Ukrayna ətrafında gedən proseslər də göstərdi ki, bu gün toxunulmaz olmaq istəyirsənsə güclü, çox önəmli rıçaqlara malik bir dövlət olmalısan. Baxmayaraq ki, Rusiyanın Ukraynaya hücum edəcəyi halda Qərb rəsmi Moskvanı hər gün asıb-kəsirdi. Ancaq ötən gün Kremlin Ukraynanın şərqindəki qondarma “Luqansk Xalq Respublikası”nın və “Donetsk Xalq Respublikası”nın müstəqilliyinin tanınması halında biz Qərbdən rəsmi Kiyevlə bağlı səsləndirdikləri bəyanatlara uyğun hər hansı nəinki ciddi bir dəstəyi görmədik, əvəzində yenə də boş-boş bəyanatlara şahid olduq. Belə ki, Rusiyanın qondarma rejimləri tanımağına ABŞ, Böyük Britaniya, Almaniya, Fransa Rusiyaya tətbiq ediləcək sərt sanksiyalarla reaksiya verəcəkləri xəbərdarlıqları ilə kifayətləniblər. Ancaq nə fayda?! 

Kreml separatçıların “müstəqiliyini” tanıdı. Beləcə rus qoşunları bölgəyə girəcək, daha sonra Luqansk və Donetsk ruslar tərəfindən ilhaq olunacaq. Əslində ABŞ-ın proseslərə birbaşa müdaxilə etməyəcəyi, Rusiyanı məqsədindən döndərəcək iradəni göstərə bilməyəcəyi durumun gərginləşdiyi ilk günlərdən Co Baydenin “Biz Ukraynaya hərbi yardım etməyəcəyik” deməklə Moskvanın əl-qolunu açıb, manevr imkanlarını artırdığı zamandan bilinirdi. 

Vladimir Zelenski və Vladimir Putin
Vladimir Zelenski və Vladimir Putin

ABŞ-ın bundan sonra nə edəcəyi də düzü gün kimi aydındır. Bundan sonra Vaşinqton bütün Avropaya, dünyaya “rus təhlükəsi”nin onlara şah damarları qədər yaxın olduğunu göstərmək üçün son hadisələrdən bir nümunə kimi istifadə edərək Avropadakı mövqelərini gücləndirməyə çalışacaq. Hadisələr göstərir ki, heç bir güc Rusiyanı məqsədindən döndərə bilmədi, istəyinin qarşısını ala bilmədi. Nəticədə isə itirən tərəf Ukraynadır. 

Çünki Rusiya qondarma “Luqansk Xalq Respublikası”nın və “Donetsk Xalq Respublikası”nın müstəqilliyini tanımaqla ordusunu rəsmi şəkildə Ukraynaya yeritdi. Əgər indiyə kimi rus ordusu bölgədə idisə, indi Kiyev öz ərazisində birbaşa rus ordusu ilə döyüşməli olacaq. Nəticədə isə Ukrayna de-yure parçalandı, Qərb isə 2008-ci ildən sonra bu dəfə də Ukraynanı pis vəziyyətdə qoydu. 

Bu proseslərin çox qaynar nöqtəsində Rusiya prezidenti Vladimir Putinin Azərbaycan dövlət başçısı İlham Əliyevi Moskvaya dəvəti olduqca böyük diqqətlə izlənilən proseslər sırasında oldu. Artıq ötən gündən bilinir ki, Azərbaycanla Rusiya Federasiyası arasında siyasi, iqtisadi və hərbi müttəfiqlik münasibətlərini nəzərdə tutan anlaşmanın imzalanması nəzərdə tutulur.

Putin, Əliyev
Putin, Əliyev

Dünyada geosiaysi proseslərin sürətlə bir-birini əvəz etdiyi, dünyanın önəmli dəyişikliklərdən keçdiyi, çoxqütblülüyün, iqtisadi qloballaşmanın, dünya nizamındakı proseslərin və hadisələrin bir-birini bir göz qırpımında əvəz etdiyi, dünyanın yenidən bölüşdürüldüyü bir vaxtda Rusiyanın Azərbaycanla siyasi, iqtisadi və hərbi müttəfiqliklə bağlı sənədlərin imzalanması məqsədilə bu gün Moskvada çox əhəmiyyətli bir görüşün planlaşdırılması rəsmi Bakı ilə Moskva arasında münasibətlərin yeni mərhələyə qədəm qoyacağından xəbər verir. 

Sözügedən sənəd eyni zamanda 2021-ci ilin iyununda Azərbaycanla Türkiyə arasında hərbi-siyasi tərəfdaşlıq və müttəfiqlik barədə Şuşa Bəyannaməsinin məntiqi davamı da hesab edilə bilər. Bakı ilə Moskva arasındakı analoji sənədlə bağlı hazırlıq işləri görünür hələ ötən ildən başlanmışdı. Prezidenti İlham Əliyevin 2021-ci ilin son günündə Azərbaycan xalqına müraciətində ölkəmizin Rusiya ilə əlaqələrinin keyfiyyətcə yeni səviyyəyə yüksələcəyini, miqyasının genişlənəcəyini bəyan etməsi də bunun müjdəçisi idi deyə bilərik.

Hətta bir az da Şuşa Bəyannaməsinin imzalandığı tarixə və ondan sonrakı mərhələyə nəzər salsaq görərik ki, Ermənistan nə qədər Türkiyə ilə Azərbaycan dövləti arasındakı bu müttəfiqlik sənədindən narahtlığını hər fürsətdə Moskvaya çatdırıb Bakı ilə aralarını vurmağa çalışsa da, Rusiya höküməti bu Bəyannamədə hər hansı bir dövlətə qarşı təhdid, hədə görmədiyini, bunu Azərbaycan və Türkiyənin daxili işi olduğunu bildirərək, hayların səsini hər dəfəsində qısmağı bacarırdı. 

Vladimir Putin (RF Prezidenti)
Vladimir Putin (RF Prezidenti)

Son hadisələr də göstərir ki, Rusiya bu gün meydanda tək qalıb. Ona dəstək olacaq dövlətlər arasında siyasi nüfuzu, çəkisi olan güclər yox dərəcəsindədir. Belə bir məqamda təbii ki, Kreml özünə yeni güclü müttəfiqlər axtarışındadır. Rusiya yaxşı anlayır ki, nə qədər güclü olsa da, onun geosiyasi sferada səsi eşidilən, nüfuza malik bir müttəfiqə ehtiyacı var. Belə bir məqamda Moskva üçün görünür ən optimal variant məhz Bakı seçimidir. 

Bu gün Rusiya da yaxşı anlayır ki, ən etibar edəcəyi dövlət olaraq meydanda məhz Azərbaycan qalır. Moskva Bakı ilə münasibətləri qoruyub-saxlamaq məqsədilə Azərbaycanın da maraqlarını nəzərə alaraq qarşılıqlı razılığa önəm verəcəyi gözləniləndir. 

Nəyə görə?

Rusiya çox yaxşı başa düşür ki, NATO Şərqə doğru genişlənir və əsas hədəf Ukrayna və Gürcüstanı bu blokun üzvlüyünə qəbul etdirməkdir. Bu yolla da ABŞ post-sovet ölkələrini öz qanadının altına alaraq Rusiyanın ətrafında olan bufer zonaları – ölkələri öz nəzərətinə keçirməyi hədəfləyir. Rusiya çox yaxşı anlayır ki, NATO-nun Şərqə doğru genişlənmə siyasətinə əngəl olmasa, Gürcüstan və Ukrayna bu blokun üzvü olduğu halda, Rusiyanın parçalanma siyasətini ABŞ rahatlıqla reallaşdırmış olacaq.

ABŞ-ın post-sovet ölkələri üzərində dominantlığının genişləndiyi görən Rusiya tupikə qısılmamaq üçün ona dəstək verə biləcək müttəfiq dövlət qismində Azərbaycanı görür. Əslində, bu amil Bakı üçün hələ də reallaşdırılmayan məsələlərin qaldığı 10 noyabr üçtərəfli bəyanatındakı müddəaların yerinə yetirilməsi baxımından olduqca önəmli bir silah ola bilər. 

Doğrudur, Putinin ötəngünkü çıxışında, nitqində həyəcan, riskli bir mərhələyə daxil olduğu aydın sezilirdi. Əgər bu ölkə ABŞ, Böyük Britaniya, NATO və başqa ölkələrin, qurumların heç bir təhdidini vecinə almayıb bu addımı atdısa, sabah Moskvanın istənilən absurd qərarı ilə üz-üzə qalmaqdan da heç bir kiçik, özündən zəif dövlət sığortalanmayıb. Bu səbəbdən də rəsmi Bakı regionda geosiyasi durumun olduqca qəlizləşdiyi bir məqamda vəziyyətdən zərər görməyən tərəf kimi çıxmaq üçün maraqlarını ön plana alaraq müəyyən manevrləri gözdən keçirmək məcburiyyətindədir. 

Azərbaycan elə bir mürəkkəb coğrafi məkanda yerləşir ki, şimalda Rusiya, cənubdan İranla əhatə olunub. Belə bir durumda bizim üçün təhlükəsizliyimiz ən prioritet məsələdir. Buna görə də Rusiya ilə belə bir məqamda müttəfiqlik sazişinin imzalanması Azərbaycanın təhlükəsizliyi baxımından olduqca önəmli və vaxtında atılmış addım ola bilər. Heç bir əzəli dövlət öz qonşusunu özü seçmir. Ömür boyu bu regionda Rusiya ilə də, İranla da qonşu olaraq yaşayacağıq. Ehtiyatla davranmalı, incə siyasət yürütməli olduğumuzu ölkədə ən yaxşı bilən adam dövlət başçısıdır.

Azərbaycanın erməni işğalında olan ərazilərinin azad edilməsində Rusiya faktorunu qeyd etməmək mümkün deyil. Yaxşı bilirik ki, işğala son qoymaq üçün Kremlin razılığı olduqca önəmli məsələdir. Biz bunu 2016-ci il aprel döyüşləri zamanı da şahid olduq. Gördük ki, Azərbaycan Ordusu düşməndən bir neçə önəmli yüksəklikləri geri alsa da Rusiyanın istəyi ilə bu savaş arzulanmadığı bir yerdə yarıda saxlanıldı. Bunu etiraf etsək də, etməsək də, fakt faktlığında qalır: 44 günlük İkinci Qarabağ Müharibəsində Rusiya Federasiyası Ermənistanı dəstəkləmək fikrinə düşsəydi, İkinci Qarabağ müharibəsində də qələbə əldə etmək Azərbaycan üçün asan olmayacaqdı.

Azərbaycan Ordusu və Rusiya sülhməramlıları
Azərbaycan Ordusu və Rusiya sülhməramlıları

Azərbaycan diplomatiyası savaşa başlamaq üçün Kremllə bütün məsələlərdə anlaşa bildi. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üvzü olan Ermənistanın dəfələrlə bu strukturun rəhbəri olan Rusiyanı təşkilatı hərbi əməliyyatlarına qatmaq və Moskvanı tərəf qismində müharibəyə cəlb edərək Azərbaycanla üz-üzə qoymaq üçün əlindən gələn hər şeyi etməsinə baxmayaraq, Kreml soyuqqanlı davranışı ilə diqqət çəkdi.

Rusiya höküməti Paşinyanın yardım yalvarışlarını Azərbaycanın hərbi əməliyyatları öz ərazisində apardığını və Qarabağın da Azərbaycan ərazisi olduğunu bəyan edərək sonlandırmaqdan usanmadı. Eyni bəyanatı daha sonra KTMT səsləndirərək hərbi əməliyyatların Ermənistan yox, Azərbaycan ərazisində aparıldığını və bu səbəbdən də təşkilatın Ermənistana hərbi yardım edə bilməyəcəyini vurğulamaqla əslində Rusiyanın müharibəyə, haqqın bərqərar olmağa nəhayət razılıq verdiyinə işarə etdi.

Ancaq təəssüf ki, biz eyni şeyi Avropanın sərgilədiyi mövqedə görə bilmədik. Nəinki görə bilmədik, hətta BMT Təhlükəsizlik Şurasının bilinən 4 qətnaməsinə rəğmən, ATƏT işğalın 30 ili ərzində münaqişənin dinc yolla nizamlanması üçün hər hansı bir effektiv addım atmaq əvəzinə Ermənistana vaxt qazandırmaq, işğal siyasətlərini daha da gücləndirmək, yeni ərazi iddialarına düşmək üçün nə lazımdırsa əllərindən gələni əsirgəmədilər. Biz bunu 44 günlük müharibə və postkonflikt mərhələsində də ATƏT-in Minsk Qrupunun həmsədrlərindən olan Fransanın timsalında yenidən açıq şəkildə gördük.

Lakin Azərbaycan cəmi 44 günə Qarabağ reallığını, regiondakı daşların yerini dəyişdi və bu gün şahidiyik ki, Qərb Azərbaycanla tərəfdaşlıq etmək üçün bütün imkanlarını səfərbər edib. Bir vaxtlar Ermənistana açıq dəstək nümayiş etdirən Qərbin beyin mərkəzləri indi Bakı ilə hesablaşmaq məcburiyyətindədirlıər. Çox etibarlı enerji təminatçısı qismində əhəmiyyətinin durmadan artması bu gün enerji böhranı yaşayan Avropa üçün Azərbaycanı “olmazsa olmaz”a çevirir. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Rusiya da bunu çox yaxşı anlayır. Bu gün qlobal dünyada istənilən dövlət üçün xarici siyasət davranışının düzgün qurulmasının onun gələcək təhlükəsizliyi və inkişafında əsas amillərdən biri olduğunu Azərbaycan dövlət başçısı çox yaxşı bilir. Moskva da başa düşür ki, Avrasiyanın orta xəttində yer alan, belə bir əhəmiyyətə malik strateji mövqedə qərarlaşan, günü-gündən güclənən və artıq Qərbdə öz istəyini diqtə etdirməyə qadir Azərbaycanı da itirmək Rusiya üçün “ayağına sıxmaq” ola bilər.

Azərbaycan xarici diplomatiyası belə qısa zamanda soyuqqanlı və onillikləri hədəfləyən baxış bucağı ortaya qoyaraq Rusiya, Avropa Birliyi kimi önəmli və bir-birinə rəqib olan geosiyasi mərkəzlərlə balanslı və maraqların qarşılıqlı şəkildə nəzərə alınmasını özündə əks etdirən münasibətlər qurmağı bacardı. Azərbaycanın indiki hədəfi bu münasibətləri qoruyub saxlamaqla, həmin mərkəzlərdəki nüfuzunu və yerini daha da möhkəmləndirməkdir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın