Aaron Sorkinin Hollivudun məşhur cütlüyü Lüsill Boll (Lucelle Ball) və Desi Arnasın (Desi Arnaz) hekayəsindən bəhs edən “Rikardo olmaq” (Being the Ricardos) adlı yeni filmi bir neçə gün sonra ekranlara çıxacaq. Bu müddətdə isə aparıcı aktyorlar Nikol Kidman (Nicole Kidman) və Xavyer Bardem (Javier Bardem) filmi ABŞ-da təqdim etməyə davam edirlər.
YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Los-Ancelesdə keçirilən tanıtımda avstraliyalı aktrisa görünüşü ilə pərəstişkarlarını heyran qoyub. O, artıq bir çox moda tənqidçiləri tərəfindən ilin ən yaxşılarından biri seçilib.
Qeyd edək ki, “Oskar” mükafatı laureatı Aaron Sorkin filmin ssenarisini 2015-ci ildə yazıb. O, ilk olaraq baş rolu Keyt Blanşettə təklif edib. Aktrisa bundan imtina etdikdə isə Sorkin Kidmanı dəvət edib. Ancaq onun bu seçimi birmənalı qarşılanmayıb; Lüsill Boll pərəstişkarları rejissorun seçimini tənqid edib. Nikol etiraf edib ki, onun üçün tənqidlərə dözmək çətin idi və ilk tanıtım materialları ortaya çıxanda belə dayanmayan hücumlar fonunda işləmək onun üçün çox ağır olub.
Yeri gəlmişkən, Lusill Bollun və Desi Arnasın qızı Lüci tənqidlərə qarşı çıxıb və Sorkinin Kidman seçimini dəstəkləyib.
Bundan başqa, kino tənqidçilərinin Nikolun yaradıcılığı ilə bağlı ilk rəyləri son dərəcə müsbətdir, bəziləri hətta bu rola görə aktrisanın “Oskar” mükafatına namizəd ola biləcəyini deyirlər.