Azərbaycanlı şahmatçı Teymur Rəcəbovun da qoşulduğu Çempionlar Turunun (Champions Chess Tour) seriyasının üçüncü mərhələsi – “Opera Euro Rapid” turniri başa çatıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, ABŞ təmsilçisi Uesli So (Wesley So) indiki dünya çempionu, norveçli Maqnus Karlseni finalda məğlub edərək turnirin qalibi olub.

İlk oyun günündə rəqibini 2,5:1,5 hesabla üstələyən həmyerlimiz Teymur Rəcəbov turnirin son günündə ilk iki partiyasını da qələbə ilə bitirməyi bacarıb.

Beləliklə, ikinci oyun günündə Fransa təmsilçisi Maksim Vaşye-Laqravdan üstün olan Teymur 3-cü yer uğrunda qarşılaşmanı uğurla tamamlayıb. 

Turnirin qalibi Filippin əsilli şahmatçı Uesli So 30 min dollar, M.Karlsen isə bu mərhələdə finalçı kimi 15 min dollar qazanıb. 3-cü yerə çıxan Teymur Rəcəbova 8500 dollar və 4-cülüklə yetinən Vaşye-Laqrava isə 6500 dollar veriləcək.

Xatırladaq ki, seriya çərçivəsində keçirilmiş birinci turnirin – “Skilling Open”in qalibi də Uesli So olub. Seriyanın ikinci – “Airthings Masters” turnirində isə Teymur Rəcəbov birinci yeri tutub. Azərbaycanlı qrossmeyster turnirin finalında Ermənistan təmsilçisi Levon Aronyanı məğlub etmişdi.

Champions Chess Tour seriyasında son durum

Vesli So bu qələbəsi ilə bunadək turnir cədvəlinin lideri olan Teymur Rəcəbovla xallarını bərabərləşdirib. Qrossmeysterlər turnirin bu mərhələsində uyğun olaraq 46 və 17 xal qazanıblar. İndi hər iki şahmatçının toplamda 108 xalı var. Bu mərhələdə 35 xal qazanan Maqnus Karlsen 85 xalla üçüncüdür.

Qeyd edək ki, Teymur Rəcəbov 26 dekabr–3 yanvar tarixlərində keçirilmiş turnirin “Airthings Master” mərhələsində qalib olmaqla turnir cədvəlində neçənci yeri tutmasından asılı olmayaraq, final mərhələsinə böyük ölçüdə vəsiqə qazanıb. O, turnir cədvəlində 6-8-ci yerləri tutsa belə, “Major” kateqoriyalı turnirin qalibi olduğu üçün 25 sentyabr–3 oktyabr tarixlərində keçiriləcək 10 şahmatçının mübarizə aparacağı final mərhələsində iştirak edəcək. Champions Chess Tour seriyasının dördüncü mərhələsi 13-21 mart tarixləri arasında baş tutacaq.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın