Sentyabrın 24-də Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti toplantı keçirilib.
Toplantıya nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmə komandirləri qoşulublar.

YALAN.info bildirir ki, bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. 

Öncə ümummilli lider Heydər Əliyevin, eləcə də ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları toplantı iştirakçılarının diqqətinə çatdırıb.

Nazir 12-14 sentyabr 2022-ci il tarixlərində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarının qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun həyata keçirdiyi qətiyyətli cavab tədbirlərinin Ali Baş Komandan tərəfindən yüksək dəyərləndirildiyini xüsusi vurğulayıb. Bildirilib ki, müxtəlif qoşun növü bölmələrinin gecə saatlarında eyni anda bir neçə istiqamətdə çətin relyefli, dağlıq ərazidə qarşılıqlı əlaqədə həyata keçirdiyi uğurlu cavab tədbirləri Azərbaycan Ordusunun hərb elminə gətirdiyi növbəti yenilik oldu. Bu döyüşlər dünyanın aparıcı hərbi mütəxəssisləri tərəfindən araşdırılacaq və təhlil ediləcək.

Toplantıda Kəlbəcər və Laçın rayonları istiqamətində, eləcə də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdə indiki əməliyyat şəraiti təhlil edilib. Nazir şəxsi heyətin sayıqlığının artırılması və Ermənistan silahlı qüvvələri tərəfindən törədilə biləcək istənilən təxribatın qarşısının bundan sonra da dərhal və qətiyyətlə alınması barədə konkret tapşırıqlar verib.

General-polkovnik Z.Həsənov bölmələrdə qışa hazırlıq işlərinin plana əsasən sona çatdırılması, özəlliklə dağlıq ərazilərdə dislokasiya olunan bölmələrə lazımi ehtiyatların çatdırılması ilə bağlı aidiyyəti şəxslərə uyğun göstərişlər verib. Müdafiə naziri Silahlı Qüvvələrin Ali Baş Komandanının tapşırığına əsasən bölmələrimizin yeni yerləşmə məntəqələrində xidməti-döyüş fəaliyyətinin təşkili ilə bağlı başqa dövlət qurumları ilə qarşılıqlı əlaqədə zəruri tədbirlərin qısa müddət ərzində başa çatdırılmasının önəmliyini diqqətə çatdırıb.

Nazir qoşunlarda xidmət və məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərin hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji durumunun yüksək səvviyədə saxlanılmasında önəmli rol oynadığını vurğulayıb. Sonra general-polkovnik Z.Həsənov şəhid ailələri və döyüşlərdə sağlamlığını itirən hərbi qulluqçuların daim diqqət mərkəzində saxlanılması və onların qayğılarına özəl həssaslıqla yanaşılması barədə uyğun göstərişlər verib.

Toplantının sonunda qoşun xidmətinin, ideoloji işin təşkili, şəxsi heyətin xidməti və sosial-məişət şəraitinin, tibbi təminatının daha da yaxşılaşdırılması, həmçinin azad edilmiş ərazilərdə mühəndis tədbirlərinin davam etdirilməsi ilə əlaqədar vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyulub.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın