“Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqlar Ermənistanın hazırkı siyasəti fonunda mənasızdır”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu TASS-a müsahibəsində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu bildirib.

Onun sözlərinə görə, Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov və Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov arasındakı telefon danışığı çərçivəsində Rusiya tərəfindən tərəflərin tezliklə danışıqlar masasına qayıtmasının vacibliyi vurğulanıb.

“Ancaq Ermənistan silahlı qüvvələrinin hərbi əməliyyatların coğrafiyasını genişləndirərək Azərbaycanın Dağlıq Qarabağla həmsərhəd olmayan şəhər və rayonlarına təxribatçı şəkildə hücumlar etdiyi, beynəlxalq hüququ kobud şəkildə pozduğu və daha öncə də dediyim kimi, hərbi cinayətlər törətdiyi bir durumda hər hansı danışıqların aparılması anlamsızdır.

Prezident İlham Əliyev son müsahibələrində açıq şəkildə bildirib ki, münaqişənin kəskinləşməsində bütün məsuliyyət üzərində olan Ermənistan beynəlxalq hüquqa əməl etməyə başlayana, torpaqların işğalına son qoyulması ilə bağlı beynəlxalq vasitəçilərə ciddi zəmanətlər verilənə və silahlı qüvvələrin Azərbaycanın işğal edilmiş bütün torpaqlarından çıxarılması üzrə konkret qrafik təqdim olunana qədər hərbi əməliyyatların dayandırılması və hər hansı danışıqlar mümkünsüzdür”, – deyə P.Bülbüloğlu bildirib.

Gürcüstan Prezidenti Salome Zurabişvilinin Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə Tbilisidə hər hansı bir formatda danışıqların təşkili təklifinə münasibət bildirən Polad Bülbüloğlu göstərilən təşəbbüsə görə Gürcüstan tərəfinə minnətdarlığını bildirib:

“Hamımız sülh istəyirik, lakin təkrar edirəm, bu durumda danışıqlar üçün hər hansı bir platforma haqqında danışmaq üçün hələki tezdir”.

“Azərbaycan Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərində anti-terror əməliyyatı aparır və ya əməliyyatları Ermənistanı barışığa məcbur etmək adlandırmaq olar, ancaq mahiyyət etibarilə bu, bütün dünya birliyi tərəfindən Azərbaycan ərazisi kimi tanınan əzəli torpaqlarımızın azadlığı üçün Vətən müharibəsidir”, – deyə azərbaycanlı diplomat Dağlıq Qarabağ hadisələri ilə bağlı sualı cavablandırarkən bildirib.

“Artıq işğal olunmuş ərazilərin bir hissəsini azad etməyi bacarmışıq, hərbçilərimizin uğurları davam edir. Biz ərazi bütövlüyümüzü bərpa etmək əzmindəyik”, – deyə P. Bülbüloğlu fikrini tamamlayıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın