Dünyanın 20-dən çox ölkəsini gəzən məşhur astroloq, metafizik, taroloq, Fenq şui üzrə mütəxəssis Məryəm Teymur Publika.az-a müsahibəsində 2022-ci ildə Azərbaycanda baş verəcək dəyişikliklər və yeniliklər haqqında proqnoz verib.

Astroloqun sözlərinə görə, nəinki 2022, hətta 2023 və 2024-cü illər də Azərbaycan üçün bir çox əlamətdar hadisələrlə yadda qalacaq. Gəlin, astroloqun Pələng ili ilə bağlı proqnozlarını birlikdə gözdən keçirək…

Pələngin xüsusiyyətləri və 2022-ci ilə təsiri

2022-ci il ağ və su Pələng ili üzərində təhvil olunur. Bu il Su Pələnginin olması çox önəmlidir. Su formasız və sərhədsiz bir elementdir. Yəni formasını istədiyi kimi dəyişdirə bilər. Pələng isə xarakter olaraq öz içində bir neçə element daşıyır, istənilən idarəetməsi və gücü var. Bir o qədər də aqressiv, vəhşi və gözlənilməz tərəfləri olan bir simvoldur. Ümumiyyətlə, illərə heyvan adlarının verilməsi simvolik məna daşıyır və bu bənzərlik təbiətlə vəhdət təşkil edir.

Pələng həm xarizmatik, işgüzar, ağıllı, həm də lider bir simvoldur. 2022-ci ildə çalışmalıyıq ki, daxili gücümüzü balansda saxlayaq. Ancaq şəraitin buna imkan verib-verməməsi sual altındadır. Qeyd etməliyəm ki, gələn ildə 3 pələng enerjisinin axını müşahidə edilir. Və həddindən artıq su var. Bu ona işarə edir ki, hadisələr sərhədsiz formada baş verəcək.

Belə dövrlərdə çox güclü insanlar (Ziqmund Freyd, Nikola Tesla və b.) dünyaya gəlib. Bundan başqa, istər psixoloji, istərsə də fiziki dünyamızda indiyə qədər aktual olan çox güclü konsepsiyalar ortaya çıxıb.

Azərbaycan üçün düşərli olacaqmı?

2022-ci ildə Azərbaycan üçün metafizikanın uçan ulduzların enerjisi 4 rəqəmində yerləşir. Bu isə böyük güc, şans və tac deməkdir. Ancaq hansı yolla biz o tacı əldə edə bilərik? 2022-ci il mənəvi gücün çoxalacağını, yüksələcəyini və sərhədlərin genişlənəcəyini vəd edir.

İlin əvvəlindən astroloji Buğa və Tərəzi bürcünün eşq, dəb, zövq və ruzi-bərəkət planeti Venera retroqraddan (Retroqrad başqa zamanların hərəkətləri, ya da düşüncələri olan bir inancı təyin edən bir ifadədir) başlayır. Retroqrad dövr edərək göstərir ki, biz keçmişdə olan münasibətləri və problemləri yenidən gözdən keçirməyə məcbur olacağıq. Odur ki, il başlamadan köhnə münaqişələrə diqqət yetirməyə dəyər.

Əslində, Azərbaycan da, dünya da elə bir dövrə qədəm qoyur ki, dekabr ayında bəzi məsələləri balanslaşdırmaq lazımdır. Yalnız bundan sonra yeni layihələr üzərində düşünmək olar.

4 uğurlu və akamedik bir rəqəmdir. Gənc və yeniyetmələrimiz, o cümlədən özünü inkişaf etdirmək istəyən hər bir bəndə mənəvi gücünü dəyişdirəcək böyük uğurlar əldə edəcək. Bizim elm və təhsil sahəsində yeni qəhrəmanlarımız yaranacaq. Dünyada da elm insanlarının sayı artan istiqamətdə gedəcək və özlərinin yeni tendensiyalarını yarada biləcəklər. Azərbaycanda elm sahəsinə çoxlu yatırımlar olacaq. Biznes sahəsində də hər kəs artıq yeni innovasiyalara, biliklərə açıq olacaq və yeniliklərə imza atacaq. Kosmik və texniki enerjinin gücü daha çox ön plana çıxacaq.

2022-ci ildə dünyanı hansı təhlükələr gözləyir?

2021-ci ilə dönüb onu gözdən keçirsək, görərik ki, ümumi və dünyəvi xaus rəqəmi 7 mərkəzdə yerləşib. Bu ilsə 5 rəqəmi ailədə və ictimaiyyətdə özünəməxsus xaos yaradacaq. Ondan betəri olmayıb. Köhnə tarixə baxsaq, görərik ki, Birinci və İkinci dünya savaşları 5 nömrəli uçan ulduz mərkəzdə yerləşəndə baş verib. Karib böhranı da həmin dövrə təsadüf edir.

Müasir insan mənəvi və ruhanilik baxımdan özünü yetişdirməlidir, özünə yaşamağa icazə verməlidir. Anatomik gücümüzü çalışdırmalı və işıqlı tərəflərimizi göstərməliyik. Bu, çox önəmlidir. Ev, ofis və ya istənilən bir məkanda güclü qorunma rituallarını yerinə yetirməliyik, həm qəlbimizdə, həm də ətrafımızda enerji dairəsi yaratmalıyıq. İndidən ətrafımızda neqativ enerjiləri qapadaraq və pozitiv enerjiləri çoxaldaraq baş verə biləcək xoşagəlməz hadisələrin qarşısını ala bilərik.

Daha bir xaos rəqəmi olan 2 xəstəlik yayır və qadın enerjisinə tərəf gedir. Bütün qadınlara bu və ya digər dərəcədə təsir edəcək. Xəstələnmədən, vaxtında profilaktik tədbirlər görməyi tövsiyə edirəm. Həm psixoloji, həm də fiziki durumunuzu “check up”dan keçirmək lazımdır. Özünüzü araşdırın.

Sevgi və ailə münasibətlərində də anlaşılmazlıq və xəyanət kimi problemlər çoxalacaq. Çünki 2 qarışıqlıq və intriqa yaradan bir rəqəmdir. Qadının həyatına və sağlamlığına təsir etmək qüvvəsinə malikdir. Xüsusilə Meymun və Keçi ilində doğulanlar buna diqqət etməlidir.

3 neqativ rəqəmi şərq istiqamətində hərəkətdədir. Burada da Dovşan ilində doğulanlar təhlükədədir və birbaşa sağlamlıqlarına təsir edə bilər. Yeni viruslar meydana gələ bilər, amma ən çox ortada dolaşan boş və lazımsız söz-söhbətlər gərginliyi artıracaq. Burada güclü metafiziklərə, psixoloqlara və fəlsəfi insanlara ehtiyac olacaq. 2022-ci il əsl mentorların üzə çıxan bir dövrüdür. Dərin və qeybdən gələn enerjinin hiss olunacağı dövr olacaq.

2021-ci ildə olan 7 qara rəqəmi qərb yönündə yerləşəcək. O da liderlik qabiliyyətlərimizə çox təsir edəcək. Məsələn, ana və uşaq münasibətlərində problemlər yarana, yaxud lider qadınlar ziyan çəkə bilər. Fenq şuidə neqativ enerjiləri qapatmaq üçün yüzlərlə simvol və texnika var. Onlardan istifadə edin.

Ən azından neqativ nöqtələri passiv saxlamaq lazımdır. Məsələn, evimizdə 3 rəqəmi şərqdə, 2 rəqəmi cənub-qərbdə, 7 rəqəmi qərbdə, 5 rəqəmi düz mərkəzdə yerləşir. Bu nöqtələri çox sakit saxlamaq, buxur və ya hansısa başqa ətirlərlə təmizləmək, simvol olaraq duz və metal yerləşdirmək lazımdır. Metalın yerinə nal və ya qıfıl da işlətmək olar. Qılınc, ya da bıçaq kimi kəsici alətlər olmaz.

Qadınlar onları gözləyən təhlükələri necə dəf edə bilərlər?

Böyük kainatın bütün varlıqları önəmlidir, ancaq qadının özəl missiyası var. Kainatın yuvasını quran və aydınladan qadındır. Baş verə biləcək təhlükələrdən sovuşmaq üçün qadınlar ilk növbədə öz yuvasından və ruhundan başlaya bilərlər. Bu dünyaya gəliş səbəbimizi tapmalı, məqsəd və hədəflərimizi müəyyənləşdirməliyik.

Ömür boyu vaxtımızı bədənimizi formalaşdırmağa və ağlımızı inkişaf etdirməyə xərcləyirik. Artıq ruhumuzu tanımağın, eləcə də ilahi universal işığı dəvət etməyin tam vaxtıdır. Xəstələnmədən, ruhdan düşmədən, çarəsiz qalmadan öncə özümüzə xeyir-dua verməliyik. İçimizdə yatmış çox dərin gücümüzü oyandırmaq imkanlarımız artacaq. İstər mənəvi, istərsə də zehni baxımdan dünyaya tamam fərqli bir baxış bucağından addımlayacağıq.

Niyə xəyanətlə üzləşirik?

Çünki biz bütün güc mənbəyini başqasına yükləyirik. Artıq özümüzü sevmək və dəyərləndirmək zamanı çatıb. Bunu sadəcə indi başa düşürük, indi də gec deyil. Bütün gücümüzü başqasına ötürəndə enerjimizi də ona yükləyirik, özümüz bilmədən onun enerji donoru oluruq. Bu vampir donor zəncirini qoparmaq zamanıdır. Ağıl sərhədlərini də genişləndirməliyik. Çözülməyən problem yoxdur, riyazi yanaşsaq, əlbəttə ki, hər şeyin həllini tapa biləcəyik.

Pandemiya başa çatacaqmı?

Pandemiyanın bitməsi üçün dövr cahillikdən çıxmalıdır. Dünyəvi statistika aparsaq, bu qənaətə gələrik ki, bir çox insan anatomik quruluşundan, varlığından və psixoloji durumundan xəbərsizdir. Bu da o deməkdir ki, özümüzü tanımayana qədər dünyada hər il onlarla böhran baş verə bilər. Həyatın fərqinə varsaq, dünyaya gəliş səbəblərimizi tapsaq, həm özümüzü, həm də dünyanı pandemiya və digər xaoslardan xilas edə bilərik. Azərbaycan enerji baxımdan daha öndə gedir, torpağımızın koloriti, qəlbimizin nuru bizi daima işığa doğru aparır.

Zəngəzur dəhlizinin açılması nə vaxt reallaşacaq?

İlimiz Venera retroqradından başlayır. Geri dönüş olduğu üçün başlanğıcda köhnədən qalmış işlər həyata keçəcək. 2022, 2023, 2024-cü illər Azərbaycan üçün çox uğurludur. Öncədən qoyulan fundamentlərin həyata keçəcəyi gözlənilir. Azərbaycan güc və enerji baxımdan öndə olduğu üçün 2024-cü ilə qədər hər bir layihəni reallaşdıra biləcək. 2024-cü ildə biz 9 nömrəli mərhələyə keçid edirik, odur ki, bu il Azərbaycan üçün xüsusilə əlamətdar olacaq.

2022-ci ildə güclü dəyişikliklər baş verəcək. Neqativ ulduzlar nə qədər güclü gəlsə də, bir o qədər pozitiv ulduzların gəlişi gözlənilir. Xoşbəxtliyi və firavanlığı sevən Yupiterin Balıqlar bürcündə yerləşməsinə əsasən deyə bilərik ki, hər kəsə fürsət verəcək. Amma Venera retroqrad olduğu üçün səni bir o qədər də köhnə münasibətləri nəzərdən keçirməyə məcbur edəcək.

18 yanvardan başlayaraq Ay düyünləri Buğa və Əqrəb bürcündə birləşəcək. Əqrəb bürcü klassik astrologiyanın 8-ci maliyyə evinin sahibidir. Əqrəb həm də transformasiyadır. Hər kəsin yeniliklərə marağı artacaq və biliklər əldə etməyə başlayacaq.

Buğa bürcü isə 2-ci maliyyə evimizdədir. Bu da o deməkdir ki, ilboyu ya itirməklə, ya da əldə etməklə məşğul olacağıq. Çin astrologiyası göstərir ki, su ünsürlərinin sərhədsiz imkanları olacaq, bir yerdə duranlar isə bataqlığa düşəcək.

Klassik astrologiyaya nəzərən deyə bilərik ki, Yupiter geniş davranmağı sevir, Balıq isə pessimistliyi ilə qərar verir. Yupiter Qoç bürcünə keçəndə hərəkətimiz üçqat artacaq və burada bədən bioritmi özünü göstərməyə başlayacaq.

Həyatımızı biz, yoxsa ulduzlar idarə edir?

Müqəddəs kitablarımızda deyilir: “Mən bəndəmi özümə bənzər yaratdım və onun bütün gücünü, sirrini içində yerləşdirdim”. Elə bu cümlə ilə öz həyatımda güclü bir “start-up” eləmişdim. Bundan sonra bu cümləni həm içimdə, həm də əhatəmdə axtarmağa başladm. Neyropsixologiya üzrə aldığım təhsil mənə nidanı qoymağa kömək etdi. İnsanın quruluşunda güclü enerji mənbələri var ki, istədiyimiz hər bir arzunu həyata keçirə bilərik. Bu gün ağlımızdan keçən bir istəyi sabah reallaşdıra bilirik. Qismət və varlığımız da eyni ilə.

Dünyada nə varsa, ya enerji vasitəsilə insan üçün yaranır, ya da insanın ağlı inkişaf etdikcə onu yaxşılaşdıra bilib. Ulduzlar və planetlər də bizim onlara ötürdüyümüz emosiyalardan qidalanır. Özümüzü kainatın bir parçası hiss etsək, güclü balansda və barış içində yaşaya bilərik. İnsanın bütün gücü ağlında və neyronlarında yerləşib. Hərəkət edəndə, ilhamlananda, ruhumuzu duyanda, ağlımızın sərhədlərini genişləndirəndə neyronlarda olan bütün güc deşifrə olur.

Biz özümüz üçün hər şeyin yaxşısını istəyirik. Məsələ odur ki, onun reallaşması üçün nələr edirik, icazə veririkmi? Hər kəsin Yeni illə bağlı xoş arzuları var. İlk növbədə özümüzü niyyətləndirmək vacibdir. Bunu sadəcə bayramlarda deyil, hər gün oyananda etmək lazımdır. Bədən hələ yataqda olarkən artıq oyanırıq, ya da teta dalğaya keçirik. Gözlərimiz qapalı olanda bütün bədənin kimyəvi radiasiyası baş verir. Düşünməyə, ətraf mühiti qavramağa, ya da nəyisə xatırlamağa başlayırıq.

Normal halda neqativi xatırlayırıq, ya da yataqdan qalxmağı özümüzə ağırlıq edirik, yuxudan oyanmaq məcburiyyət kimi görünür. Burada biz elə özümüzü bloklayırıq. Bunun əvəzinə ruhumuzu pozitivə istiqamətləndirsək, daha yaxşı olar. Elə yataqda olarkən ruh və bədəni ilahi işıqla doldursaq, “Ağlımın açıq olduğuna sevinirəm, ona təşəkkür edirəm, onu bütün qəlblə, ilahi işıqla bəsləyirəm” kimi sözlərlə özümüzə xeyir-dua versək, günə daha enerjili başlaya bilərik. Və bizim neyronlarımız sadəcə bu axında çalışacaq. Bədənin kimyəvi funksiyası neqativ radiasiya yerinə hər kəsə gözəl enerji yayacaq.

Astroloq Məryəm Teymurun Çin təqviminə görə proqnozu

Siçan ilində dünyaya gələnlər üçün gələn il uğurlu və bir nömrəli ulduz altında keçəcək. Çalışın evinizin şimal yönündə bütün uğur, ruzi-bərəkət simvolları yerləşdirin, amma elə burada da neqativ dalğaların axını ola bilər. Odur ki, səhhətiniz barədə axtarışlarınızı davam etdirin. Yatmış xəstəliklərin üzə çıxması gözlənilir.

Öküz ilində dünyaya gələnləri uğurlu, şanslı, firavanlıq rəmzi olan 8 nömrəli ulduz müşayiət edəcək. Yatmış düşüncə və niyyətləri aktivləşdirməyin tam zamanıdır. Amma neqativ ulduzların təsirindən yayınmaq üçün qorunmaq, ehtiyatlı və tədbirli davranmaq lazımdır.

Dovşan ilində dünyaya gələnlər üçün 3 nömrəli xaos ulduzu gəlir. Siz özünüzü yalanlardan və səhvlərdən qorumalısınız. Qapınız şərqə tərəf açılırsa, diqqətli olun, burada güclü təhlükə ola bilər. Mütləq fenq şui simvolları ilə qorunmaq lazım gələcək. Əslində, Dovşan çox sakit və pozitiv bir simvoldur. Yetər ki, o öz rahatlığını qorusun və intriqaya düşməsin.

Pələng ili bu ildə doğulanların tacıdır. Odur ki, yenidən sıfırlanmağın və öz həyatınızı başa düşməyin tam zamanıdır. 12 ay boyunca yeni hobbilər tapa və ya peşə öyrənə bilərsiniz. Pələnglər gəzməyi, dünyanı görməyi və yeni nələrsə öyrənməyi çox sevir. Güclü elm adamlarının bir çoxu Pələng ilində dünyaya gəlib. Ağıl sərhədlərinizi genişləndirin.

Əjdaha və İlan ilində doğulanlar üçün 2022 ikiqat uğurlu olacaq. Həm İlan, həm də Əjdaha ilində doğulanlar bu il diqqət mərkəzində olacaqlar. Öz güclərini kifayət qədər artıra biləcəklər. Evlərinin cənub-şərq hissələrini eşq, ruzi-bərəkət simvolları ilə çoxaltmalıdırlar. Şansları bir, ya iki deyil, 4 qat gətirəcək. Amma bu şanslardan bəhrələnmək bacarığı özlərinə qalıb.

At ilində dünyaya gələnlər üçün uğurlu, xoşbəxt və firavanlıq rəmzi olan 9 rəqəmi gəlir. Şimal tərəfdən neqativ enerji gələcək, bir qədər nasazlıq ola bilər. Diqqətsizlik və yalandan qaça bilsəniz, firavanlıq və uğur ilboyu sizinlə olacaq. Evinizin cənub yönündə özünüz üçün firavanlıq simvolu yerləşdirə bilərsiniz.

Meymun və Keçi ilində doğulan qadınlarda və kişilərdə 2 nömrəli qara xəstəlik ulduzu yerləşib. Bu, sizin üçün bir sınaqdır. İndidən problemlərin həllinə başlasanız, evinizi, ruhunuzu təmizləsəniz, sınaqdan çıxa bilərsiniz. Münasibətlərdə olan problemlərin indi üzə çıxması daha yaxşıdır, nəinki sonradan. Özünüzü yormayın, nə bədəninizi, nə ruhunuzu, nə emosiyalarınızı, nə də intellektinizi yükləyin. Bütün bunları balansda saxlamağa çalışın.

Xoruz ilində dünyaya gələnləri 7 nömrəli xaos ulduzu qarşılayacaq. Ancaq uğur qazanmaq üçün əlinizdə fürsətlər olacaq. Pələnglərlə daima üz-üzə gəlməyi sevsəniz də, heç bir şəkildə bir-birinizə yol verməsəniz də, elə bu savaşlarla da böyüyürsünüz. Qanunları və hansısa sərhədləri aşmamağı tövsiyə edirəm.

Donuz və İt ilində dünyaya gələnlərin istiqamətinə 6 nömrəli şöhrət, sağlamlıq və firavanlıq rəmzi olan tac ulduzu gəlir. Evinizin şimal-qərbində mütləq 6 kristal daşı yerləşdirin, ya da başqa fenq şui simvollarla uğurunuzu gücləndirin. Mart və oktyabr aylarında təhlükə çoxalacaq, amma indidən özünüzü qorusanız, yatmış gücü, istedadı və fürsətləri üzə çıxara bilərsiniz. Neqativ ulduzları qapatsaq, pozitiv ulduzlar bizə öz enerjisini ötürəcək və 2022-ci ili gözəl əhval-ruhiyyədə yaşayıb başa çıxa biləcəyik.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın