“Biz Ukraynanın ehtiyacı olduğu müddətə qədər hərbi dəstək verməyə davam etməliyik”.

YALAN.info bildirir ki, bunu Şimali Atlantika Alyansının (NATO) Baş katibi Yens Stoltenberq Brüsseldə NATO-nun 2021-ci il üçün hesabatı ilə bağlı mətbuat konfransında deyib.

“Bu önəmlidir, çünki Ukrayna azadlıq, demokratiya və bizim ortaq dəyərlərimiz üçün savaşır. Biz uzun illər boyunca Ukraynaya dəstək vermişik. Rusiya müharibəyə başladıqdan sonra da NATO müttəfiqləri Ukraynaya hərbi yardım göndərməyə davam edib. Həmçinin, müttəfiqlər Ukraynaya maliyyə və humanitar yardım da göndərir.

Ötən həftə keçirilən toplantıda da Ukraynaya hərbi dəstəyin davam etdirilməsi ilə bağlı öhdəliyə sadiqlik bir daha təsdiqləndi. Biz dəstəyi davam etdirməliyik. Çünki Rusiya Ukraynada hərbi hərəkətlərini davam etdirir. Danışıqların davam etməsi yaxşıdır, ancaq biz hələ də Rusiyanın əsas məqsədində dəyişiklik görmürük.

Rusiyanın istədiyi bu münaqişədən hərbi nəticə əldə etməkdir və Rusiya bu hərbi nəticəyə nail olmaq üçün davam edir. Belə olan halda biz NATO müttəfiqləri olaraq Ukraynanı hərbi dəstəklə təmin etməyə davam etməliyik”, – Yens Stoltenberq vurğulayıb.

“Rusiya bölmələri geri çəkilmirlər. Rusiya yenidən cəmlənməyə, yenidən tədarükə və Donbas regionuna hücumunu gücləndirməyə çalışır. Eyni zamanda, Rusiya Kiyevə və başqa şəhərlərə təzyiqi saxlayır. Biz daha çox əzab-əziyyətə səbəb ola biləcək əlavə hücumları gözləyə bilərik”, – Stoltenberq bildirib.

Baş katib Rusiyanı Kiyev ətrafında və Ukraynanın şimalında hərbi əməliyyatları azaltmaqla bağlı yalan danışmaqda ittiham edib: “Biz son bəyanatlarda Rusiyanın Kiyev ətrafında və Ukraynanın şimalında hərbi əməliyyatların miqyasını azaldacağını eşitmişik. Ancaq Rusiya təkrarən öz niyyətləri barəsində yalan danışıb, ona görə də biz Rusiyanı sözləri ilə deyil, yalnız əməlləri ilə mühakimə edə bilərik”.

O bildirib ki, NATO müttəfiqləri Qara dənizdəki durumu yaxından izləyir. Stoltenberqin sözlərinə görə, NATO müttəfiqləri – Bolqarıstan, Rumıniya və Türkiyə Qara dəniz sahili ölkələridir, həmçinin NATO tərəfdaşları Gürcüstan və Ukrayna da Qara dəniz sahilində yerləşir.

“Qara dəniz və buradakı Ukrayna limanlarının dünya ölkələrinə qida ixracında oynadığı rolu hər kəs bilir. Ona görə də Rusiyanın Ukrayna limanlarını blokadaya alması yalnız Ukrayna üçün böyük problem deyil, həmçinin dünya üçün ciddi problemdir. Bu problem dünyada ərzaq qiymətlərinin artımını tətikləyir. Rusiyanın bu blokadanı dərhal aradan qaldırması və Ukraynanın taxıl ixracına imkan verməsi vacibdir”, – Yens Stoltenberq vurğulayıb.

Stolbenberq Kalininqradla bağlı da Rusiyaya xəbərdarlıq edib: “Kalininqrada hər hansı quru yolu ilə bağlı onu deyə bilərəm ki, NATO oradadır və biz NATO-nun bütün müttəfiqlərini müdafiə edirik. Bura Polşa və Litva ərazisi də daxildir”.

“Buna görə də bu məsələ ilə bağlı Moskvada hər hansı yanlış hesablama olmamalıdır. Biz NATO-nun şərq cinahında qüvvələrimizin sayını artırmışıq. Bu məsələ ötən həftə liderlərin toplantısında da müzakirə olundu ki, biz şərq cinahını daha necə gücləndirə bilərik. Çünki biz yeni reallıqla üzləşirik və bu səbəbdən də NATO-nun müdafiəsini şərq cinahında da adaptasiya etməliyik. Biz Rusiyanın Kalininqrad, ya da başqa bəhanəni istifadə edərək hər hansı NATO müttəfiqinə qarşı hücum etməməsi üçün ordayıq”, – Baş katib qeyd edib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın