Ötən həftənin ən önəmli olaylarından biri Ermənistan Baş naziri Nikol Paşinyanın Qarabağla bağlı söylədikləridir. Paşinyan 2016-cı ildə, Aprel savaşından sonra Minsk Qrupunun münaqişənin həlli ilə bağlı təkliflərini dəyişdiyini, Dağlıq Qarabağ ətrafındakı rayonların qaytarılması qarşılığında heç bir şərt qoyulmadığını bildirdi. Onun sözlərinə görə, Dağlıq Qarabağın statusu bundan sonra BMT-nin nəzarətinə qaytarılacaqdı. BMT isə Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyır. Yəni heç bir “müstəqillikdən” söhbət gedə bilməzdi.

Nikol Paşinyan bununla da Ermənistan üçün faciənin baş verdiyini, əslində, bütün məsələlərin 2016-cı ilin yay aylarında həll edildiyini açıq etiraf edir. Bu, birmənalı olaraq Aprel savaşının nəticələridir. Yəqin hər kəsin yadındadır ki, 2016-cı ilin aprelin əvvəlində başlayan savaşda Ordumuz qısa müddətdə Ohanyan səddini yararaq, işğal altındakı 4 rayonu azad edə bilmişdi.

Yalnız Rusiyanın məsələyə qarışmasından sonra Ordumuz daxil olduğu ərazilərin bir hissəsindən geri çəkildi. Bunun üçünsə Ermənistan prezidenti Serj Sarkisyan söz vermişdi. O, işğalda olan ərazilərin qaytarılacağı və ərazi bütövlüyünün tanınacağı qarşılığında savaşı dayandırmağa nail olmuşdu. 2016-cı ilin payızına doğru isə Serj Sarkisyan sözündən yayınmağa başladı və nəticədə bu vədə zəmanət verən Rusiya lideri Vladimir Putinin təzyiqləri ilə üzləşdi.

Sonrakı proseslər – Serj Sarkisyanın hakimiyyəti Nikol Paşinyana ötürərək aradan çıxması, Nikol Paşinyanın Rusiyanın təzyiqlərindən yaxa qurtarmaq üçün Qərb ölkələrində kömək axtarması və torpaqları işğalda saxlamaq naminə Minsk üçlüyünün başqa ölkələri – Fransa və ABŞ-dan dəstək almağa, “yeni ərazilər uğrunda yeni müharibə” şüarı ilə işğalı davam etdirməyə çalışması, 2020-ci ilin Tovuz təxribatı və bütün bunların 44 günlük savaşa səbəb olduğu hər kəsin yadındadır.

Paşinyan məhz bu reallıqları nəzərə alaraq, indi “Qarabağ məsələsi Azərbaycan Konstitusiyasına uyğun həll edilməlidir” deməklə, Qarabağın Azərbaycana aid olduğunu ən yüksək kürsüdən elan edən ilk Ermənistan rəhbəridir. Ancaq ona qarşı artıq müqavimət başlayıb.

Qarabağdakı rus sülhməramlılarının arxasında gizlənərək, fəaliyyətini davam etdirməyə çalışan separatçı-terrorçu Araik Arutyunyan Paşinyanın bu fikrinə qəti etiraz edərək, “Qarabağ erməniləri adından danışmağa heç kimin ixtiyarı yoxdur” deyir. Bu, İrəvanla Xankəndidəki erməni separatçıları arasında ilk ciddi münaqişədir.

Xankəndidəki separatçı qurumun “təhlükəsizlik zəmanətini” verən hər zaman İrəvan olub. Üstəlik, separatçı-terrorçuların yaşayış, kommunal ödənişlər və maaşlarına qədər, bütün xərcləri də Ermənistan çəkir. 2021-ci ildə Xankəndi separatçılarına 244 milyon dollar vəsait ayrılıb, 2022-ci ildə isə Ermənistan dövlət büdcəsindən Qarabağdakı separatçı tör-töküntülərinə 288 milyon dollar ayrılması nəzərdə tutulub.

Xankəndi və ətrafında cəmi 20-25 min erməninin yaşadığını nəzərə alsaq, bu, olduqca böyük rəqəmdir. Müqayisə üçün bildirək ki, 350 min şəxsin yaşadığı Naxçıvanın büdcəsi 500 milyon manat civarındadır. Yəni Ermənistanla siyasi qarşıdurma Arutyunyanın başı üçün deyil. Bu marionet şəxs və onun başına yığışan separatçı tör-töküntüsü yalnız İrəvanın diktəsi ilə oturub-durur və bütün təlimatları da ondan alır. Paşinyan da Soçi və Brüssel görüşlərindən dərhal sonra İrəvanda Arutyunyanı qəbul etmiş və onunla qapalı danışıqlar aparmışdı.

Beləliklə, necə ola bilər ki, Arutyunyan Paşinyana qarşı kəskin bəyanat verir?

Əvvəla, ola bilər ki, Nikol Paşinyan növbəti dəfə oyun oynayır: İrəvanı bu məsələdən ayırır və guya Qarabağdakı ermənilərin iradəsinə təsir edə bilmədiyini göstərmək istəyir.

İkincisi, Araik Arutyunyan özü Ermənistandakı revanşist qüvvələrlə birləşir və önə çıxmağa çalışır.

Bəzi müşahidəçilərin fikrincə, Arutyunyan Qarabağ klanının rəhbərliyinə də iddia edir və bu statusu Köçəryan-Sarkisyan cütlüyündən almaq istəyir. İndi Köçəryan və Sarkisyanın ayrı-ayrı partiyalarda həm də rəqib olduqlarını nəzərə alsaq, Arutyunyanın onların elektoratına iddiasının mümkünlüyü də ortaya çıxır.

Ancaq bir fərqli məqam da var. Əgər Paşinyan sözlərində səmimidirsə və Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu etiraf edirsə, onda niyə Qarabağdakı erməni separatçılarının qondarma “dövlət büdcəsi”ni formalaşdırır və bunun üçün 300 milyon dollara yaxın vəsait ayırır?

288 milyon dollar – Ermənistanın dövlət büdcəsinin təxminən 10 faizi deməkdir və bu, indi Ermənistan üçün çox ağır bir yükdür. Paşinyan bu yükdən niyə qurtulmur? O vəsaitləri niyə separatçıların mənimsəməsinə imkan verir?

Arutyunyan Ermənistan büdcəsindən 100 faiz asılı olan dırnaqarası büdcəsinin kəsiləcəyini bilə-bilə Paşinyana qarşı necə və niyə çıxır? Qarışıq, olduqca müəmmalı və ermənicəsinə bir oyun oynanıldığı ortadadır. Bütün bunların nəticəsidir ki, Azərbaycan Ermənistana davamlı mesajlarını göndərir.

Daha bir mesaj isə bu gün verildi. 2021-ci ilin yekunları haqda danışan xarici işlər naziri Ceyhun Bayramov anklavlar məsələsinə toxundu. Sitat: “Bu sahədə sistemli və davamlı işin aparılması vacibdir. Azərbaycanın yanaşması ondan ibarətdir ki, anklavların qaytarılması danışıqlar masasında aparılmalı, hərbçilər arasında hər hansı gərginlik yaradılmamalı, buna imkan verilməməlidir. Bu, ən yaxşı yoldur. Bunun üçün ən yaxşı yol mütəxəssislərin danışıqlar masası arxasında müzakirə aparmasıdır”.

Bu, əslində Azərbaycanın baş diplomatının olduqca incə mesajıdır. Bakı ərazilərlə bağlı hər məsələnin masada həllini istəyir, əks halda isə Azərbaycan Ordusu işə qarışacaq. Azərbaycan Ordusunun işə qarışması ilə nələrin baş verdiyini isə Ermənistan 44 günlük savaşdan, o cümlədən 2021-ci ilin 16 noyabrında sərhəddəki toqquşmadan çox yaxşı bilir…

NİKOLDAN QARABAĞ ETİRAFI, BAKIDAN İRƏVANA XƏBƏRDARLIQ…

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın