“Ermənistan Respublikasının ikinci prezidenti Robert Köçəryan və üçüncü prezidenti Serj Sarkisyan, həmçinin onların çevrələrindəki siyasi partiyalar Arsaxı (Ermənistanda Qarabağ bölgəsini belə adlandırmağa çalışırlar – Red.) Azərbaycanın bir parçası kimi tanıyıblar”.

YALAN.info bildirir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı bəyan edib.

Bundan başqa o, bildirib ki, danışıqlar prosesinin bütün tarixi boyunca onlar (Köçəryan və Sarkisyan – Red.) Qarabağ barədə “heç vaxt Azərbaycanın bir parçası olmayacaq” prinsipini rəhbər tutmayıblar.

Paşinyan buna sübut olaraq 1998-ci ildə R.Köçəryanın ATƏT-in ovaxtkı Minsk qrupuna “vahid dövlət” əsasında danışıqlar aparmağa razılıq verməsini göstərib. Həmin sənəddə Qarabağın Azərbaycanla birlikdə beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində vahid dövlət təşkil etdiyi deyilir. Sənəddə həmçinin Qarabağ sakinlərinin Azərbaycan vətəndaşı pasportu alacaqları da vurğulanıb.

“Bundan Köçəryan, Sarkisyan və Daşnaksütyun partiyasının xəbəri var idi”, – deyə bildirən hökumət başçısı onların Qarabağın Azərbaycanın bir parçası olması məntiqi ilə razılaşdığını deyib.

“Ermənistan münaqişənin həlli üçün hüquq və təhlükəsizliyikdən gələn statusu deyil, statusdan gələn hüquq və təhlükəsizliyin təminatlarını əsas tutur”, – o, çərşənbə günü parlamentdə bildirib. Paşinyanın sözlərinə görə, bu durumda status-kvo məqsəd deyil, Qarabağda yaşayan ermənilərinin təhlükəsizliyini, hüquq və azadlıqlarını təmin etmək üçün vasitə olduğu bildirilir.

“Bu yanaşma beynəlxalq ictimaiyyət üçün başa düşüləndir. Bu, bizim yanaşmamızı və Qarabağ münaqişəsinin mahiyyətini daha başa düşülən edir. Ancaq burada önəmli məqam var – Qarabağ ermənilərinin təhlükəsizliyini, hüquq və azadlıqlarını doğurdan da təmin edən istənilən status bizim tərəfimizdən məsələnin həlli kimi qəbul edilməlidir”, – Paşinyan bildirib.

O vurğulayıb ki, Ermənistanın dövlət kimi varlığının və təhlükəsizliyinin yeganə təminatı hərtərəfli sülhdür: “Hərtərəfli sülh nə deməkdir? Bu o zaman olur ki, qonşularla məsələlər həll olunur, nizamlanır, sərhədlər müəyyən edilir, de-yure sülh yaranır. İndi biz bu yolla getməyə çalışırıq”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın