Azərbaycan millisinin futbolçusu Mahir Emreli bu ilin iyununda “Qarabağ” futbol klubunu Polşa “Legiya”sına dəyişib. Varşava təmsilçisi ilə 3+1 illik müqavilə imzayalan 24 yaşlı hücumçunun Polşa karyerası vaxtından əvvəl başa çata bilər. Azarkeşlərlə bağlı bildiyimiz insidentdən sonra komandadan ayrılması gözlənilən forvard indi Bakıda dincəlir.

Mahirin “Legiya”da qalıb-qalmayacağı yaxın günlərdə dəqiqləşəcək. “Bakı” klubunun yetirməsi olan Emreli indiyədək millidə keçirdiyi 49 oyunda 8 qol vurub. Futbolçu Report informasiya agentliyinə müsahibəsində həm “Legiya”dakı indiki durumundan, həm fanatlarla bağlı qalmaqaldan, həm də yığmanın UEFA Millətlər Liqasındakı şanslarından danışıb.

– 2021-ci ili özünüz üçün necə dəyərləndirirsiniz?

– Ümumi götürəndə, özüm üçün pis il olmadı. Şəxsi statistikaya baxsaq, “Qarabağ”da yetərincə qollar vura bildim. “Legiya”da yaxşı başlanğıc oldu. 6 ay yeni transfer edilmiş futbolçu üçün adətən adaptasiya dövrü olur. Düşünürəm ki, o dönəmi yaxşı keçirə bildim.

Burada rəhbərliyin və baş məşqçinin böyük rolu oldu. Ancaq komanda planında “Qarabağ”la çempionluğu son anda qaçırdıq. “Legiya” ilə bağlı indiki durum çox da ürəkaçan deyil. Belə uğursuzluq heç vaxt olmayıb. Bu ilə pis də deməzdim.

Ancaq çox istərdim ki, şəxsi statistikam geridə qalsın, komanda uğurlu çıxış etsin. Bu duyğular “Qarabağ”da, “Legiya”da da eyni olub. Kaş, az qol vurardım, ancaq “Legiya” çempionatda üst sıralarda olardı. Avropa Liqasında qrupdan çıxa bilsəydik, bu gün daha çox sevincli olardım. Ancaq ümumi planda mənim üçün pis il olmadı.

– “Legiya” yaxşı durumda olduqda belə, sizin az qol vurmağınızla heç kim razılaşmazdı. Çünki hücumçusunuz, vəzifəniz qol vurmaqdır. Bu amil birmənalı qarşılanmır. Özünüzün də dediyiniz kimi, heç də pis başlamamışdınız. İndi 11 qolla komandanın ən sərrast futolçususunuz. Ötən mövsüm “Qarabağ”da da bombardir olmuşdunuz…

– Düz deyirsiniz. Komanda uğurlu çıxış etsə belə, azarkeşlərin tələbi olacaqdı ki, niyə az qol vurursan? Doğurdan da Ekstraklasada çox az – cəmi 2 qol vurmuşam. Açığı, bu da yaxşı hal deyil. Bu mənada mənim üçün çətin başlanğıc oldu.

“Legiya”nın hücum xəttində rəqabət böyükdür. Bu komandaya keçəndə plan belə idi ki, mən avrokuboklarda oynamalıyam. Özünüz də görürdünüz ki, avrokubok oyunlarına start heyətində çıxırdım, liqa oyunlarında isə sonradan meydana girirdim. Bu isə mənə ölkə çempionatının tempini tutmağa mane oldu.

Sizi inandırım ki, Ekstraklasa başqa liqalardan tam fərqlənir. Orada çox yaxşı müdafiəçilər var. Sərt, bəzən isə kobud keçən çempionatdır. Bu, mənim üçün yeni bir şeydir. Avropa Liqasında isə komandalar bir az daha taktiki oyuna üstünlük verirlər. Çempionatda fiziki gücə əsaslanan sərt və kobud oyunun şahidi ola bilərsiniz. Bəzən 1 dəqiqə belə, temp aşağı düşmür. Çempionat çox maraqlı və gərgin keçir. Düşünürəm ki, hələ Ekstraklasaya uyğunlaşa bilməmişəm.

– Bəzi ölkələr var ki, klublar daha çox çempionata önəm verirlər. Çünki avrokuboklarda müəyyən yerədək gedə biləcəklərini düşünürlər. Türkiyə klublarını götürək. Bilirlər ki, maksimumları 1/4 finaldır, kuboku qazana bilməyəcəklər. Bu baxımdan gücü Superliqaya verirlər. “Legiya” da Polşanın flaqman komandasıdır, çılğın azarkeşləri, öz cameəsi var. Onlar da tələbkar olmağa başlayıblar. Sizcə, oradakı tələbkarlıq çempionatla bağlıdır, yoxsa avrokuboklarla?

– Əlbəttə, çempionatla bağlıdır. Düzdür, indi səsləndirdikləri şüarlar xoşa gəlmir. Bu da normaldır. Açıq şəkildə söyüşlü şüarlar səsləndirirlər.

– Kimin ünvanına: Klub rəhbərliyinin, yoxsa futbolçuların əleyhinə?

– Orada ən çox işlədilən şüar belədir: “Legiya”da çıxış edirsiniz, ancaq axmaqlar kimi oynayırsınız. Hansı komanda olduğunuzun fərqinə varın”. Məsələn, Avropa Liqasında işlərimiz yaxşı getdiyi halda, çempionatda zəif çıxış edəndə “Avrokuboklarda çox yaxşı, Ekstraklasada pis oynayırsınız” şüarları səsləndirirdilər.

Açığı, Avropa Liqasında çox maraqlı qrupumuz var idi. Hər şey son tura qalmışdı. Sadəcə, əvvəlcə heç kim çox üstünə düşmədi ki, hələ zaman var. 3 cəbhədə mübarizə aparırdıq. Ən önəmli məqamlardan biri “Legiya”nın 4 ildir avrokubokların qruplarında oynamaması idi. Ona görə də 3 cəbhədə oynamaq bizə bir az ağır gəldi.

İndi real şansımız ölkə kubokuna qalıb. Bu titulu götürə bilərik. Səhvlərimizi analiz etməyə çalışacağıq. Avropa Liqasında müdafiədən oynayırdıq. Rəqib bizə imkan verirdi, boşluqlardan istifadə edirdik. Çempionatda isə dominantlıq etməli idik. Ancaq heç də yaxşı alınmadı. Məsələn, pressinq etməli idik. Heç bir oyunda bunu istədiyimiz kimi həyata keçirə bilmirdik.

Yerli klublar çox rahat şəkildə təzyiqdən çıxa bilirdilər. Bizi rahatsız edən ən böyük məqamlardan biri bu idi. Bunu komanda daxilində baş məşqçi ilə də müzakirə edirdik. Sadəcə, hər mütəxəssisin beynində öz oyun üslubu var. Məsələn, Çeslav Mixneviç müdafiədən oyun qurmağı xoşlayırdı. Ona görə beşli müdafiəyə üstünlük verirdi. Ancaq bu, çempionatda bizə mane olurdu.

Həmçinin “Legiya”da oyunçular da çox dəyişdi. Çox sayda yeni futbolçu gəldi. Adaptasiya müddəti də lazım idi. Təbii ki, istənilən halda, belə olacağını gözləmirdik.

– “Legiya” indi doğurdan da özünə yaraşmayan mövqedə qərarlaşıb. Aşağı liqaya düşmək təhlükəniz var…

– Bilirsiniz, mövsümün əvvəlində belə bir ifadə işlətmişdim ki, tituldan yana heç bir qorxum yoxdur. Nə olur-olsun, çempionluq uğrunda vuruşacağıq. Ancaq sonradan uzaq səfərlər, oyunlar komandanı yordu. Azərbaycanda çempionat oyunu üçün ən uzaq yol Qəbələyədir. Amma orada cəmi 2 şəhərə – Plotska 1,5 saatlıq, Radomyaka 45 dəqiqəlik yol qət etmişəm. Qalan bütün şəhərlərə avtobusla 4-5 saatlıq yoldur.

– Bütün oyunlara avtobusla gedirsiniz? Təyyarə yoxdur?

– Təyyarə ilə 1-2 oyuna getmişik. Bir də qatara üstünlük verirlər. Qatarla 1 gün əvvəldən gedirik. Ancaq qayıtmaq yenə avtobusla olur. Yol yorğunluğu da üst-üstə gəlir. Statistikaya baxıram, “Qarabağ”da çıxış edərkən millinin oyunları da daxil olmaqla, maksimum 30-40 oyun keçirirdim.

Ancaq indi “Legiya” və yığmada 6 aya 39 oyuna çıxmışam. Üstəlik, bir neçə görüşü buraxmışam. Məsələn, koronavirus məsələsinə görə milli ilə Serbiyaya qarşı oynamamışam. “Legiya”ya yeni keçəndə xəstələnmişdim, Plotsk “Visla”sı ilə oyunu buraxdım. Səhv etmirəmsə, Ekstraklasada 3, ya da 4 görüşdə meydana çıxmamışam. Millidə isə 1, ya da 2 qarşılaşmada oynamamışam.

– Səhv etmirəmsə, Ekstraklasada son qolunuzu sentyabrın 25-də vurmusunuz…

– Hə, çempionatda sonuncu qolu “Rakov”a vurmuşam. Həmin oyunda uduzmuşduq – 2:3. Ancaq son olaraq, noyabrın 4-də İtaliya “Napoli”si ilə Avropa Liqasının qrup oyununda fərqlənmişəm. O qarşılaşmada da uduzmuşduq – 1:4. Ümumiyyətlə, ondan sonra Ekstraklasada qələbə qazandığımız 2 oyun olub. Birində “Yagelloniya”nı, digərində isə “Zaqlembe”ni məğlub etmişdik. Həmin oyunlardan sonra çox da qol vurmamışıq.

– İdman Araşdırmalar Mərkəzinin sorğusuna görə, “Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov ilin futbolçusu seçildi. Hər dəfə sorğuda kimsə sizi üstələyir. Bunu daha öncə Rəşad Sadıqov, Mirabdulla Abbasov və Emil Balayev edib.

Ən real şans bu il idi. Bu dəfə də Mahmudov sizi qabaqladı. İdman jurnalistları arasında keçirilən sorğudur, nəticələri də tam şəffaf şəkildə açıqlanır. Necə düşünürsünüz, Emin Mahmudovun İlin Futbolçusu seçilməsi qanunauyğundur?

– 2018-ci ildə mənim millidə də, “Qarabağ”da da qollarım var idi. Çempionatda ən çox fərqlənən futbolçulardan biri idim. Ancaq ilin futbolçusu seçilməməyim mənə qaranlıq qalmışdı.

– Bu il isə bir məsələ daha çox maraqlı idi: Milli komandada çox qol vuran, yoxsa Azərbaycanı ölkə xaricində təmsil edən futbolçu ən yaxşı seçiləcək. Sizcə, hansına daha çox üstünlük verilməlidir?

– Ola bilər ki, bu il milli komanda amilinə görə Eminə üstünlük veriblər. Bəs 2018-ci ildə mənim ən yaxşı seçilməməyimdə səbəb nə idi? Əslində səbəbi bilinir. İstər bir çox insan, istərsə də jurnalist məni özündənrazı futbolçu kimi tanıyır. Bu, 1-2 belə jurnalistin səsləndirdiyi fikirdir. Deyiblər ki, özündənrazıdır, ona görə seçilməyini istəmirik. Bunu bir futbolçuya söyləyiblər.

– Hansı futbolçuya: Sizin keçmiş komanda yoldaşlarınızdan birinə?

– Yox, ad çəkməyə ehtiyac yoxdur. Ancaq o standartlara görə oyunçu seçəcəklərsə, mənim üçün önəmli deyil. Elə bir dərdim də yoxdur. Futbolçu kimi buna öyrəşmişəm. Ona görə də mənə problem yaratmır. Seçilib-seçiməyəcəyimi zərrə qədər də gözləmirdim. Özünüz də deyirsiniz ki, 4-5 ildir namizəd olsam da, seçilməmişəm. Mənim üçün problem yoxdur.

2019-cu ildə Emil Balayev seçiləndə millidə yalnız Xorvatiyaya qarşı oyunda qapıda durmuşdu. Həmin oyunda da çox yaxşı təsir bağışlamışdı. Ancaq Qazaxıstanın “Tobol” klubunda uğurlu çıxış edirdi. Onunla çox gözəl münasibətim var. Bizi ölkə xaricində yaxşı təmsil etdi. Qazaxıstan çempionatı da olduqca gərgin keçir.

– Yəni, Emin Mahmudovun seçilməsi tam qanunauyğundur?

– Belə deyək: sabah mən “Qarabağ”da oynayıb millidə qollar vursaydım və buna görə ən yaxşı seçilsəydim, bu addımı doğru hesab edərdim. Ancaq məsələn, mən yığmada çoxlu qol vuracağam, başqa oyunçumuz ölkə xaricində çıxış etdiyi üçün ən yaxşı seçiləcəksə, nədən danışa bilərik?

– Sizə elə gəlmirmi ki, burada milli komandanın baş məşqçi Canni Byazinin sözləri açıq-aşkar rol oynadı. Çünki o, hələ seçimlərdən öncə bildirmişdi ki, İlin Futbolçusu adına Emin Mahmudov daha layiqdir…

– Mən bu ölkədə 6 il ən yaxşı baş məşqçi ilə işləmişəm. Qurban Qurbanovun həm şəxsiyyət, həm də futbolçu kimi yetişməyimdə böyük xidməti olub. Sadəcə, bir məqama özəl olaraq toxunmaq istəyirəm. Bəzi şeylərdən yorulmuşam. Əvvəllər “Qarabağ”da oynayanda yaşımın da az olması məni bir az geri atırdı. Yəni, sakit durmağa, heç nə deməməyə üstünlük verirdim. Bu gün “Legiya”dayam deyə, belə danışmıram. “Qarabağ”da da qalsaydım, bəzi fikirləri səsləndirmək istərdim. Çünki ömrüm boyunca sakit, uşaq kimi qalmayacaqdım. İstəmirəm ki, insanlar mənim heç nə deməyəcəyimi düşünüb haqqımda rahatca artıq-əskik yazsınlar.

Qurban Qurbanovda belə xüsusiyyət var ki, susmağa üstünlük verir. Ancaq fikir verirəm, bu il daha rahat danışır. Özü də deyib ki, bunda ən böyük pay torpaqların qayıtmasıdır. “Qarabağ”ın oyunlarını izləyirik. Qarşısındakı komandanın kimliyindən asılı olmayaraq, rəqibi daim təzyiq altında saxlamağa, hücum futbolu oynamağa çalışır.

Sözümün canı odur ki, De Byazi “Mənə vaxt lazımdır” deyəndə ona gülürdülər, ancaq “İlin Futbolçusu Emin Mahmudov olmalıdır” açıqlamasını ciddiyə alırlar. Bu mənada mənə qaranlıq qalan məqamlar var. Ümumi götürəndə, düşünürəm ki, Emin də bu mükafata layiq idi. Tək yığmada yox, “Neftçi”də də yaxşı təsir bağışladı. Avrokuboklarda qrupa düşməsələr də, komandanın çempionluğunda, mərhələ adlmasında böyük pay sahibi oldu. Həm kapitan, həm insan kimi çox gözəl xüsusiyyəti var.

Futbolçuluğu haqqında danışmağa ehtiyac yoxdur. Uğurlarına, bu cür titullar qazanmasına sevinirəm. Vaxtilə rəqib olsaq da, onun xətrini hər zaman çox istəmişəm. Yaşca bizdən böyükdür, qarşısında heç vaxt tərbiyəmizi pozmamışıq. Həm məsafə, həm də hörmət saxlamışıq. Mən burada Eminə qarşı fikir səsləndirmədim. Sadəcə, səsvermə barədə danışdım. Mənə maraqlıdır ki, insanlar əvvəlki illərdə nəyə baxıb səs verirdilər.

– Belə bir ifadə var ki, sevgidən nifrətə qədər məsafə elə də çox deyil. Biz bu il “Legiya”da iki məqamı gördük. Azarkeşlərdən biri sizin üçün tribunada pankart açmışdı, onunla görüşdünüz. Yəni, azarkeşlərlə aranız yaxşı idi. Ancaq sonra tamam başqa münasibətlə üzləşdiniz. Bunun səbəbi nədir: Bunlar eyni adamlardır?

– Yox, elə deyil. Burada fərqli münasibət sırf mənə qarşı yox, komandaya olan münasibətdir. Həm də tribunada oturan azarkeşlərlə xuliqan fanatlar eyni deyil. Bunlar ayrı-ayrı anlayışlardır.

– İndi azarkeşlərin sizinlə bağlı ümumi rəyi nədən ibarətdir: Əvvəlki münasibət yenə qalırmı?

– Əlbəttə. Ümumi rəyə baxsaq, bu gün “Legiya”da ən yaxşı statistikası olan futbolçu mənəm.

– Hə, ən yaxşı oyunçularla bağlı azarkeşlər arasında keçirilən sorğuda sizin də adınız var idi…

– Hər millətin özünəməxsus xarakteri var. Namik Ələskərov indi “Bursaspor”da çox gözəl çıxış edir. Ancaq bu komanda da “Legiya” kimi artıq neçənci dəfədir baş məşqçi dəyişikliyinə gedir, aşağı sıralardadırlar. Ancaq bu, o demək deyil ki, Namikə qarşı münasibət dəyişir. Hər şey oyundan asıdır. Oyuna baxan insanlar hər şeyi çox gözəl görürlər.

“Pyast”la oyunda qapı dirəyinə dəyən topları saymasaq – bu, sırf bəxtlə bağlı məqamdır – son 10 qarşılaşmada bəlkə də cəmi 2 qol epizodum olub ki, onu qaçırmışam. Başqa qol fürsətləri olmayıb. Çünki onsuz da rəqibin cərimə meydançasına gedib çıxmaqda çətinlik çəkirik. 10 epizoddan 2-ni vurub, 8-ni qaçırmışamsa, irad bildirmək olar.

– Bir neçə oyunda ancaq qapı dirəklərini nişan aldınız…

– Bəxtsizlik idi. Bizdə uğursuzluqdan sonra Çeslav Mixneviç getdi və onun yerinə Marek Qolebievski gəldi. Özü hücumçu olduğundan, məni ən gözəl başa düşən o idi. Deyirdi ki, burada sənlik bir şey yoxdur. Top qapıya girmək istəmirsə, girməyəcək. Biri var ki, qapıçı ilə təkbətək çıxıb kənara vurursan. Biri də var ki, vurursan, top qapıya girmir.

Bilirsiniz, buna özəl ustalıq gərək deyil. Həmin epizodda Robert Levandovski, ya da başqa oyunçu olmağa ehtiyac yoxdur. Mən özüm də həmin epizodlara baxıb gülürdüm. Doğrudan da gülməli durum idi. Yüz il məşq etsən də, o cür epizoda girə bilməzsən. Top gah o dirəyə, gah da bu dirəyə dəyirdi (gülür).

– İngiltərə “Lester”inə vurduğunuz qol epizodunda da top hər iki dirəyə dəydikdən sonra qapıya girmişdi…

– Ümumiyyətlə, belə epizodlara gülüb keçməyi üstün tutmuşam. Oturub özümü həyəcanlandırmaq və stresə salmaqla heç nəyə nail olmayacağam. Hücumçuyamsa, məndən çox kim qol vurmaq istəyər ki? Bunun üçün də əlimdən gələni edirəm. Ancaq ilk növbədə, komanda şəklində oyunumuzu yaxşılaşdırmalıyıq.

“Legiya” ötən mövsüm dominant komanda sayılırdı. Hər zaman topla oynayan, hücumda olan kollektiv idi. Bunun nəticəsi kimi də Tomaş Pexart 25 qolla bombardir olmuşdu. Bu il isə “Legiya” tam fərqli oynayır. Ona görə də kiməsə, xüsusən hücumçuya irad bildirmək çox çətindir.

– Ötən mövsümün bombardirini ehtiyata göndərmiş hücumçusunuz. Bu, Polşada heç də birmənalı qarşılanmırdı. Pexartın ehtiyata düşməsini tənqid edirdilər. Bəzən siz hansısa epizodu qaçıranda deyirdilər ki, niyə əsas heyətdə Pexart yox, Emreli çıxış edir…

– “Legiya”ya yeni qoşulanda fikir o idi ki, biz Pexartla birlikdə oynayacağıq. Ancaq sonradan bilmədiyim səbəbdən baş məşqçi fikrini dəyişdi.

– Yəni, meydanda 2 hücumçu olmalı idi: Biri öndə, o biri onun arxasında oynamalı idi…

– Hə, biri taran tipli, digəri sürətli və cəld olmalı idi. Əsas fikir bundan ibarət idi. Sonradan bilmədim ki, niyə baş məşqçi bir hücumçu ilə oynamağa üstünlük verdi. Ötən mövsüm meydana iki hücumçu ilə çıxırdılar. Pexart və Lukinyas eyni vaxtda meydanda olurdu. Belədə pressinq etmək də asanlaşırdı. Tək hücumçu ilə 4 müdafiəçinin üstünə getmək çox çətindir.

– Mixneviç müsahibələrinin birində demişdi ki, Mahir topla oynamağı yaxşı bacarır, ancaq topsuz oyunu zəifdir…

– Yenə deyirəm: bizim pressinq problemimiz var idi. Heç vaxt boş-boş qaçmağın tərəfdarı olmamışam. Liqada oynayırsansa, 5-6 saniyədə itirdiyin topu geri qaytarmalısan. Ancaq biz nədənsə hər zaman arxada gözləyirik və çox irəli çıxmırıq. Belə olan halda pressinq etmək ancaq mənim üstümə düşürdü. Bu da çox gözə çarpmırdı.

“Qarabağ”da 6 il 4-3-3 taktiki sxemi ilə oynamışam. Pressinqə necə çıxmaq lazım olduğunu başa düşürdük. Mən öz vəzifəmin nədən ibarət olduğunu bilirdim. İndiki halda 3-5-2 sxemi ilə oynamamışam. Bu, bir az fərqli oyun quruluşudur. Ona görə də bəzi məqamlara hələ adaptasiya olmamışam.

Mixneviç hər zaman mənə iradlarını bildirir, nəyin üzərində çalışmalı olduğumu deyirdi. O, mənim daha çox önə açılmağımı, müdafiəçilərin arxasına qaçmağımı xoşlayırdı. Ancaq topsuz oyunumla bağlı narazılıq edirdi. Çünki mən çox qaçmağı xoşlayan oyunçu deyiləm. Bəzi oyunlarda, məsələn, “Lester” və “Napoli”yə qarşı görüşlərdə qaçmalısan, müdafiə olunmalısan. Çünki qaçmasan, nəticə qazana bilməzsən.

Ən gözəl nümunə Rusiyada Moskva “Spartak”ı ilə oyun idi. Həmin görüşdə qalib gəldik. Oyundan sonra Mixneviç mənim rəqib müdafiəçiləri çox yorduğumu dedi. Ona görə də oyunun sonlarında meydana yeni futbolçular girdi və qol gəldi. Kağız üzərində adım olmasa da, istədiyim oyunu göstərə bildim. Liqada isə topsuz qalmağı çox xoşlamıram. Bu üzdən az qaçıram.

– Əslində “Qarabağ”da belə oynamısınız…

– Hə. Çünki “Qarabağ” topla oynayan komandadır. “Legiya”nın da dominant klub olduğunu bilirdim. Bu komandanı seçməyimdə əsas məqsədlərdən biri də o idi. Hücumçu üçün bu, çox önəmlidir. Belədə daim rəqibin qapısı qarşısında oynayırsan və qol fürsətlərin çox olur. Ancaq ötənilki “Legiya” ilə indiki komanda çox fərqlidir.

– Müsahibələrinizdə bildirmisiniz ki, əsas hədəfiniz Top-5 liqalarda oynamaqdır. Bu, arzu-istək hələ də qalır?

– Əlbəttə, qalır.

– Son qarşılaşmalarda oyununuzun alınmamasından sonra özünüzdə “Birdən geri gedərəm, hansısa kluba icarəyə verərlər” düşüncəsi yaranmayıb?

– Yox, belə bir fikir yoxdur. Bilirsiniz, nə vaxt narahat olaram? Qol epizodlarım olmasa. Hücumçunun ən böyük problemi budur. Fürsətlərdən yararlana bilmirəmsə, deməli, nə vaxtsa bu tilsim qırılacaq. Öz oyunlarımı analiz edəndə çıxışımı uğursuz saymıram. Çünki bir neçə oyunda sağ cinahda çıxış edir, hücumçu kimi oynamırdım.

Çoxdandır bu mövqedə oynamadığımdan, özüm üçün də xoş oldu. Çünki mən normalda cinah oyunçusuyam. Sadəcə, “Qarabağ”da hücumçuya çevrildim. Onu deyə bilərəm ki, fərdi baxımdan çox güclü komandamız var. Qapıçımız Artur Boruts klubun əfsanəsidir. Artur Yendjeyçik çox təcrübəli müdafiəçidir. Jozue böyük klublarda oynayıb, “Qalatasaray” kimi komandanın futbolçusu olub. Lukinyasın qiyməti onun haqqında fikir bildirməyə bas edir.

İndi zədəli olan Bartoş Kapustkanu qeyd edərdim. Bu futbolçu ilə meydanda bir-birimizi ideal şəkildə başa düşürdük. Təəssüf ki, diz bağlarından xəsarət aldı, uzun müddətdir oynamır. Sadəcə, topsuz oyunla bağlı problemlərimiz var. Ona görə də pressinqə çıxa bilmirik. Bu səbəbdən, qol buraxırdıq. Bəzi şeyləri yaxşılaşdırmalıyıq.

Ekstraklasa çox maraqlı çempionatdır. Orada ən ideal qol vurmaq anı əks-hücum və standart vəziyyətlərdir. Məşqlərdə bu ikisinin üzərində məşq edirik. Standart vəziyyət, demək olar ki, qolun yarısıdır. Bu mövsüm ən çox əks-hücumlardan qol buraxmışıq. Bu da topsuz oyun anlayışının yaxşı olmaması ilə bağlıdır. Yəni, fərdi baxımdan heç bir problem görmürəm.

– Fikirlərinizdən sonra belə bir rəy yaranır ki, “Legiya”da əsas problem baş məşqçi ilə bağlıdır. Bunu səmimi etiraf edə bilərsiniz?

– Marek Qolebiyevski ilə az işlədik. Ona görə də bu məşqçi haqqında çox şey deyə bilmərəm. Aleksandr Vukoviçi tanımıram. Deyilənə görə, futbolçular arasında çox sevilən baş məşqçidir. “Qarabağ”da oynayarkən “Legiya” ilə qarşılaşdığımız dönəmdən öncə də baş məşqçi Vukoviç idi.

Ondan sonra Çeslav Mixneviç gəldi. Oyunçular ona böyük hörmət bəsləyirlər. Baş məşqçi kimi nüfuzu var. Sayılıb-seçilən futbolçulardan olub. Mixneviç haqqında onu deyə bilərəm ki, əsasən müdafiəyə önəm verirdi. Hücumun qurulmasında o qədər də maraqlı deyildi. Hücumçulardan əsas tələbi topu az itirmək idi. Məndən rəqib müdafiəçilərinin arxasına açılmağımı istəyirdi. “Legiya”ya transfer olunmağımın əsas səbəblərindən biri də bu idi. Topla oyunumu da çox bəyənirdi.

– Sualım bir qədər fərqli idi: İstər Azərbaycan millisində, istərsə də “Legiya”da problem daha çox baş məşqçi ilə bağlı deyil? Çünki bayaq qeyd etdiniz ki, De Byazi tez-tez vaxt istəyir…

– Yox, mən onun səhv fikir səsləndirdiyini demirəm. Əlbəttə, bir işi mükəmməlləşdirmək üçün vaxt lazımdır. Məsələn, Qurban Qurbanov “Qarabağ”a gələndən bir neçə il sonra ardıcıl nəticələr qazanıldı. Zaman önəmli məsələdir. “Legiya”da isə problemin sırf kimdən, ya da nədən qaynaqlandığını deyə bilmərəm.

– “Legiya”nın indi öz potensialından aşağı səviyyədə oynaması fikri ilə razısınızmı?

– Məncə, problem məşqlərlə bağlı ola bilər. Bəzən həddindən artıq çox məşq edirdik. Hətta hansısa məqamda futbolçularda yorğunluq, yüklənmə olurdu. Biz görmüşük ki, yüklənmə adətən təlim-məşq toplanışları zamanı baş verir. Mövsümün ortasında daha çox taktiki hazırlıq ön plana çıxır. Fikrimcə, biz çox yükləndik və bu, mövsümün ilk yarısının ortasında hiss olundu. Uzun səfərlər də bunun üstünə gələndə futbolçular üçün çox çətin olurdu. Düşünürəm ki, ümumi komanda halında bu yüklənmə ağır gəldi.

– De Byazi mətbuat konfransında elə sizin yanınızda demişdi ki, Mahir Emreli qol vurmalıdır. Deyilənə görə, bu sözlərdən narazı qalmışdınız və bunun üzərinizdə təzyiq yaratdığını bildirmişdiniz…

– Qol vurmaq üçün epizod olmalıdır. Ümumiyyətlə, başa düşmək istəyirəm ki, “Qol vurmalıdır” nə deməkdir: Qolu necə vururlar?

– Kollektiv oyunla…

– Yığmada hansı fürsət düşdü ki, fərqlənmədim? Qapıçı ilə üzbəüz qaldım, qol vurmadım?

– Necə oldu ki, Emin Mahmudovun əlinə fürsət düşdü, qol vurdu, amma sizdə olmadı? Deyirsiniz ki, hücum qurulmalı, siz də onu məntiqi sonluğa çatdırmalısınız. Amma Mahmudov özü yaradıb, özü fərqlənir. Sizin də “Legiya”da elə qollarınız olub. Bəs milli komandada niyə qol vura bilmirsiniz?

– Əvvəlcə onu deyim ki, yığmada heç vaxt hücumçu kimi oynamamışam. Həmişə yarımmüdafiənin sağ cinahında çıxış etmişəm. Bu, ən azı De Byazi gələn günədək belə idi. Qolları da əsasən həmin cinahda oynayarkən vurmuşam. Belədə topu sol ayağıma çəkib təhlükəli vəziyyət yarada bilirəm. Ancaq hücumda olanda topu çox gözləyirəm. Bir az səbirsiz oyunçuyam. Sırf hücumçu deyiləm. Bir az sərbəst oynamağı, sağa-sola getməyi xoşlayıram.

Qol vura bilməməyim məndən çox heç kimi rahatsız edə bilməz. Milli komandada, əlbəttə, qol vurmaq istəyirəm. Baş məşqçi ilə də müzakirə edirik. İrad da bildirməli, məsləhətlərini də verməlidir. Onun sözləri heç vaxt məndə psixoloji basqı yaratmayıb. Əminəm ki, mətbuat konfransında söylədikləri də məni motivasiya etmək üçündür.

– Qarşıdan UEFA Millətlər Liqasının oyunları gəlir. Qrupu necə dəyərləndirirsiniz?

– Onsuz da indi asan qrup yoxdur. Ancaq orada dişimizə görə olan komandalar var. İndi hər rəqibə qarşı oynamaq olur. Baş məşqçimiz də dəyişmədi. Onun nə tələb etdiyini, beynində olanları bilirik. Düşünürəm, bu dəfə nəticələrimizi və oyunumuzu daha da yaxşılaşdıracağıq.

– Dünya çempionatının seçmə mərhələsində 1 xaldan artığını yığmaq olmadı. Millətlər Liqasında isə məsuliyyət başqadır: qrupda 1-ci yeri tutmaq lazımdır. Slovakiya, Belarus, Qazaxıstan/Moldova cütünün qalibi kimi yığmaların yer aldığı qrupda lider olmaq, sizcə, realdırmı?

– Səhv etmirəmsə, Millətlər Liqasındakı 3 seçmə tsikl ərzində ən çətin qrupa düşmüşük. Əvvəlki rəqiblər daha münasib idi. Nədənsə insanlar deyirlər ki, ən ideal qrup birinci idi. Açığı, bunu başa düşmürəm. Kosovo yeni yaranmış ölkə olsa da, futbolçularının harada oynamasından, yəqin, xəbərləri yoxdur. “Legiya”da Lirim Kostrati adında Kosovadan olan otaq yoldaşım var. Varşava klubuna Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasından gəlib. Kosovodan tanıdığım futbolçular var ki, aşağı yaşlarında Almaniyanın U-17, U-19 yığmalarında oynayıblar. FIFA reytinqində aşağı sıralarda olsalar da, çox keyfiyyətli futbolçuları var. Kosovoya məğlubiyyəti niyə özümüzə sığışdırmadığımızı başa düşmürəm. Bu yığma bir neçə ildən sonra Serbiyadan heç də geri qalan kollektiv olmayacaq.

Daha sonra Monteneqro və Lüksemburq gəldi. Sonunculara milli komanda kimi böyük simpatiyam var. Baxımlı futbol oynayırlar. Ölkə ilə bağlı problem olsa da, müharibə dövründə erməniləri dəstəkləsələr də, sırf idman baxımından yaxşı futbol sərgiləyirlər. İndi səhvlərimizi ümumi dəyərləndirmək istəməzdim. Artıq hamı futbol oynaya bilir. Millidə qaçmasan, nəticə əldə etmək çətindir.

Hamımız “Qarabağ”ın uğurlu çıxış etdiyini deyirik. Bu komandanın artıq oturmuş sistemi var. Ora uyğun futbolçuları qoyanda istər-istəməz oynamağa başlayırlar. Yığmada da eyni sistem olmalıdır. Hər il fərqli heyətlərlə oynayırıq. De Byazi gələndən sonra beşli sistemə keçmişik. İstəyirik ki, dərhal nəticə qazanaq. 2 ildə nə isə mümkün deyil. Bu, bütün sahələrdə belədir. Ümid edirəm ki, bu il daha yaxşı çıxış edəcəyik.

– Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin açıqlamasını yəqin ki, oxumusunuz. O, milli komandada bəzi futbolçuların əzmkarlıqla oynamadığını bildirib…

– Öz adımdan deyə bilərəm ki, ehtiyat etdiyim məqamlar olub, ancaq özümü zədədən qorumamışam, gücümü qorumamışam. Lüksemburq yığması ilə oyunda çox istəkli olduğum üçün qırmızı vərəqə almışam və komandanı azlıqda qoymuşam. Belə olan halda günahkar sən olursan. Heç kim sənin əzmini və istəyini görmür. Hamı sonda məğlubiyyəti görəndə deyir ki, “qırmızı”ya görə uduzduq.

– Ramin Musayev onu da deyir ki, baxın, son görüşlərdə neçə sarı vərəqə olub?

– Hardasa o məqamda özümü qorumuşam ki, yığmada 2-ci sarı vərəqə növbəti oyunu buraxmaq deməkdir. Bəziləri deyir ki, millidə legionerlər var. Ancaq mən Şahrudin Məhəmmədəliyevi özümüzdən heç vaxt ayırmamışam. Şahrudin gənc futbolçular gələndə milli komandanın önəmini onlara anlatmağa çalışır, bu yığmanın formasını daşımağın nə qədər şərəfli iş olduğunu danışır. Onun çox gözəl qəlbi var. Həqiqətən bir azərbaycanlıdır. Onu başqa millətin nümayəndəsi kimi görməmişəm. Təki bizdə Şahrudin kimi legionerlər olsun. Mənim üçün elə oyunçularla birgə çıxış etmək həmişə xoşdur.

– Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən sonra sizə Polşada münasibət necədir: Kimsə sizinlə tanış olanda müharibədən söz salırmı?

– Məndən soruşublar ki, müharibə necə və niyə oldu? Mən danışanda onlar da anlayırlar, girib tarixi və b. oxuyurlar. Ancaq hər kəsin mənə dediyi bir şey var idi ki, “Qarabağ” və “Legiya”nın komanda olaraq ortaq cəhətləri çoxdur. “Qarabağ” bu gün flaqmandır və hər zaman ümid yerimiz olub.

Avropada “Qarabağ”ın olması həm futbol, həm də siyasi baxımdan hər zaman çox önəmli olub. Polşa üçün də “Legiya” çox önəmlidir. Bu, I Dünya Müharibəsi zamanı – 1916-cı ildə marşal Yozef Pilsudskinin yaratdığı klubdur. Hər şeyin çətin olduğu dönəmdə “Legiya” ortaya çıxıb və hər zaman onların ümid yeri olub. Bu komandaya ona görə sevgi həddindən artıq böyükdür. Bu klub Polşanın aynası kimidir. Necə ki, burada “Qarabağ”.

Mən “Qarabağ” haqqında danışanda onlara maraqlı gəlirdi. Girib internetdə oxuyub-izləyirdilər. Hər zaman deyirdilər ki, sən orada necə məsuliyyətli olmusansa, burada da elə olmalısan. Çünki bu adın önəmi tam başqadır. Oyun nə dərəcədə alındı-alınmadı, bu fərqli mövzudur. Ən azı, o komandanın adına ziyan gətirməyəcək olaylar etməməyi həmişə diqqətdə saxlamışam. Çünki “Legiya” Polşanın ən böyük klubudur və insanların ümid yeridir. O ada zərər gətirmək olmaz.

– Rusiyada “Spartak”a qalib gəldiyiniz Avropa Liqasının qrup oyununu Polşada az qala siyasi qələbə kimi qəbul etmişdilər…

– Məndən də tez-tez soruşurdular ki, azərbaycanlı üçün Rusiya komandasına qalib gəlmək nə deməkdir? Onlar məni türk olaraq görürlər. Deyirəm ki, bizim aramız əslində yaxşıdır. Siyası baxımdan da Rusiya ilə yaxşıyıq. Bizim ölkədə rus dilində danışan insanlar da çoxdur. Qələbəni siyasiləşdirmək gərək deyil.

– “Qarabağ” Avropa Liqasında qrup mərhələsinə düşəndə müharibə dövrü idi. Həmin vaxt “Legiya”ya qalib gəlib qrupa vəsiqə qazandınız. Qələbədən sonra hərbi salam da vermişdiniz…

– “Legiya” azarkeşi olan dostum danışır. Dediyinə görə, Varşava klubunun fanatları “Qarabağ”a mahnı bəstələyiblər. Tam mətnini bilmirəm, ancaq sonluğu “Qarabağ – bax, bax, bax”, belə bir şey olmalıdır. Mahnıdırmı, şüardırmı, bilmirəm. Hər halda belə sözləri var.

– Orada “bax” nə deməkdir?

– Zərbə. 3 dəfə “bax”, “bax”, “bax” deyirlər. Yəqin ki, “Qarabağ” “Legiya”nı 3:0 hesabı ilə udduğuna görədir.

– Ekstraklasanın XVIII turunda Plotsk “Visla”sına 0:1 hesablı uduzmasından sonra azarkeşlərin sizə hücumu olub. Həmin hadisə necə yadınızdadır?

– Bu, sırf mənə və kiməsə qarşı olan kin deyildi. Qəzəb bizə qarşı olmadı. Sadəcə, qaranlıq idi, oldu.

– Başqalarının güdazına getdiniz?

– Hə. “Çujoy poxmel” getdim (gülür). Tam olaraq, geniş danışmaq mənim öhdəliyimdə olan məsələ deyil.

– Bu hadisə Azərbaycanda olsaydı, klub bu qədər sakit dayanmazdı. Ən azından azarkeşləri pisləyən bəyanatla çıxış edərdilər. Fan-klub rəhbərliyini görüşə çağırar, söhbət edərdilər. Polisə müraciət edərdilər ki, təhlükəsizliyi qoruyun. Klub rəhbərliyindən sanki lazımi dəstəyi görmədiniz…

– Mən nəyin necə olduğunu bilmirəm. Bu hadisə ilə bağlı klub özü çıxıb nə isə desin. Bəlkə də doğru anı gözləyirlər, bilmirəm. Ancaq ümumi demək istəyirəm: İnsanlar düşünməsin ki, bu hadisədə mənə qarşı qərəz var idi.

– Lukinyas və siz hücumçusunuz. Azarkeşlər də məhz sizi hədəf alıblar. İstər-istəməz belə sual çıxır ki, hücumda fərqlənə bilməməyinizə görə sizə yüklənirlər…

– Bununla bağlı açıqlama verə bilmərəm. Çünki bu, klubun öhdəliyində olan məsələdir.

– Hadisə 15 gündür baş verib. Klub susur, siz də reaksiya vermirsiniz…

– Klub susursa, bəlkə doğru zamanı gözləyir ki, cavab versin. Ancaq mənim verə biləcəyim reaksiya, deyə biləcəyim söz yoxdur. İşimiz futbol oynamaqdır. Bunu əminliklə söyləyə bilərəm ki, sırf mənə qarşı olan təxribat deyildi.

– Elədirsə, hansı səbəbə görə vaxtından tez çıxıb Bakıya gəldiniz?

– Vaxtından əvvəl çıxıb gəlmədim. Müsahibənin əvvəlində də demişdim ki, 39 qarşılaşmada oynamışdım. Bir oyunu buraxmağı həkim məsləhət gördü. Mənə dedi ki, evdə oturmalıyam. Sonuncu qarşılaşmada isə baş məşqçi icazə vermişdi. Çünki çox görüş keçirmişdim. Həm də psixoloji gərginliyi üzərimizdən atmalı idik.

– Hadisədən sonra söz-söhbətlər yayılmağa başlandı və bəzi klublarla adlarınız hallandı. Macarıstan təmsilçiləri və Almaniyanın “Şalke” klubunun sizi istədiyi deyilir. “Şalke” isə II Bundesliqada oynasa da, bu variantı böyük “5-liy”ə doğru addım saymaq olar. Sizin fikriniz nədir: “Legiya”da davam etmək, yoxsa klubu dəyişmək?

– Mən bu kluba yeni getmişəm. Cəmi 6 aydır oradayam. Qərar verəsi durumda deyiləm. Cəmi 6 ay keçib və transfer pəncərəsi açılmayıb. Bu məsələ ilə özüm yox, agentlərim məşğul olur. Seçimi birlikdə edirik. İndi isə belə bir durumda deyiləm. Bununla bağlı hələlik düşünmürəm. Dediyim kimi, cəmi 6 aydır ki, “Legiya”dayam. Burada etməli olduğum çox şey var.

– Mövsümün ikinci yarısında sizi “Legiya”da görəcəyik?

– Görə də bilərsiniz, görməyə də (gülür)…

– İşlər qaydasında gedirsə, niyə agentlər sizin işinizlə məşğul olmalıdır?

– Kimsə agentə təklif göndərirsə, yox deməyəcək ki…

– İcarəyə verilə bilərsiniz?

– Bəli. Satıla da bilərəm. Hər şey ola bilər.

– Azərbaycana qayıtmaq variantı necə varmı?

– Yox. Belə variant yoxdur.

– Bakıya gələndən sonra Qurban Qurbanovla görüşmüsünüz…

– Onunla görüşmək mənim borcumdur.

– O, baş verən hadisələri soruşub, öz dəstəyini verdimi?

– Qurban Qurbanov demək olar ki, hər qoldan və oyundan sonra mənimlə əlaqə saxlayır. Hətta telefonda mənə demişdi ki, qol vur, sənə həmişə zəng edim. Qurban müəllimlə görüşmək hər zaman borcumdur. Tez-tez zəngləşirik. O, belə səviyyəyə çatmağımda rolu olan birinci insandır.

– “Qarabağ” UEFA Konfrans Liqasında qrup mərhələsindən pley-offa vəsiqə qazandı. Bu tarixin bir hissəsi ola bilmədiyiniz üçün üzüntünüz varmı?

– Üzüntüm yoxdur. Mən burada olsam da, olmasam da “Qarabağ”ın uğurlarına sevinirəm.

– Məsələn, Rəşad Sadıqov “Həmişə istəmişəm ki, qrupdan çıxaq, ancaq alınmadı” deyib…

– Hər kəs bir cür reaksiya göstərə bilər. Mən də çox üzülmüşdüm ki, Rəşad Sadıqov Avropa Liqasının qrup oyunlarında bizimlə olmadı. O, futbolçu karyerasını bitirəndə çox üzülmüşdüm. Həmişə Avropada oynamağı istəmişəm. Buna görə “Qarabağ” tarixinin parçası olmadığıma görə üzülmürəm.

Həm də ən gözəl günlərim bu klubda keçib. Ən böyük uğurumuz isə UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq idi və mən bu tarixin bir parçası olmuşam. Komandanın qrupdan çıxmasına da çox sevinirəm. “Legiya” 4 ildir ki, avrokubokların qrupunda oynamırdı. Gedib orada da buna nail olmaq və tarixin bir parçası olmaq məni çox sevindirir. İkinci klubla bu təcrübəni yaşadım.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın