Oktyabrın 18-də gün boyunca və 19-na keçən gecə bir çox istiqamətlərdə döyüş mövqelərini itirən Ermənistan silahlı qüvvələrinin 1-ci motoatıcı alayının müdafiə zolağında döyüş tapşırığı yerinə yetirən taborun komandiri şəxsi heyətlə birlikdə döyüş mövqelərini ataraq geri çəkilib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Alayın müdafiə sahəsində yerləşən 63-cü tank taborunun qərargah rəisi məhv edilib, 1-ci taborun komandiri və onun müavini Gevorq Makaryan isə yaralanıblar.

5-ci dağatıcı alayın müdafiə sahəsindəki taborun şəxsi heyətinin bir qismi məhv edilib, digərləri isə döyüş mövqelərini özbaşına tərk edərək qaçıb. Ölənlər arasında tabor komandirinin müavini, mayor Hayk Stepanyan da var. Alayın bölmələrində yemək, yanacaq və döyüş sursatlarının çatışmazlığı ilə bağlı məlumat əldə edilib.

İşğal olunmuş ərazilərdə döyüş mövqelərindən qaçan hərbi vəzifəlilərin, könüllülərin, həmçinin Ermənistana köç etmək istəyən 55 yaşına qədər kişilərin qarşısını almaq məqsədilə yollarda komendant postları qurulub.

Bu məntəqələrdə avtomobillərin yoxlanılması zamanı çoxlu sayda silah-sursat, hərbi geyim və ləvazimat, eləcə də, yataq dəstlərinin döyüş bölgəsindən çıxarılaraq Ermənistana daşındığı məlum olub.

Düşmənin çox sayda canlı qüvvə və texnikası məhv edildi

Oktyabrın 18-də gün ərzində və 19-na keçən gecə Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin canlı qüvvəsi, iki ədəd T-72 tankı, iki ədəd BM-21 “Qrad” YARS, bir ədəd D-30 və bir ədəd D-20 haubitsa topları və 11 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Hazırda qoşunlarımız bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət edir.

Ermənistan silahlı qüvvələri yaşayış məntəqələrimizi atəşə tutur

Ermənistan silahlı qüvvələri gecə ərzində Goranboy, Tərtər və Ağdam rayonlarının ərazisini minaatanlar və toplardan atəşə tutub.

Bildirilib ki, bu gün səhər saatlarından Ağcabədi rayonunun ərazisi də atəşə tutulur.

Ermənilərin Tərtəri yenidən atəşə tutması nəticəsində bir mülki şəxs yaralanıb

Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunu növbəti dəfə atəşə tutmaqda davam edir.

Bununla bağlı “Report”un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Oktyabrın 19-u səhər saatlarından başlayaraq düşmən yenidən dinc sakinləri hədəfə alıb, ağır artilleriya ilə rayonun ətraf kəndlərinə atəş açır.

Düşmənin yenidən atdığı top mərmisi rayonun Ələsgərli kəndinə düşüb. Nəticədə 1962-ci il təvəllüdlü mülki sakin yaralanıb və xəstəxanaya yerləşdirilib.

MN: Təsdiqlənməmiş məlumatların yayılması hərbi qulluqçularımızın həyatını təhlükəyə atır

Son günlər bir sıra sosial şəbəkə istifadəçiləri əməliyyatların aparıldığı istiqamət və indiki durumla bağlı müxtəlif öz düşüncələrini paylaşaraq olayları qabaqlamağa çalışırlar.

Bununla bağlı Azərbaycanın Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib ki, bu cür addımlar həm gizlilik rejiminin pozulmasına, həm də hərbi qulluqçularımızın həyatının təhlükəyə atılmasına səbəb ola bilər:

“Bütün bunları nəzərə alaraq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrini rəsmi surətdə öz təsdiqini tapmamış məlumatları yaymamağa və yalnız Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad etməyə çağırırıq”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın