Ukrayna ətrafında yaranmış durumun böhran vəziyyətdən çıxarılması üçün aparılan NATO-Rusiya danışıqları (Cenevrədə, Brüsseldə) sülhün əldə olunması üçün çevrələri daraldır və hərbi qarşıdurma ehtimalını gücləndirir. Yəni, böhranın hüdudları genişlənir, NATO və Rusiya tərəfindən təqdim edilən bəyanatların ruhundan “barıt qoxusunun” gəlməsi belə deməyə əsas verir.

Təbii ki, öncədən bu danışıqlardan ciddi nəticə gözlənilmirdi. Hər halda eskalasiyanı dayandıracaq ideyaların tərəflərdə qısamüddətli olsa “hərbisiz daha gözəldir” fikri formalaşdıracağına inam var idi. Ancaq dünyanın iki hərbi-siyasi qütbü – Rusiya və NATO- təhlükəsizlik üçün razılığa gəlmək əvəzinə Avropanı və Ukraynanı daha təhlükəli bataqlığa sürükləmək variantını seçdilər.

Rusiyanın məqsədini bir cümlə ilə ifadə edək: Ukrayna və Gürcüstan NATO-ya üzv olmamalıdır. NATO-nun da cavabını bir cümlə ilə qeyd edək: Üzvlük qapısı heç bir ölkənin üzünə bağlı deyil. Daş qayaya rast gəlib, bu çarpışmadan doğan qırıntılar isə başqa ölkələrin üzərinə sıçrayır. Gələcəkdə Rusiyanın da, NATO-nun da özünün hərbi gücünü artıracağı şəksizdir.  

Tərəflər bir-birinin gücünü düzgün dəyərləndirmək üçün hibrid müharibə vasitəsi olan kiberhücumlar həyata keçirirlər, kəşfiyyat məlumatları və peyk görüntülərini diqqətlə analiz edirlər. Hər iki tərəfdə isə önəmli boşluqlar var. Bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko müzakirələrə dair danışarkən həmin boşluqların olduğunu etiraf edib.

Demək ki, NATO danışıqlarda Rusiyanı sanksiyalarla qorxuda bilməyəndə, əlində olan bütün imkanları səfərbər edərək Rusiyanın “Axilles dabanı”nı tapacağını deyib. Ona görədir ki, Qruşko diplomatik qəzəb üslubunda bildirib ki, NATO Rusiyanın müdafiə sistemindəki zəif nöqtələri axtarsa, Rusiya da analoji hərəkətə keçəcək.

Onsuz da hər iki tərəf bu illər ərzində bir-birinin kövrək təməllər üzərində qurulan hərbi hədəflərini müəyyən etməyə çalışıblar. Onların hər ikisində bu zəif nöqtələrə dair məlumatlar var. Ancaq görünür ki, son zamanlar dislokasiya yerlərinin dəyişməsi, raket sistemlərinin yerinin başqa yerlərə köçürülməsi yeni həssas boşluqlar yaradır. Bu boşluqların doldurulması üçün isə zaman lazımdır.

Bu o deməkdir ki, “X” anında həmin boşluqları yalnız ora atılan mərmilər doldura bilər. NATO-nun canlı qüvvəsi, nüvə potensialı və başqa silah arsenalı müstəvisində hərbi gücü texniki baxımdan Rusiyanı üstələsə də, Rusiyanın Avropa istiqamətinə yön alan cəbhədə böyük hərbi-strateji üstünlüyü var.

Üstəgəl, Rusiyada analoqu olmayan silahlar var – xarakterisitikasına görə rəqiblərini üstələyəcək atom sualtı gəmilərindən tutmuş, dünyada ən uzaq mənzilli ballistik raketlərə qədər. Tərəflərin hərbi gücü bir-birini qorxutma aktıdır, ancaq bu qorxuya qarşı həlledici vərdişlər formalaşdırılıb deyə, o qədər də keçərli deyil.

Ukraynanı əhatəyə alan gərginlik region üçün heç də xoş olmayan proqnozlar səsləndirmək üçün əsaslar verir. Danışıqlardan çıxarılan nəticə budur ki, gərginlik davam edəcək və Avropa üçün yeni təhlükələr gətirəcək.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın