Cəmiyyətə çadrasız sevillər qazandıran Cabbarlı, ömrün xəzəl çağında sevgiyə nəğmə qoşan Novruz, qəlbdə bülbüllər oxudan Müşfiq yurdunda – Xızıdayıq. Buraya gəlmək üçün plan quranda şəhərin məni özünə belə doğmalaşdıracağını düşünmürdüm. Yolboyu rəngarəng dağları gördükcə daha əvvəl belə ecazkar görüntünün beynimin “yaddaş kartı”na həkk olunmadığını fərq edirəm. Daha çox baxmaq, daha çox hiss etmək istəyirəm.

Bu dəm qarşımıza “Müşfiq ocağı” çıxır. O ocaq ki, hələ 1988-ci ildə polis polkovniki Əbdülhəsən Əhmədovun şəxsi təşəbbüsü ilə əsası qoyulub, 34 ildir ki, bizimlədir. Yaşı Müşfiqdən bir az çoxdur. Burada artıq axtardığım duyğunu tapacağımı dərk etdiyim üçün dərhal yolumuzu ocaqdan salırıq. Çünki ayağımı Müşfiqin torpağına dəydirməsəm, çiynimə bilmədiyim yüklər asıb özümü nə vaxtsa incidəcəyəm. Yaxınlaşdıqca qarşılaşdığım mənzərə ürəyimi ovutsa da, gözlərimi oxşamır.

Razıyam, doğulma, var olma, varlığını qəbul etdirmə prosesi məşəqqətlidir. Yaradıcılıq pas içində parıldayır, ağrı istəyir, ayrılıq gözləyir, qəhərdə boğulmaq arzulayır, maddi varlıqları beynində basdırır, hörümçək kimi xəyallardan tor qurub ovunu gözləyir. Ancaq onu yaradan artıq yoxdursa, sadəcə yaratdıqlarıyla xatirimizdə bizə gülümsəyirsə, geridə qalanlar o gülüşü soldurmamalıdır. Fəqət biz quşu qəfəsdə, arzunu ürəkdə saxlamağı sevirik. Hə, Müşfiqin sönən ocağını görəndə düşündüklərim bu idi. Onun pərvanələrini od yox, söz yandırırdı – dedikləri, bəlkə də, deyə bilmədikləri.

Bu ağacları susuzluqdan qurumuş, çiçəkləri açmağa macal tapmadan solmuş ocaq Xızının Sayadlılar kəndində yerləşir. Müşfiqin atası Əbdülqədir kişinin bağ yerində salınıb. 2004-cü ildə sabiq mədəniyyət naziri Polad Bülbüloğlunun sərəncamı ilə Xatirə muzeyi statusunu alıb. Ancaq görünür, doğrudan da, biz xatirələrə sahib çıxa bilmirik. Təxəyyülümüz onları yaşadacaq qədər geniş deyil. Əksi olsa, 29 ilə 29 baharı sığdıran, qəlbimizdə yaşıl bağ salan və həmişə o bağı arzuladan, Şəhriyar İmanov Şuşa dağlarına tarı qovuşduranda “Oxu, tar, oxu, tar, Səni kim unudar?!” misralarının yadımıza düşməsində səbəbkar olan Müşfiqə bu qədər yad gözlərlə baxmazdıq.

Deməyim odur ki, muzeydə muzeylikdən əsər yoxdur. Cəmi bir otaq olan bu yerdə çoxlu fotolar, bir neçə dənə də kitab var, hərəsi bir tarix.

Bizi burada Fəxrəddin Abdullayev qarşılayır. Ocağın bağbanıdır. İşini və Müşfiqi sevdiyi hər halından bəllidir. Bizi görən kimi qapıya çıxdı, yaxınlaşan kimi də içəri dəvət etdi, məlumatlı adamdır, bildiklərini bizimlə də bölüşmək, ən əsası – bizə Müşfiqi sevdirmək istəyir, buna ehtiyac olmasa da.

Fəxrəddin bəy bir az Müşfiqin həyat yoldaşı Dilbər xanımdan danışır, Müşfiqin yoxluğunun ona yaşatdığı stresi, Dilbər xanımın ikinci ailə həyatını bizimlə bölüşür. Dediyinə görə, Müşfiqdən sonra Dilbər Axundzadə bir həkimlə ailə qurub: “Kişi şuşalıymış. Onların iki övladı olub – bir oğlan, bir qız. Qızı da tez-tez qan bağı olmasa da, Müşfiqin yurduna baş çəkir. Dilbər xanım yaxşı tarzən olub. Müşfiqin ulu babası da həmçinin”.

Qocaman bağban Müşfiqin qürurlandığı hərəkətlərindən danışmaqdan da özünü saxlaya bilmir. Süleyman Rüstəmlə yaşanan əhvalatı danışır: “Süleyman Rüstəm “Oxuma, tar, oxuma, tar, Səni sevmir proletar” deyəndə Müşfiq ayağa qalxıb və: “Oxu, tar, oxu, tar, Səni kim unudar?!” – deyib. Bu misranı deyən gəncin kim olduğu ilə maraqlanmağa başlayıblar. Qısa müddətdə Müşfiq olduğunu öyrəniblər və tez aradan götürüblər. 29 yaşında iki kitab çap edib, hələ çox əlyazmalarını da yandırıblar. 

Digər maraqlı hadisə isə Səməd Vurğunla yaşanıb. Vurğun bir gün şairlər məclisində şeirini deyib, Müşfiq də yanlarında olub. Hadisədən iki-üç ay keçib, təkrar şairlər bir yerə yığışıblar. Şairin biri Səməd Vurğundan həmin şeiri deməsini istəyib. Səməd Vurğun deməyib, Müşfiq qalxıb şeiri əzbər deyib. Səməd Vurğun çox təəccüblənib”. 

Daha sonra Müşfiqin qardaşı və bacılarının fotosunu görüb onlardan danışırıq. Belə məlumat alırıq ki, Müşfiqin bacılarını da onun ölümündən sonra aparmağa gəliblər. Amma Böyükxanım adlı bacısı: “Mənə düşmən əli dəyə bilməz”, – deyərək özünü yandırıb. Digər bacısı 18 il işgəncəyə məruz qalıb, onu Ukraynaya qədər aparıblar, olmazın əzablar veriblər, sərbəst buraxılandan sonra isə heç bir ay yaşamayıb. Mirzə adlı qardaşı isə Müşfiq tutulanda ailəsini də götürüb Rusiyaya qaçıb. Hələ də xəbər yoxdur…

Sonra bu yerin muzeyə çevrilmə yolundan söz açırıq. Bura Müşfiqin atasının dəyirman yeri olub. Həyətdəki quruyan ağacı onun atası əkib. “Ağac bar verəndə başını aşağı əyir” deyirlər. Bu ağac isə çox əzəmətlidir. Külək belə onu yıxa bilməyib, susuzluqdan bar gətirmir. Özü də 100-dən çox yaşı var. Buraya əvvəllər çay gəlirmiş, ancaq çayın qabağını necəsə kəsiblər, əraziyə su verməyiblər deyə başqa ağaclar da eyni taleni yaşayıb.

“Su olsaydı, yaxşı ağaclar becərmək olardı. Nəhayət, iki-üç ay əvvəl su çəkildi, quyu qazmışıq, oradan su çıxır. Bundan sonra yaşıllaşma gedəcək, bir-iki ilə durum yaxşı olacaq”, – deyə həmsöhbətimiz bildirir. Ancaq həmin quyunu görsəniz, siz də mənimlə eyni fikirdə olarsınız – yəni çətin ki, burada yaşıllaşmaya bir ümid olduğunun işartısını görəsiniz.

Fəxrəddin Abdullayev Müşfiqlə bağlı yeganə muzeyin burada yerləşdiyini deyir, keçirilən tədbirlər barədə də bizi tam məlumatlandırır: “Müşfiqin büstü də 1988-ci ildə qoyulub. 1992-ci ildə bu yer status alıb. Yüz illiyi münasibətilə də gördüyünüz tar inşa edilib. Gəlib-gedən çox olur. Doğum və ölüm günlərində burada daim tədbirlər təşkil edilir. Nazirlik və icra nümayəndələri həyətdə çıxış edirlər. Doğum günündə şirniyyat süfrəsi açılır. Anım günündə isə halva ilə çay verilir”.

“Müşfiqgilin yaşadıqları ev Sayadlılar kəndinin içərisində olub, indi durmur. Müşfiq kəndinə şeir də həsr edib”, – dedikdə isə gülümsəyib: “Elə mənim adım da Sayaddır. Deyəsən, ovuma gəlmişəm”, – deyirəm, birlikdə gülürük. Fəxrəddin bəy şeiri oxuduqdan sonra son olaraq Müşfiqin viran qalmış evindən və muzeylə bağlı gələcək layihələrdən danışır:

“Müşfiq 1956-cı ildə bəraət alıb, ona qədər də evi sökülüb. Bərpa etməyə qorxublar. İndi görüləcək bütün işlər bu muzeylə bağlıdır. Növbəti illər üçün layihə də nəzərdə tutulub. Yan tərəfdən bir otaq tikiləcək. Müşfiqin əşyalarının çoxu əmisi gəlini olan Əzizə İsmayılzadənin evindədir. Həmin xanım rəhmətə gedib. Övladları onun kolleksiyalarını buraya bağışlayacaqlar və tikiləcək otağa yerləşdiriləcək. Onun övladları da tədbirlərdə, ümumiyyətlə, vaxt tapan kimi gəlib buraya baş çəkirlər. Müşfiqin onlardan başqa çox yaxını qalmayıb”. 

Gəlmək istəyənlər üçün bildirək ki, muzeyə giriş ötən ildən ödənişli olub. Məbləğ böyüklər üçün iki manat, uşaqlar üçünsə 50 qəpikdir. Qərarın verilməsindəki məqsəd muzeyə həmin pulla lazımi avadanlıqları almaqdır. Həm də belə olanda qurum rəsmiləri marağın artacağını düşünüblər. Muzeyin cəmi yeddi işçisi var. Oradakı kitabların heç biri satış üçün nəzərdə tutulmayıb. Ancaq Mədəniyyət İdarəsində kimsə kitab istəyəndə verirlər. Yolunuz Xızıdan düşsə, Müşfiqə baş çəkin.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın