Azərbaycan Memarlar Birliyinin üzvü Elçin Şamilli azad edilmiş torpaqların, başlıca olaraq Şuşa şəhərinin necə bərpa ediləcəyi və qurulacağı barədə Media.Az-a danışıb.
Onun sözlərinə görə, Şuşa şəhəri üçün bütün təkliflər ya fraqmental, ya ekzotik, bəzən də standart-banal xarakter daşıyır. Heç kim şəhərin gələcək təyinat məsələsini açıq şəkildə qaldırmır:
“Ancaq əsas məsələ şəhərin görünüşü, uzaqdan görünəcək və simvolik yük daşıyacaq vahid və simvolik siluetdir.
Obraz qala şəhərinin funksiyasını təsvir etməlidir. Yeri gəlmişkən, o elə tarixən də bu şəkildə qurulub.
Şuşa bu gün hərbi funksiyanın və qələbənin göstəricisinə çevrilib. Möhtəşəm musiqisi, ədəbi keçmişi və digər mədəni komponentlər daxil olmaqla, hər şey keçmişə aiddir”.
E.Şamilli qeyd edib ki, Şuşanı sovet dövrünün regional mərkəzi kimi bərpa etmək uyğun deyil. Süni bir mədəniyyət mərkəzi yaratmaq üçün musiqiçilər və şairlərlə süni şəkildə doldurmaq da düzgün deyil:
“Ancaq hərbçilər və ailələri üçün ənənəvi estetikaya və müasir mühəndis infrastrukturuna əsaslanan hərbi qala şəhəri, habelə onlara xidmət üçün binalar, obyektlər və istirahət zonaları yaratmaq çox vacibdir.
Müasir hərbi-siyasi vəziyyət kontekstində Şuşa məncə, hərbi şəhərə çevrilməlidir. Ancaq xarici görünüşü ilə çox gözəl, lakin bölgənin dominantı və qalası simvolu olmalıdır”.
Mütəxəssis bildirib ki, turizmi təbii komponent nəzərə alınaraq Kəlbəcər və Laçında inkişaf etdirmək məntiqə uyğundur.