Ötən gün Ermənistanda matəm gününün başlaması ilə bağlı “Erablur”a yürüş zamanı üzə çıxan faktlar erməni müxalifətini sözün bütün mənalarında sarsıdıb.

Axar.az xəbər verir ki, müxalifətin çağırışına baxmayaraq, Paşinyanın ziyarətinə mane olmaq mümkün olmadı, əksinə, Ermənistan baş nazirinin tərəfdarlarının “Nikol – baş nazirdir” şüarları səsləndirməsi erməni müxalifətinin “seytnota” düşməsi kimi dəyərləndirilir.

Təsadüfü deyil ki, erməni müxaliflər bu olaydan sonra erməni xalqını təhqir etməyi də özlərinə rəva bildilər və “Nikol – baş nazirdir” şüarı səsləndirənlərin indiki şəraitə görə məsuliyyət daşıdığını bildirdilər.

Dünən baş verənləri tanınmış jurnalist Elçin Aloğlu da maraqlı şərh edib. O bildirib ki, “Erablur” memorial məzarlığında baş verənlər Ermənistanın yaxın illərdəki durumunu göstərir.

“Proseslərin xronologiysına göz ataq: Ermənistanın baş naziri Nikol Paşinyan dünənə “Erablur” memorial məzarlığına yürüş təyin etdi. Qarabağ savaşında ölən “tiqranoid”lər burada basdırılıblar.

Müxalifət də dərhal bəyan etdi ki, Paşinyanı “Erablur”a buraxmayacaq, çünki “onun məzarlıqda olması qəhrəmanların xatirəsinə təhqirdir”.

Sosial şəbəkələr, özəlliklə də Teleqram kanalları Paşinyanın kölgəsini qılınclamağa, ona söyüşlər və ultimatumlar ünvanlamağa başladılar. Tərəflərdən hər biri kütləni cəlb etməyə çalışdı. Mübarizə başlandı”.

E.Aloğlu qeyd edib ki, Ermənistan müxalifəti hadisələrin inkişafını 3 variantda görürdü:

“1. Nikol Paşinyan yürüşə qatılmayacaq, niyyətindən əl çəkəcək;

2. “Erablur”a toplaşanlar Paşinyanın məzarlığa keçməsinə imkan verməyəcək;

3. Məzarlığa yığışan müxalifətçilərə və savaşda ölən əsgərlərin valideynlərinə qarşı onların narazılıqlarına görə güc tətbiq olunacaq, ara qarışacaq.

Üç variantın hər biri müxalifətin birmənalı qələbəsi olacaqdı və Nikol Paşinyanın Ermənistanı idarə etmədiyin bariz nümayiş etdirəcəkdi”.

Bunun əvəzinə isə müxalifət sözün əsl mənasında sürprizlə üzləşib. E.Aloğlu bildirib ki, səhər saatları Paşinyana yaxşı heç nə vəd etmirdi. “Erablur”a onun minlərlə əleyhdarı, onlarla, bəlkə də yüzlərlə jurnalist və bloqer yığışmışdı. Jurnalistlər Qarabağ savaşında olmuş adamlardan müsahibələr alırdılar. Həmin şəxslər yanaşı duraraq “canlı sədd” yaratmışdılar ki, “xəyanətkar köpəyi, türk itini” məzarlığa buraxmasınlar:

“Hər tərəfdən “Xəyanətkar Nikol!” sədaları ucalırdı. Paşinyan isə tərəfdarlarından ibarət kütlə ilə məzarlığa tərəf gəlirdi. Kütlənin qarşısında onun onlarla cangüdəni, ciplər, polislər vardı. Gərginlik artırdı. Toqquşma sanki, qaçılmaz idi. İğtişaş olacaqdı…

Fəqət, erməni müxaliflər İrəvanda küçə mübarizəsinin əsl ustasının kim olduğunu unutmuşdular. Hə, Nikol Paşinyan diplomatiyada əsl marazmatikdir, ali siyasətdən bixəbərdir, dövlətlərarası münasibətlər masasında özünü buz üstə çıxmış inək kimi hiss edir və o, geosiyasətdən danışanda belinə yəhər qoyulmuş danaya bənzəyir.

Ancaq o, küçə siyasi qarşıdurmalarında Ermənistandakı bütün müxalifət partiyalarının və hərəkatlarının liderlərindən dəfələrlə üstündür, əsl peşəkardır.

Paşinyan hər şeyi öncədən planlaşdırmışdı. Yürüşün elan olunduğu andan etibarən bu aksiya erməni müxalifəti üçün tələyə döndü, erməni müxalif siyasətçilər də vəcdə gələrək həmin tələyə düşdülər.

Paşinyan mübarizəni usta olduğü müstəviyə – küçəyə daşıdı. Hələ yürüş zamanı aşkar görünürdü ki, Paşinyan prosesi fəal idarə edir. Ona vəziyyət barədə sürəkli məruzələr olunurdu, o da davamlı olaraq göstərişlər verirdi.

Paşinyanın başçılıq etdiyi kütlə “Erablur”a çatanda bəlli oldu ki, sən demə, onun əleyhdarları arasında baş nazirin çox sayda tərəfdarı durubmuş. Gərəkli anda onlar polislə birləşərək müxalfiətçiləri sıxışdırıb çıxarmağa başladılar.

“Nikol, Nikol!” sədalarının gurluğu və intensivliyi artırdı.

Məzarlıqdakı polislərin ilk baxışda çox zəif təsir bağşlayan “canlı divar”ı beləcə, qəflətən böyüdü. Polislər kimsəni vurmadan, yıxmadan, zor tətbiq etmədən, provokasiyalara cavab vermədən müxalifətçiləri itələyib çıxarmağa başladılar.

Bir qədər keçdi, Nikolt Paşinyanın tərəfdarları onun əleyhdarlarının sədlərində yaranmış boşluqlara sızdılar. Paşinyan tərəfdarlarının “Nikol!” bağırtıları əleyhdarların “Nikol xəyanətkar!” bağırtılarını üstələdi.

Paradoksal mənzərə yaranmışdı: sanki “Erablur”da Paşinyana dəstək mitinqi keçirilirdi.

Müxalifətçilər tərpənə bilmirdilər və bu səbəbdən Paşinyan meydandan keçib məzarlığın özünə daxil olanda orada sadəcə, onun tərəfdarları vardı.

Öncədən nəzərdə tutduğu, planlaşdırdığı kimi, o, məzarların önündən keçdi, sonra məzarların yanında durmuş əsgər valideynləri ilə danışdı, onlara ürək-dirək verdi.

Ermənistan müxalifəti “Erablur”dakı qarşıdurmanı uduzdu. Nikol Paşinyan isə göstərdi ki, məqsədinə çata bilir, kapitulyasiyadan sonrakı depressiyadan qurtulub və siyasi mübarizəyə hazırdır.

“Erablur”da Paşinyan “hakimiyyətə xalq dəstəyi” mənzərəsini və müxalifətin bivecliyini göstərdi”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın