Martın 5-də Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda baş vermiş insidentdən sonra Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə Ermənistan silahlı qüvvələri və qanunsuz erməni silahlı dəstələrinin bu yoldan hərbi təyinatlı daşımaları həyata keçirmək məqsədilə növbəti dəfə istifadə etməsi Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələrinin texniki müşahidə vasitələri ilə qeydə alınıb.

YALAN.info bildirir ki, bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Martın 7-də gün ərzində Ermənistan silahlı qüvvələri və qanunsuz erməni silahlı dəstələrinin hərbi nəqliyyat vasitələrinin qeyd olunan yoldan kolon şəklində hərəkəti Rusiya sülhməramlı kontingentinin müşayiəti altında təmin edilib. Ermənistanın təkzibinə və riyakarlığına baxmayaraq, texniki müşahidə vasitələri ilə yolun hərbi daşımalar üçün istifadə edildiyi bir daha təsbit olunub.

Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə hərbi daşımaların həyata keçirilməsi üçtərəfli Bəyanatın müddəalarının kobud şəkildə pozulması olaraq qəbuledilməz haldır və dərhal dayandırılmalıdır.

Bir daha bəyan edirik ki, Ermənistan tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda yerləşən qanunsuz erməni silahlı dəstələrinə silah, sursat, mina, təminat və başqa hərbi vasitələrin çatdırılması, eləcə də bu yolla döyüş mövqelərinə şəxsi heyətin daşınması və rotasiyası Azərbaycanın suverenliyinin, üçtərəfli Bəyanatın müddəalarının kobud şəkildə pozulması və Azərbaycana qarşı hərbi təcavüz siyasətinin davam etdirilməsidir.

MN-dən bildirilir ki, bu kimi əməllərə dərhal və birdəfəlik son qoyulmasa, Ermənistanın və qanunsuz erməni hərbi ünsürlərinin Azərbaycanın suveren ərazilərində törətdikləri hərəkətlərin qarşısını almaq məqsədilə Azərbaycan tərəfi zəruri tədbirlər görmək məcburiyyətində qalacaqdır. Baş verən hadisələr Laçın yolu üzərində Azərbaycanın nəzarət rejiminin yaradılmasının zəruriliyini və labüdlüyünü bir daha təsdiq edir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın