Qazaxıtanın Almatı şəhərində qazın qiymətinin iki dəfə artırılmasına qarşı keçirilən etiraz aksiyaları toqquşmalarla nəticələnib. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Mangistau vilayətində və Almatı şəhərində komendant saatının tətbiq edilməsi haqqında sərəncamlar imzalayıb. Almatı şəhərinə giriş və çıxış qadağan olunub.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, şəhərin mərkəzi meydanında etirazçılarla polis arasında toqquşmalar yaranaıb, aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə edilib. Bir neçə etirazçının saxlanıldığı bildirilir.

Fövqəladə vəziyyətin 5 yanvar 2022-ci il saat 01:30-dan 19 yanvar saat 00.00 dəqiqəyə qədər qüvvədə olacağı bildirlib. Buna səbəb kimi ictimai təhlükəsizliyin təmin edilməsi, asayişin bərpası, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi göstərilib. Almatı şəhəri və Manqistau vilayətində kütləvi tədbirlərin keçirilməsi də qadağan edilib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev qazın qiymətinin iki dəfə artması fonunda ölkənin müxtəlif şəhərlərində icazəsiz aksiyaların keçirilməsi ilə bağlı xalqa müraciət edib. Dövlət başçısı sakinləri tədbirli olmağa, daxili və xarici təxribatlara uymamağa çağırıb.

“Mülki və hərbi qurumlara hücum çağırışları tamamilə qanunsuzdur. Bu, cinayətdir. Bizə münaqişə yox, qarşılıqlı güvən və dialoq gərəkdir. Bütün qanuni xahiş və tələblərə diqqətlə baxılacaq, uyğun qərarlar qəbul ediləcək. Sabah bu məsələlərlə bağlı işçi toplantı keçiriləcək”, – Prezident deyib.

Yanvarın 2-dən Qazaxıstanın Manqistau vilayətinin Janaozen və Aktau şəhərlərinin sakinləri qiymət artımına qarşı etirazlara qalxıblar. Sakinlər maye qazın dəyərinin kəskin artmasına etiraz ediblər. Belə ki, ölkədə maye qazın dəyəri 60 təngədən 120 təngəyə qaldırılıb.

Ölkənin Energetika Nazirliyi izah edib ki, yanvarın 1-dən qazın qiyməti tələb və təklif əsasında elektron birja ticarətində formalaşır. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev duruma baxmaq üçün hökumət komissiyasının yaradılması barədə göstəriş verib. Qazaxıstan hökuməti Manqistau vilayətində maye qazın qiymətinin 1 litr üçün 50 təngəyə (0,11 dollara və ya 20 qəpik – red.) endirsə də etirazlar davam edib.

Ölkədə internetlə bağlı problemlərin yaşandığından videomaterialların dünya ictimaiyyətinə çatdırılması bir neçə saat gecikir. Respublika meydanından qovulan etirazçıların şəhərin mərkəzi küçə və prospektlərilə hərəkət etdiyi vurğulanır.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın