Polşa “Legiya”sının futbolçusu Mahir Emreli evdə İtaliya “Napoli”sinə 1:4 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının qrup oyunundan sonra “TVP Sport”a açıqlama verib.  

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, 11-ci dəqiqədə hesabı açdıqdan sonra baş məşqçi Marek Qolebiyevskini qucaqlayan 24 yaşlı hücumçu bunu çoxdandır qol vurmaması ilə əlaqələndirib: “Çoxdandı qol vurmurdum, ona görə sevinc hissi keçirdim və məşqçini qucaqlamaq üçün qaçdım. Məşqçi mənə inandığını və döyüşməli olduğumu demişdi. Bu, ona bir təşəkkür jesti idi, başqa bir şey deyildi”.  

Mahir məğlubiyyətin səbəblərini də açıqlayıb: “Avropa Liqasındakı ilk oyunlardan sonra düşünürdüm ki, yaxşı çıxış edəcəyik. Çünki qrup mərhələsinə yaxşı başlamışdıq. Bununla belə, “Napoli” İtaliyanın ən yaxşısıdır və topla yaxşı oynadığını nümayiş etdirdi. Çətin oyun olacağını bilirdik. Bu gün bir daha bunun şahidi olduq. Vurduqları hər qol onların səviyyəsini göstərir. Penaltilər, fərdi səhvlər oldu və beləcə uduzduq.

Müsbət məqam? Qol vurmağım. Ancaq düzünü desəm, uduzduğumuza görə məyusam. İndi təhlil etmək və səhvləri aradan qaldırmaq üçün işləmək vaxtıdır. Davam etmək vaxtıdır. Kombinasiya ilə oynamağa, qol vəziyyətləri yaratmağa, məşqçinin dediklərinə, məşqdə çalışdıqlarımıza əməl etməyə səy göstərdik. Bu yaxşı əlamətdir. İnanıram ki, daha yaxşı olacaq”. 

Millimizin üzvü “Napoli” ilə oyunda tez yorulduqlarını etiraf edib: “Ola bilsin ki, gücümüz tükəndi. Topsuz qaçdığımızı nəzərə alsaq, bu normaldır. Rəqibə boşluqlar verdik. Özümüzdən qat-qat yaxşı futbol keyfiyyətli komandaya qarşı oynadıq. Mən komandadan yox, fərdi keyfiyətlərdən danışıram. Yekunda komanda şəklində uduzduq. Onu da deməliyəm ki, nəticə meydanda baş verənləri əks etdirmir. Futboldan anlayan hər kəs bunu etiraf edə bilər. 

Biz “Legiya”yıq və mübarizəmizi davam etdirməliyik. Təslim olmayacağıq”.

https://www.youtube.com/watch?v=6vgROx47Igc

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın