Vəzifəsindən və kimliyindən asılı olmayaraq, hamı qanunun aliliyini dərk etməli və ona baş əyməlidir. Bunu Modern.az-a Milli Məclisin İntizam Komissiyasının üzvü Məlahət İbrahimqızı deyib.

O, iki gündür sosial şəbəkələrdə və mətbuatda Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin ailəsində baş tutan toy mərasiminin müzakirələrə yol açdığını söyləyib.

Belə ki, Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyevin ölkədə karantin rejimi tətbiq olunduğu bir vaxtda qızına toy etməsi çox qızğın müzakirə olunur və haqlı narazılığına səbəb olmuş ictimaiyyət tərəfindən kəskin tənqid edilir:

“Dünya pandemiya ilə mübarizə aparır. Çox ciddi qaydalar tətbiq edilir. Ölkəmizdə də hər bir vətəndaşın həyatının və sağlamlığının qorunması naminə möhtərəm cənab Prezidentin rəhbərliyi ilə koronavirusla mükəmməl səviyyədə mübarizə aparılır.

Operativ Qərargah tərəfindən hazırlanmış beynəlxalq standartlara uyğun qayda və təlimatlar tətbiq edilir. Yəni bu gün hər kəs bu qayda və təlimatlarla həyatını və fəaliyyətini tənzimləyir. Bu qaydaların pozulması isə qanunvericiliklə çox ciddi nəzarət edilir.

Qanunvericiliyə görə, qaydaların pozulması hallarında vəzifəli insanların məsuliyyəti ikiqatdır. Xüsusilə də millət vəkilləri daha çox məsuliyyət daşıyır. Biz millət vəkilləri əgər qanunverici hakimiyyəti təmsil ediriksə, öz məsuliyyətimizi də dərk etməliyik”.

“Qeyd etdiyim kimi, ölkəmizdə Prezidentimizin rəhbərliyi ilə koronavirusa qarşı çox ciddi və yüksək səviyyədə mübarizə aparıldığı bir zamanda vəzifəli şəxslərin Operativ Qərargahın qaydalarını heçə sayaraq, qanunları pozması isə qətiyyən yolverilməzdir.

Bu günlərdə qeyd etdiyim məlum toyun keçirilməsi Operativ Qərargahın bütün qaydalarını rədd etmək anlamına gəlir. Xüsusiləşdirilmiş karantin dövründə bu cür məclisin keçirilməsi heç anlaşılan deyil.

Bu xeyir işdə millət vəkilinin iştirakı isə bütövlükdə qanuna hörmətsizlik olmaqla, cəmiyyətə də qanunun aliliyinin mənasız olması mesajını verməkdir. Həmkarımız Siyavuş Novruzovun karantin rejimində bu toyda iştirakını heç anlamaq olmur.

Hesab edirəm ki, istər toyu təşkil edənlərə, istərsə də bu toyda iştirak edən vəzifəli şəxslərə adekvat cəza tətbiq ediləcək.

Qeyd etmək istərdim ki, bu insanların qanunvericiliyə uyğun olaraq cəzalandırılması ictimaiyyət tərəfindən yüksək dəyərləndirilir”, – deyə millət vəkili bildirib.

M.İbrahimqızı onu da qeyd edib ki, toyda iştirak edən və yüksək pafosla çıxış edən Abel Məhərrəmovun fikirləri ziyalı adına yaraşmaz bir tərzdir:

“Onun xalq adından danışması və ölkəmizdə Ulu Öndərimizin, eləcə də Prezidentimizin rəhbərliyi ilə əldə edilən uğurların başqasının ünvanına bağlanması isə ancaq acı təəssüf hiss yaradır”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın