Belorus Respublikasından Polşa sərhədini keçməyə çalışan mühacirlərin sayı artmaqda davam edir.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı xarici KİV-lərə istinadla bildirir ki, bununla bağlı Polşanın Sərhəd Mühafizəsi Xidmətinin Byala-Podlyask bölməsinin mətbuat katibi Katajina Zdanoviç jurnalistlər üçün təşkil olunan brifinqdə deyib.

“Mühacirlərin sayı artmaqda davam edir. İndi Kuznitsa düşərgəsində mindən çox mühacir toplaşıb”, – deyə Katajina Zdanoviç bildirib. Onun sözlərinə görə, sərhəd yaxınlığında toplam 4 minə yaxın mühacir cəmlənib. Ötən gecə sərhədin qanunsuz keçilməsinə göstərilən iki cəhdin qarşısı alınıb.

Polşanın Müdafiə Nazirliyi özünün Twitter səhifəsində oxşar olayla bağlı məlumat yayıb: “Mühacirlər Belarus tərəfdən Kuznitsa sərhəd-keçid məntəqəsini keçməyə çalışarkən Polşa ordusu, sərhədçilər və polis əməkdaşları tərəfindən saxlanılıb”.

Qeyd edək ki, noyabrın 8-dən başlayaraq Belarus Respublikasının Latviya, Litva və Polşa ilə sərhədlərində miqrasiya böhranı kəskinləşib. Belarus tərəfdən Polşa sərhədinə toplaşan minlərlə insan tikanlı məftilləri qıraraq Polşa ərazisinə daxil olmağa çalışıb.

Avropa Birliyi ölkələri Minski böhranı qəsdən gərginləşdirməkdə ittiham edir və sanksiyaların tətbiqinə çağırır. Belarus Prezidenti Aleksandr Lukaşenko isə öz növbəsində böhranın yaranmasında fəaliyyətlərinə görə insanların müharibədən qaçdığı Qərb dövlətlərini günahlandırır.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın