“Biz düşünürük ki, müharibə davam etdikcə Ukrayna şəhərləri bombalanacaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hər iki liderlə (Ukrayna və Rusiya – Red.) telefon əlaqəsi saxlayır, yeganə məqsədi müharibəni dayandırmaq və onları görüşdürməkdir. Səylərimizi səmimiyyətlə davam etdiririk. Prezidentimiz də lazım olanda onlarla əlaqə saxlayır”.

YALAN.info bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Latın Amerikası ölkələrinə turnesindən sonra bildirib.

“Onların atəşkəslə bağlı danışıqlar apardıqları mətnə ​​nəzər salsaq, gah irəliləyiş, gah da geriləmə görürük. Ona görə də orada çox da ümidli ola bilmərik. Ancaq biz arxa qapı diplomatiyasına baxanda ümidlənirik. Hamı görür ki, müharibənin bitməsini istəməyənlər var. İndi həmin ölkələr demək olar ki, gizlənmirlər”- deyə, Türkiyə XİN rəhbəri bildirib.

Mövlud Çavuşoğlu bildirib ki, Şimali Atlantika Alyansı (NATO) Ukraynadakı münaqişəyə qarışmaq niyyətində deyil, ancaq müttəfiqlərindən birinə hücum olacağı halda Rusiyaya lazımi cavab veriləcək: “NATO-nun mövqeyi bəllidir. Ancaq hər hansı müttəfiqə ən kiçik bir hücum olsa, biz lazımi şəkildə cavab verəcəyik”.

XİN başçısı Türkiyə və Ermənistan arasında gözlənilən növbəti görüş haqqında da fikir bildirib: “Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin növbəti görüşündə qarşıdakı dövrdə atıla biləcək müxtəlif addımlar müzakirə olunacaq”.

“Sərhəd xəttinin yenidən müəyyən edilməsilə bağlı razılaşma var idi. Bu, necə olacaq? Məsələn, birgə komissiya yaradılacaqmı? Onlar Azərbaycanla birgə komissiya yaratmaq qərarına gəliblər”, – nazir əlavə edib.

Yada salaq ki, 2021-ci ilin dekabrında Ankara və İrəvan dialoq qurmaq üçün öz diplomatlarını təyin ediblər. Ermənistan tərəfdən parlamentin vitse-spikeri Ruben Rubinyan, Türkiyə tərəfdən isə ABŞ-dakı keçmiş səfir Serdar Kılıç olub. Onlar artıq iki görüş keçiriblər – yanvarın 14-də Moskvada və fevralın 22-də Vyanada. Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin növbəti görüşü mayın 3-də yenidən Vyanada baş tutacaq.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın