Erməni tərəfi Dağlıq Qarabağla bağlı üçtərəfli anlaşmanı cırıb zibil qutusuna ata bilər, ancaq bununla heç nə dəyişməyəcək.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin İctimai Televiziyasına müsahibəsi zamanı deyib.

“Biz bu sənədi cırıb ata bilərik, ancaq bunun nəticələrini düşünmək lazımdır. Əgər biz bunu etsək, o zaman demək ki, 10 noyabra qədərki duruma, yəni müharibəyə qayıdacağıq. Anlamaq lazımdır ki, bunun nəticələri olacaq”, – deyə N.Paşinyan bildirib.

Onun sözlərinə görə, imzalanmış sənədi sərt şəkildə tənqid edən müxalifət daha öncə bu sənəddən imtina üçün heç bir təsirli yol təklif etməyib.

“Xankəndi müdafiəsiz qaldı, onun alınmasından sonra Əsgəran və Ağdərə də alınacaqdı. Nəticədə ön xətdə olan 20-30 min erməni mühasirəyə düşəcəkdi. Onlara arxa cəbhədən hücum ediləcəkdi, onların xilas olmaq üçün imkanı olmayacaqdı”, – deyə N.Paşinyan qeyd edib.

Onun sözlərinə görə, müqavilənin bağlanması üçün danışıqlar prosesi hələ başlamayıb və bu proses də hələ uzun müddət davam edəcək.

“Siz soruşursunuz ki, niyə məsələ parlament, müxalifət və başqaları ilə müzakirə edilməyib. Bu, əslində hərbi əməliyyatların operativ idarə edilməsi məntiqi çərçivəsində baş verdi. Bölmələrimizin yerdəyişməsi ilə bağlı hər məsələni parlament və ya müxalifətlə müzakirə etmək olmaz”, – deyə baş nazir vurğulayıb.

Nikol Paşinyan: “Rusiyanın Dağlıq Qarabağla bağlı mövqeyi dəyişməyib”

“Rusiyanın dağlıq Qarabağla bağlı mövqeyi son dörd il yarımda dəyişməyib”. Bu sözləri də Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin İctimai televiziyasına müsahibəsi zamanı bildirib.

“İndi baş verənlər, özəlliklə sülhməramlıların iştirakı (Dağlıq Qarabağda) 4.5 il bundan öncə də Rusiya yanaşmasının bir parçası idi. Ermənistan və Rusiya arasında münasibətlər Moskvanın Dağlıq Qarabağla bağlı mövqeyini dəyişmir”, – deyə N.Paşinyan bildirib.

Baş nazirin sözlərinə görə, Rusiyanın Qarabağla bağlı mövqeyinin Ermənistanda 2018-ci ilin mayındakı “məxməri inqilab”dan sonra da dəyişməməsi Yerevanla Moskva arasında normal münasibətlərdən xəbər verir.

“Bizim Rusiya ilə normal, işgüzar münasibətlərimiz olub, var və olacaq”, – deyə N.Paşinyan qeyd edib. Rusiya lideri ilə münasibətləri haqqında suala isə Ermənistan baş naziri belə cavab verib: “Şəxsi səviyyədə mənim Prezident Putinlə işgüzar və yaxşı münasibətlərim var”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın