“Yolların, küçələrin nəqliyyat vasitələrindən atılan məişət tullantıları ilə zibillənməsi təəssüf doğurur. Sürücüləri və sərnişinləri ətraf mühitə ziyan vurmamağa çağırırıq”. 

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Oxu.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polkovnik-leytenant Namidan Piriyev məlumat verib. 

O bildirib ki, son zamanlar nəqliyyat vasitələrindən bayıra hansısa əşyalar atılmasına tez-tez rast gəlinir. Elə bu ilin 9 ayı ərzində belə inzibati xətaya yol verdiklərinə görə 301 şəxs barəsində protokol tərtib edilib:

“Hər bir vətəndaş ətraf mühitin qorunmasında öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməli, təmizliyə riayət edilməsində məsuliyyətli olmalıdır. Lakin, bəzən qarşılaşdığımız durum istər insan, istərsə də polis əməkdaşı kimi bizi məyus edir.

Sükan arxasında olan sürücülər çəkdikləri siqaret kötüyünü, ya qda abını, eləcə də nəqliyyat vasitəsinin içərisində yedikləri müxtəlif növ qidaların qalıqlarını, plastik su qablarını və b. digər bu növ məişət tullantılarını nəqliyyat vasitəsindən çölə atırlar. Bu hallara yalnız sürücülər deyil, həm də nəqliyyat vasitəsinin içərisində olan sərnişinlər yol verirlər. 

“Yol hərəkəti haqqında” Qanunun tələbinə uyğun olaraq, nəqliyyat vasitəsindən bayıra hər hansı əşya atmaq qadağandır və buna görə də İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində 40 manat məbləğində cərimə nəzərdə tutulub. Ancaq Qanunun tələblərini yada salmaqda məqsədimiz kimisə cərimə etmək deyil. Sadəcə bu istiqamətdə təbliğat aparılmasına ehtiyac var. Biz insanları sırf cərimədən qorunmaq üçün deyil, belə əməllərin ətraf mühitə ziyan vurduğunu nəzərə alaraq bu kimi hallara yol verməməyə çağırırıq”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın