa Quliyev “Report”a açıqlamasında deyib.

60 kq-da fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı özünü sübut etdiyini bildirib: “Gənclər arasında 2 dəfə Avropa çempionu və 1 dəfə qitə 3-cüsü olmuşam. Ancaq böyüklər arasında 4-5 yarış idi uğursuz çıxış edirdim. Bu da böyük yaş kateqoriyasına keçidlə bağlı idi. Düşünürəm ki, bundan sonra daha yaxşı çıxış edəcəyəm”.

O, bütün döyüşlərinin çətin keçdiyini söyləyib: “Qrupdan çıxdıqdan sonra dünya reytinqinin 1-cisi olan türkiyəli Eray Şamdanla qarşılaşdım. Çox çətin görüş alındı. Ona 4:3 hesabı ilə qalib gəldim. Finala gedən yolda Yunanıstan təmsilçisini məğlub etdim. Finalda isə misirli Kərim Aboeittadan güclü oldum. Döyüşün necə çətin keçdiyini hər kəs gördü”.

Asiman Qurbanlı: İslamiadaya görə başqa yarışlara ciddi yanaşmırdım

“Vətəndə qızıl medal qazanıb Azərbaycanın adını uca tutmaq bizim üçün xoşdur. Milli komandamız yaxşı nəticələr verdi. Bizim karateçilər hər zaman güclü olub. Tokio-2020 Yay Olimpiya Oyunlarında 2 gümüş medal qazanmaqla bunu sübut etmişik. Gələcəkdə daha yaxşı nəticələr vermək istəyirik”.

Bunu “Report”a açıqlamasında Bakıdakı Premyer Liqa turnirində qızıl medal qazanan Azərbaycan karateçisi Asiman Qurbanlı deyib. 84 kq-dan yuxarı çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı bildirib ki, bu yarışın Bakıda təşkili onun üçün özəl önəm daşıyırdı: “Vətəndə bacardığından daha çoxunu ortaya qoymağa çalışırsan. Ancaq çempion olmaq, öz xalqını, ailə üzvlərini, bir sözlə, hər kəsi sevindirmək istəyirsən. Sevindirici haldır ki, buna nail ola bildim”.

10 il öncə Bakıda gənclər arasında Avropa çemionu olduğunu yada salan Qurbanlı yenidən Azərbaycanda dünya səviyyəli yarışda fərqləndiyi üçün sevindiyini söyləyib: “Burada qazandığım qızıl medal gələn il keçiriləcək Avropa Oyunları üçün yaxşı xallar verirdi. İndi reytinqdə ən azı ilk “3-lük”dəyəm. Bu isə o deməkdir ki, artıq Oyunlara lisenziya qazanmışam”.

Karateçi bu il Qran-pri yarışlarına elə də ciddi yanaşmadığını vurğulayıb: “Çünki məni daha güclü yarışlar gözləyirdi. Ona görə də bilərəkdən həmin turnirlərə bütün gücümü qoymurdum. İslamiadaya hazırlaşmışdım. Şükürlər olsun ki, Konyadan gümüş medalla qayıtdım. Ancaq mən özümü İslamiadanın qalibi kimi hiss edirəm. Çünki orada çox haqsızlıq oldu. Sübut etdim ki, mən bu çəkinin 1 nömrələrindənəm”.

İrina Zaretskaya: Bakıda döyüşəndə özümü akula kimi duyuram

“Mənə dəstək olan hər kəsə çox sağ olun deyirəm. Bakıda qızıl medal qazandığım üçün xoşbəxtəm. Hər şey super alındı. Tamaşaçıların dəstəyi məni qələbəyə ruhlandırdı. Mən də öz növbəmdə onları sevindirdim. 3 qızıl və 3 bürünc medal əla nəticədir”.

YALAN.info bildirir ki, unu “Report”a açıqlamasında Bakıdakı Premyer Liqa turnirində qızıl medal qazanan Azərbaycanın qadın karateçisi İrina Zaretskaya deyib. 68 kq-da fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı qələbə münasibətilə bütün karateçiləri təbrik edib:

“Bu cür nəticə üçün çox çalışmışdıq. Azərbaycan Premyer Liqa turnirində heç vaxt bu qədər qızıl medal qazanmamışdı. Doğma divarlar arasında bütün gücünü ortaya qoyursan. Çünki zaldakı könüllülər də səni dəstəkləyir. Yerli publika hər xal uğrunda səninlə birlikdə mübarizə aparır. Hakimlərin qazandığın xalı qeydə almaqdan başqa yolu olmur. Özünü akula kimi duyursan və qan qoxusu aldıqda daha irəli gedirsən”.

10 il öncə Bakıda gənclər arasında Avropa çempionu olduğunu yada salan Zaretskaya bu dəfə də ən yaxşı nəticəni göstərmək üçün əlindən gələni etdiyini bildirib: “Finalda udduğum italiyalı Silvia Semeraro ilə dəfələrlə üz-üzə gəlmişəm. Bu il 4-cü duelimiz idi. Hələlik hesab 2:2-dir (gülür). Bugünkü finalda 4:1 hesabı ilə öndə idim. Sonradan ardıcıl səhvlər fərqin azalmasına səbəb oldu. Bu isə məni əsəbləşdirirdi. Xal qazanmaq üçün sürətli qərarlar qəbul etməli idim. Riskə getdim, rəqib isə texniki səhvə yol verdi. Nəticədə Semeraro cərimələndi və mən qələbə qazandım”.

O, final görüşündən sonra Semeraro ilə aralarındakı söhbəti də açıqlayıb: “Nəticədən narazı idi. Ona bildirdim ki, bu idmandır. Portuqaliyadakı yarışda hakimlər mənə qarşı haqsızlıq etmişdilər. Rəqibimə söylədim ki, bu dəfə ədalət təmsilçiləri mənə daha çox köməklik göstərdilər (gülür). Dedim ki, məyus olma, bundan sonra hələ çox görüşlərimiz olacaq”.

Zaretskayanın sözlərinə görə, artıq “Grand Winners” mükafatını qazanması rəsmiləşib: “Məni bu münasibətlə təbrik edə bilərsiniz”.

O, yeni mövsümə Azərbaycanda hazırlaşacağını bildirib: “Buranı sevirəm, Bakıda qalacağam. Gələn il bizi Avropa Oyunları, Dünya Çempionatı gözləyir. Eyni istəklə nüfuzlu yarışlara hazırlaşacağam. Bu medal məni yeni uğurlara həvəsləndirir”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın