Türkiyəni yarım yüzillik qapıda gözlədən “xristian klubu”, Gürcüstan, Ukrayna və Moldovanı öz sıralarında görmək istəyir. Ekspertlər isə düşünürlər ki, Avropa Birliyinin sərhədləri ancaq öz maraqlarına görə genişlənir.

Artıq 2 ilə yaxındır, Avropa Birliyi ilə Ukrayna, Gürcüstan və Moldova arasında ciddi assosiativ anlaşmalara qol çəkilir, iqtisadi bağlantılar qurulur. Son günlər isə belə bir iddia ortaya atılır ki, bu üç dövlət yaxın vaxtlarda Birliyin sıralarına qatılacaq.

Politoloqlar isə mövzuya başqa aspektlərdən yanaşırlar. Türkiyənin Strateji Baxış institutunun başçısı Yusuf Çınar Sputnik-ə açıqlamasında deyib ki, Avropa Birliyinin sərhədləri ancaq öz maraqlarına görə genişlənir.

Onun sözlərinə görə, Baltikyanı ölkələr, məhz Rusiyanın Şərqi Avropada təsirini azaltmaq üçün birliyə qəbul edilib: “Avropa Birliyinin yaradılmasından bu yana sərhədləri tam olaraq dəqiqləşməyib. Bu, Birlik üçün çox böyük üstünlük təmin edir. Sərhədlər ancaq AB-nin maraqlarına görə genişlənir. Soyuq müharibədən sonra Şərqi Avropa ölkələrinin birliyə üzv qəbul edilməsi birlik üçün birinci siyasət olub. Baltik ölkələrini qəbul edən AB, genişlənərək Rusiyanın Şərqi Avropada təsirli olmasının önünə keçib”.

“Qaldı ki, Ukrayna, Gürcüstan və Moldovanın birliyə üzvlük prosesinə, bu üç dövlət Rusiya üçün strateji əhəmiyyəti var. Avropa bu üç dövləti tərkibinə qataraq Rusiyaya boş sahə buraxmaq istəmir”, — politoloq vurğulayıb.

Çınar qeyd edib ki, Türkiyənin AB-yə üzv qəbul edilməməsinin səbəbi 76 milyonluq müsəlman əhaliyə sahib olmasıdır: “Avropa Birliyi müsəlman çoxluğa sahib bir ölkənin qərarverici olmasını istəmir. Bəhs etdiyimiz üç ölkə AB tərəfindən həzm edilə bilər, lakin Türkiyəyə hər istədiklərini qəbul etdirə bilməyəcəklərini özləri də yaxşı bilirlər. Çünki Türkiyə Avropa nəzdində həzm edilib, udulacaq tikə deyil”.

“Avropa Birliyi Türkiyəni içəri alıb Yaxın Şərqlə qonşu olmaq istəmir. Təkcə iqtisadi duruma baxsaq, Türkiyənin Polşa, Bolqarıstan və Yunanıstan kimi ölkələrdən daha güclü iqtisadiyyatı var”, — deyə təhlilçi əlavə edib.

Zərdüşt Əlizadə: Gürcüstan, Ukrayna və Moldovanın Avropa Birliyinə almayacaqlar

Azərbaycanlı politoloq Zərdüşt Əlizadə isə düşünür ki, yaxın 25 il boyunca Gürcüstan, Ukrayna və Moldovanın Avropa Birliyinə salınma şansı yoxdur: “Bu üç dövlət assosiativ əməkdaşlıqla bağlı anlaşmaya qol çəkib. Eyni anlaşmalar İordaniya, Mərakeş, Misir və b. ölkələrlə də imzalanıb. Bu, heç bir önəmi olmayan bir şeydir. Əksinə bu, ölkə hüdudlarını Avropa şirkətlərinin üzünə açdırmaq üçündür. Üstəlik onların boynuna öhdəlik qoyurlar ki, xarici siyasətlərində Avropanın təhlükəsizliyini də nəzərə alsınlar”.

“Yəni, deməyim odur ki, Ukraynanı, Gürcüstanı və Moldovanı nə NATO-ya, nə də AB-yə qəbul etməyəcəklər. Bunu ağlı başında olan hər kəs başa düşür. Bəzi siyasi fırıldaqçılar xalqa nağıl danışırlar, deyirlər, “biz Avropaya daxil olacağıq”. Birliyə girəndə nə olacaq ki? AB-nin özündə dərin böhran əlamətləri var”, — politoloq Sputnik-ə açıqlamasında deyib.

O, Türkiyənin yarım yüzillik qapıda gözlədilməsini isə belə dəyərləndirib: “Türkiyəni qəbul etmirlər, ona görə ki, həddən artıq böyük dövlətdir. Həm də müsəlman ölkəsidir. Qərbin Türkiyəni Avropadan saymadığını, Obamanın qitəyə səfərində və keçirdiyi görüşlərdə də görmək mümkündür. Obama Avropada kimlərlə görüşdü? Almaniya kansleri Merkellə, İngiltərə baş naziri Kameronla, Fransa prezidenti Ollandla və İtaliya hökumət başçısı Matteo Renzi ilə. Vəssalam. Bu birliyə Türkiyə salınsa, o da Avropanın söz sahiblərindən biri olar”.

“Əhalisinə, ordusuna və iqtisadiyyatına görə bu ölkəni birliyə almaqda maraqlı deyillər. Onsuz da dinlərarası, sivilizasiyalararası xeyli müşküllər yaranıb. Odur ki, 100 faiz əmin olun, yaxın illərdə Avropa Birliyi genişlənməyəcək”, — siyasi şərhçi vurğulayıb.

Zərdüşt Əlizadə sonda deyib: “Vaxtilə genişlənib, birdən-birə 10 ölkə götürdülər. Başlıca olaraq da podsovet ölkələrini. İndi özləri görürlər ki, bu qədər ölkəni yönəltmək olmur”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın