“Belarus xarici işlər naziri Vladimir Makeyin qəfil ölümündən sonra Prezident Aleksandr Lukaşenko ciddi qorxuya düşüb. O, aşpazın, mühafizəçinin və xidmətçilərin dəyişdirilməsini əmr edib”.

YALAN.info bildirir ki, bununla bağlı Rusiya müxalifət nümayəndəsi Leonid Nevzlin “Twitter” hesabında bildirib.

Nevzlin Rusiya xüsusi xidmət orqanlarına yaxın mənbələrə istinadən qeyd edib ki, Makeyin ölümü təbii olmayıb, onu zəhərləyiblər.

“Belarus xarici işlər naziri Vladimir Makey zəhərlənmə nəticəsində ölüb. Zəhər Federal Təhlükəsizlik Xidmətinin xüsusi laboratoriyasında hazırlanıb. Bu barədə Rusiya xüsusi xidmət orqanlarına yaxın mənbələr bildiriblər. Ölümün klinik mənzərəsi isə infarkt, insult və ya ürək çatışmazlığı kimi təqdim olunub”, – deyə Nevzlin bildirib.

Onun sözlərinə görə, Makeyin zəhərlənməsi ilə bağlı versiyanı doğruldan faktlardan biri də odur ki, 64 yaşlı məmurun səhhətində problem olmayıb və aktiv həyat tərzi sürüb. Nevzlin qeyd edib ki, toksikoloqlar ona zəhərlənmiş insanın təbii ölümünü imitasiya etməyin kifayət qədər asan olduğunu təsdiqləyiblər.

“İnsanı zəhərləmək və hamının ölümün təbii səbəblərdən baş verdiyini düşünməsini təmin etmək çox asandır. Onun orqanizmində fermentlərin tarazlığını – kirpik döyməkdən tutmuş nəfəs almağa qədər istisnasız olaraq bütün prosesləri təmin edən maddələri stimullaşdırmaq olduqca sadədir”, – deyə həkimlər açıqlama veriblər.

Müxalifətçi bildirib ki, Makeyin ölümü Belarus nomenklatura dairələrində, o cümlədən Lukaşenkonun ofisində panika yaradıb. O, aşpazlarının, qulluqçularının və mühafizəçilərinin dəyişdirilməsini əmr edib. Həmçinin onun uşaqları üçün də əlavə mühafizə təmin olunub.

“Lukaşenko heç kimə güvənmir. O hesab edir ki, Makeydən sonra “möhtəşəm” dəfn mərasimi onun özü üçün təşkil oluna bilər və bu da səbəbsiz deyil. Belarus ordusunun Ukraynaya qarşı müharibəyə qoşulmasının ləngiməsi Moskvanı qane etmir. Ona görə də Kreml Belarus rejiminə təzyiq göstərmək üçün bütün rıçaqlardan istifadə etməyə hazırdır”, – deyə Nevzlin vurğulayıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın