Bu gün Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Bakıya səfəri baş tutub. O, Azərbaycan Prezidenti İlham Əliyev və XİN başçısı Ceyhun Bayramov ilə görüşüb.

“Cənab Prezidentimizin təlimatı, tapşırığı ilə gəlmişəm. Hər gün özü ilə danışırsınız, ən azı gündə iki dəfə, ancaq yenə də Sizə salamlarını göndərdi. Prezidentimizin bizə bir tapşırığı var, bu prosesdə qardaş Azərbaycanı tək qoymayın və davamlı olaraq oraya – Bakıya gedin və birlikdə hərəkət edin. Müdafiə nazirimiz, başqa yoldaşlarımız, Binəli bəy də gələcək, Məclis sədrimiz buradadır”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bu sözləri Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.

Mövlud Çavuşoğlu bildirib: “Biz Sizin döyüş meydanındakı qələbələrinizlə fəxr edirik. Bütün dünyaya türkün gücünü göstərdiniz, qürur duyuruq. İnşallah, öz əzəli torpaqlarımızı bu uğurlu əməliyyatlarla geri qaytaracağıq.

Qarabağ məsələsini, davam edən bu əməliyyatları vətəndaşlarımız çox yaxından izləyir və bizə daim “Azərbaycana daha çox dəstək verin, onu tək qoymayın”, – deyə xəbərdarlıqlar edirlər. “Bizi də cəbhəyə göndərin” deyən çoxları var. Əminəm ki, Sizə yazılan məktublarda da bunlar vardır.

Bütün bu üstünlüyə – həm döyüş meydanındakı üstünlüyə, həm hüquqi üstünlüyə, həm də haqlı olmağımıza baxmayaraq, atəşkəs məsələsində və danışıqlarda da özünə güvənən bir dövlət və millət kimi Sizin liderliyinizlə Azərbaycan güclü dövlət olduğunu bütün dünyaya göstərdi. Bunu anlayan var, anlamayan var, anlamaq istəməyən var”.

Türkiyənin XİN rəhbəri bildirib: “Ermənistanın da nə etdiyini və atəşkəsi hər dəfə pozduğunu hər kəs görür. Ancaq bunu söyləmək istəməyən çoxdur, biz bunu bilirik. Bu səbəbdən də biz öz aramızdakı həmrəyliyi daha da gücləndirərək haqqımızı müdafiə etməkdə davam edəcəyik”.

Azərbaycan XİN başçısı Ceyhun Bayramov ilə də görüşən Mövlud Çavuşoğlu öz Twitter hesabında yazıb: “Azərbaycanın Xarici İşlər naziri, qardaşım Ceyhun Bayramovla faydalı görüş keçirdik. Azərbaycanlı qardaşlarımızla həmişə birlikdəyik, bərabərik, bir millətik”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın